Siyasət 

Fransa “Azərbaycan yolu”nda – Səfirin gecikmiş Şuşa səfərinə sözardı

Nəhayət ki, Fransanın Bakıdakı səfiri də “şeytanın qıçını” sındırdı və ötən həftəsonu, iyunun 21-də Şuşaya getdi. Digər keçmiş iki həmsədr dövlət – Rusiya, ABŞ baş diplomatlarının, daha öncə isə Almaniya səfirlərinin ardınca.

“Bu, mənim Şuşaya ilk səfərimdir. Bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, Şuşanın Azərbaycan xalqının qəlbində çox əziz yeri var. Ona görə ki, o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır” – baş diplomat Ann Buayon deyib.

Davamında isə söyləyib: “Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı yoldur”.

Şübhəsiz, Parisdən rəsmi təlimat gəlməsəydi, səfir bu addımı atmazdı.

Bəs bu faktı Azərbaycana münasibətdə xoş məramın təzahürü saymaq mümkünmü? Bu yerdə yada salaq ki, az öncə – Tiranada, Avropa Siyasi Birliyinin sammitində Fransa prezidenti Emmanuel Makronun Azərbaycan lideri İlham Əliyevlə isti görüşməsi diqqət çəkmişdi.

Rəsmi Paris üzünü Bakıya çevirir, yoxsa?

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Fransa Azərbaycanın qiymətini bilməmiş deyil:

“Fransanın Azərbaycandakı səfiri Ann Buayon Şuşaya – işğaldan azad edilən ərazilərimizə səfər etməklə Makron hökumətinin Azərbaycana münasibətini ortaya qoyur. Yəni Paris artıq Bakıya qarşı münasibətləri yumşaltmaq istəyir. Təbii ki, bu da Emmanuel Makronun dünyada baş verən proseslərə hazırlıqsız yaxalanması fonunda baş verir. Paris Bakı ilə münasibətlərinin iki səbəbi var. Birincisi, Ermənistan, ikincisi isə İrandır. Ermənistanın baş nazirinin Türkiyəyə səfəri və bundan əvvəl Zəngəzur yolunun açılması ilə bağlı İrəvandakı rəsmilərin açıqlamaları rəsmi Parisi çıxılmaz vəziyyətdə qoyur. Bakı ilə İrəvan Ankaranın drijorluğunda münasibətləri yenidən axarına salmaq istəyir. Bu, Paşinyanın dalana dirəndikdən sonra gəldiyi qərardır. Hadisələrin gedişatı fonunda Paris ofsaytda qaldı. Ona görə də Makron hakimiyyəti Fransadakı erməni lobbisinin təsirlərinin üzərindən xətt çəkərək öz maraqlarını təmin etmək üçün Azərbaycanla münasibətləri qaydasına salmaq istəyir. Amma görünən odur ki, Bakının könlünü almaq elə də asan olmayacaq.

Digər tərəfdən, ortada İran-İsrail savaşı daha kəskin dönəmə qədəm qoymaqdadır. ABŞ-ın müharibəyə qoşulması, Birləşmiş Ştatların İranın nüvə obyektlərini məhv etməsi molla rejiminin Hörmüz boğazını bağlaması ilə nəticələnə bilər. Bu, İranın sonuncu təsir və təzyiq rıçakıdır. Əgər Tehran Hörmüz boğazını bağlasa, ABŞ istisna olmaqla, Qərb neft-qaz böhranında çırpınacaq. İran bu addımı dünya ictimaiyyətinin İsraili və ABŞ-ı dayandırması üçün ata bilər. O zaman Avropa ya üçüncü dünya müharibəsinə qoşulmalı, ya da Zəngəzur dəhlizinin açılmasına yeni təkan verməlidir. Alternativ marşrut kimi yenə də Zəngəzur dəhlizi amili ön plana çıxır. Bütün bunlar Azərbaycanın Avropa üçün önəmini daha da artırmaqdadır. Birincisi, Azərbaycan nefti və qazına yeni alıcılar, müştərilər çıxacaq. Fransa da burada əsas pay sahiblərindən olmaq istəyir. İkincisi, Qərb ərəb neftinin mühasirəsindən sonra Orta Asiya neftinə və qazına fokuslanacaq. Onların daşınması üçün əsas ölkə yenə də Azərbaycandır. Ona görə də Makron Fransası Bakının qiymətini son günlər daha yaxşı anlayır və lazım gələrsə, Fransa Azərbaycanın əl-ətəyindən öpməyə də hazırdır”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu səfərin mühüm tərəflərinə toxundu: “Fransa hər zaman

Ermənistanın yanında olub, xüsusilə Vətən müharibəsinin başlanmasından sonrakı dövrdə Ermənistana ən yüksək siyasi, hərbi dəstəyi təmin edib. 2020-ci ildə Fransa parlamentinin hər iki palatasında keçmiş qondarma rejimin müstəqilliyinin tanınmasına çağırışı unutmayaraq bunu Fransa-Azərbaycan münasibətlərinə ləkə olduğu kimi, beynəlxalq hüququn prinsiplərinə də hörmətsizlik hesab edirik. O vaxtdan bəri Fransa öz səfirinin Şuşaya səfərinə qadağa qoymaqla Vətən müharibəsindəki tarixi Zəfərimizin legitimliyini sual altına alırdı. Lakin dünyada yaşanan qlobal dəyişikliklər fonunda Fransa da Cənubi Qafqaz siyasətini yenidən dizayn etməli oldu. Ann Buayonun Şuşaya səfəri məhz bu mənada həm suverenliyimizə hörmətin ifadəsi, Fransa-Azərbaycan münasibətlərində 2020-dən bəri mövcud gərginliyin azaldılması olaraq dəyərləndirilə bilər. Lakin müasir dünya siyasəti güvənsizlik dilemmasını bir nömrəli təhlükə olaraq daima nəzərə almağı tələb edir. Bunu Ağ Evin keçmiş sözçüsü Ned Prays açıq şəkildə belə etiraf etdi:

Trampın sülh və danışıqlara dair çağırışları İranın ayıq-sayıqlığını aradan qaldırmaq üçün hiylə idi. Beləcə Fransanın səfirinin Şuşa səfəri hələ onların Azərbaycana dair tam səmimi və ədalətli mövqe tutacaqlarını ifadə edirmi, sualı doğurur. Nəzərə alaq ki, aprel ayında Azərbaycana qərəzli yanaşması ilə hiddət doğuran Fransa XİN, may ayında Ermənistanla Fransa arasında strateji tərəfdaşlıq sazişinin hazırlandığını bəyan etdi. Bu, Ermənistana hərbi yardımların daha da artırılacağına dəlalət edir və heç də regional sabitlik vədi vermir. Beləliklə, Azərbaycan bu baxımdan hər zaman ayıq-sayıqlığını qorumalıdır. Bununla belə, münasibətlərin normallaşmasından Azərbaycan-Aİ münasibətlərinin ümumi inkişafı kontekstində faydalanmaq, ölkəmizin AŞPA-da nümayəndəliyinin fəaliyyətinin bərpası və s. üçün istifadə etmək olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər