Dünya 

İsrail dayanır, ABŞ geriyə çəkilir – İranla müharibə sona yaxındır?

“ABŞ-ın İrana hücumu danışılmış ssenari ola bilər”.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq qeyd edir ki, faktiki olaraq MAQATE-nin yaydığı bildirişlərdə, həm də digər mənbələrdə İranda həmin obyektlərin ABŞ tərəfindən vurulan obyektlərdən müvəqqəti radiasiya sızıntısına məruz qalması barədə heç bir məlumat yoxdur:

“Yəni MAQATE bununla bağlı xəbərdarlıq etməyib. Hər zaman bu kimi hadisələr baş verdikdə dərhal nüvə sızıntısı və təhlükə ilə bağlı açıqlamalar verilirdi. Amma bu dəfə belə bir açıqlamanın şahidi olmadıq. Digər tərəfdən İran tərəfi özünü çox rahat aparır və faktiki şəkildə bildirir ki, burada nüvə obyektləri zərbələrə məruz qalsa da, əslində ciddi zərər dəyməyib. Sadəcə giriş hissəsi zədələnib, obyektlərin özünə ciddi zədə dəyməyib.

İndi İran Amerikanın Yaxın Şərqdəki hədəflərini və hərbi bazalarını legitim hədəf elan edib. Lakin bu, çox riskli addımdır. Yəni, əgər İran ABŞ-ın Yaxın Şərqdəki bazalarını vurarsa, bu, ABŞ-ın başçılığı ilə İrana qarşı hücuma başlanmasına şərait yarada bilər. Və bu hücum İranın özü üçün çox böyük zərərlə nəticələnə bilər. İqtisadi çətinliklər yarada, ölkədə müəyyən sosial-siyasi sıxıntılar doğura bilər.

Nəzərə almaq lazımdır ki, ABŞ-ın İrana hücumundan sonra artıq İsrailin də İranı bombalaması nisbətən dayandırılıb. Baxmayaraq ki, İran İsrailə yenidən raket zərbələri endirir”.

Zeynal Əmrəliyevin fikrincə, İranın sakit dayanacağı gözlənilmir:

“Ola bilər ki, ABŞ-a qarşı müəyyən manevrlər həyata keçirə və bölgədəki bir neçə ABŞ bazasına və ya onların yaxınlığına bir neçə zərbə endirə bilər. Lakin proses böyük ehtimalla sona doğru gedir. Yəni faktiki olaraq görünür ki, ABŞ da genişmiqyaslı şəkildə İrana qarşı hücum həyata keçirmək niyyətində deyildi. Sadəcə, daxildəki qüvvələri və İsraili sakitləşdirmək üçün Tramp bu yoldan istifadə etdi”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər