Parlamentdə Naxçıvan söhbəti – muxtariyyəti zəruri və istisna edən şərtlər
Azərbaycan parlamentində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər ətrafında müzakirələr yeni siyasi və hüquqi perspektivlər doğurub. Milli Məclisin son iclasında təqdim olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsi yalnız texniki yeniliklərlə kifayətlənməyib, həm də regionun muxtariyyət statusu ilə bağlı fundamental sualları gündəmə gətirib.
Müzakirələr zamanı deputatlar xüsusilə konstitusiyanın preambulasından Moskva və Qars müqavilələrinə istinadın çıxarılmasını müsbət hal kimi qiymətləndirməklə yanaşı, Naxçıvanın muxtariyyət statusunun aktual olub-olmadığını da müzakirə ediblər. Deputat Qüdrət Həsənquliyev bildirib ki, Naxçıvanın muxtariyyət statusu ilə bağlı geniş müzakirələrə başlanmalıdır. Deputat Elman Nəsirov isə qeyd edib ki, muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil.
Parlament sədrinin müavini Ziyafət Əsgərov bu dəyişikliklərə çox böyük tarixi zərurət olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan Konstitusiyasında olduğu kimi, Naxçıvanın Konstitusiyasında da hakimiyyətin bölgüsü prinsipi var.
Z.Əsgərov bildirib ki, Qüdrət Həsənquliyev həmişə Naxçıvanın muxtariyyət statusunun ləğvini dəstəkləyib: “Mən isə ləğv olunmamasını müdafiə etmişəm”.
Qeyd edək ki, bundan sonra Naxçıvanda icra başçılarını Prezident təyin edəcək. Həmçinin dövlət başçısının icazəsi olmadan qurum yaradıla bilməz. Beləliklə, Naxçıvanda yeni dönəm başlanır.
Bu dəyişikliklər muxtar bölgə üçün nə vəd edir? Naxçıvanın muxtar statusu hansı halda ləğv oluna bilər?
Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a deyib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən hazırlanır, qəbul olunur, daha sonra Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiqlənir: “Ondan sonra Prezident hər iki təsdiqi imzalayır və bundan sonra dəyişikliklər qüvvəyə minmiş hesab olunur. Bütövlükdə təklif olunan dəyişikliklər çoxdur. Amma hesab etmirəm ki, bu dəyişikliklər mahiyyət etibarı ilə Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin ləğv olunması məsələsinə yönəlib. Söhbət ilk növbədə ondan gedir ki, Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Naxçıvan da daxil olmaqla, unitar respublika, dövlətdir. Və unitar dövlətin tərkibində muxtar dövlətin olması mümkündür. Lakin bu dövlət əlamətlərindən daha çox müəyyən ərazi üzrə idarəetmə əlamətlərinə malik olmalıdır”.
Q.Əlibəyli deyib ki, yəni hazırkı şəraitdə Naxçıvan Muxtar Respublikası muxtar dövlət statusuna malikdir və bu status Azərbaycan Konstitusiyasında təsbit olunub: “Onun tarixi əsasları Moskva və Qars müqavilələrindən irəli gəlir. Həmin müqavilələr indiyədək qüvvədədir. Lakin bu vaxta qədər, yəni 1998-ci ildə Naxçıvan Konstitusiyası qəbul olunana qədər həmin müqavilələrə istinad yox idi. Azərbaycan qanunvericiliyində Naxçıvanla bağlı belə bir istinad yer almırdı. İndi həmin istinadlar konstitusiyadan çıxarılır. Bu o demək deyil ki, bütövlükdə həmin müqavilələr qüvvədən düşmüş sayılır və orada göstərilən məsələlər ləğv olunur. Həmin sənədlərdə qeyd olunub ki, Naxçıvan Azərbaycanın himayədarlığı altında muxtar ərazi statusuna malikdir. Bu muxtariyyət respublika formasında da ola bilər, vilayət formasında da. Yəni ərazi muxtariyyəti və yaxud inzibati muxtariyyət formasında mövcud ola bilər”.
Hüquqşünasın sözlərinə görə, tam siyasi muxtariyyətin tələb olunması, yəni dövlət statusunun tələb olunması isə beynəlxalq hüquqda mümkün deyil: “İndi təklif olunur ki, həmin müqavilələrə istinad konstitusiyadan çıxarılsın. Buna normal yanaşmaq lazımdır. Çünki Naxçıvan Azərbaycanın tərkib hissəsidir, onun ərazisidir. Bu ərazini necə idarə etmək lazım gəldiyini isə Azərbaycan müəyyənləşdirir. Ona görə də Azərbaycan Konstitusiyasında yazılıb ki, Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Konstitusiyası ilə müəyyən olunur. Başqa heç bir sənədə və ya müqaviləyə istinad edilmir. O ki qaldı ikinci məsələyə, bəli, hazırda hakimiyyətin mərkəzləşməsi prosesi gedir. Bu vaxta qədər Naxçıvan Ali Məclisinin sədri Naxçıvanda ən ali vəzifəli şəxs hesab olunurdu. O, həm Naxçıvan Ali Məclisinin fəaliyyətinə rəhbərlik edirdi, həm də Naxçıvanda icra hakimiyyətinə. İndi dəyişikliklərdə təklif olunur ki, o, ali vəzifəli şəxs statusundan məhrum edilsin və yalnız Ali Məclisin fəaliyyətinə rəhbərlik etsin. Niyə? Çünki icra hakimiyyətinin bir xüsusiyyəti var – o, dağınıq olmamalı, aşağıdan yuxarıya mərkəzləşmiş qaydada idarə olunmalıdır”. Müsahibimiz qeyd edib ki, hazırkı dönəmdə həmin icra hakimiyyətinin Azərbaycan Prezidentinə mənsubluğu şübhə doğurmur: “Çünki icra başçılarını indi də Azərbaycan Prezidenti təyin edir və vəzifədən çıxarır. Sadəcə, əvvəllər qanunvericilikdə yazılmışdı ki, bu, Naxçıvan Ali Məclisinin sədrinin təqdimatı əsasında həyata keçirilir. İndi isə Prezident artıq o təqdimat olmadan birbaşa icra başçılarını həm vəzifəyə təyin edə, həm də vəzifədən azad edə bilər. Bu da Prezidentin səlahiyyətlərinə aiddir. Çünki Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə məxsusdur. Bəli, razıyam ki, artıq idarəetmədə yeni dönəm başlayır. İndi bu dönəm nə qədər uğurlu olub, ya olmayacaq – bunu gələcək göstərəcək. Amma indidən statusun dəyişdirilməsi müzakirələrinə başlanılmasını o qədər də uğurlu variant hesab etmirəm”.
Zaur Məmmədov
Politoloq Zaur Məmmədov isə bildirib ki, Naxçıvan Muxtar Respublikasının statusunda gözlənilən dəyişikliklərdə “muxtar respublika” ifadəsinin – “vilayət” ifadəsi ilə əvəzlənməsi nəzərdə tutulur: “1921-ci il Moskva və Qars müqavilələri ilə Naxçıvana muxtar respublika statusu verildi. Bu status SSRİ və sonradan müstəqil Azərbaycan konstitusiyalarında tanındı. 1995-ci il Azərbaycan Konstitusiyasında Naxçıvan “muxtar respublika” kimi ayrıca konstitusiyaya, parlamentə (Ali Məclis) və hökumətə sahib oldu. Yeni mərhələdə belə görünür ki, “Muxtar respublika” anlayışının hüquqi sənədlərdən çıxarılması ilə Naxçıvanın müstəqil idarəetmə strukturları ləğv olunur. Yeni islahat planlarına əsasən Naxçıvanın yerli icra orqanlarının rəhbərləri birbaşa Prezident tərəfindən təyin olunacaq. Bu isə o deməkdir ki, Ali Məclis və onun sədrinin səlahiyyətləri daralacaq. Bu, ərazi idarəçiliyinin vahid mərkəzdən – Bakıdan həyata keçirilməsi deməkdir”.
Xalidə Gəray,
“Yeni Müsavat”