Azərbaycanın Rusiyadan gözləntiləri: zorakılığın araşdırılması və ədalət tələbi
“Rusiya hüquq-mühafizə orqanlarının yaxın zamanda soydaşlarımıza qarşı törədilmiş zorakılıq hadisəsi ilə bağlı ədalətli, qanunvericiliyə uyğun olaraq araşdırma aparacaqlarını və bu araşdırma nəticəsində hər hansı obyektiv nəticəyə gələcəklərini gözləmirəm. Hesab edirəm ki, bu, sıradan hadisə deyil, hadisənin Rusiya hakimiyyəti ilə bağlı ciddi səbəbləri var”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib.
M.Məmmədli zorakılığı törədənlərin məsuliyyətə cəlb olunmasını da indiki vəziyyətdə real hesab etmir:
“Əgər gözləntilərimiz özünü doğrultmasa, bu, iki ölkə arasında münasibətlərə ciddi təsir göstərəcək. Nəzərə almaq lazımdır ki, ötən ilin dekabr ayında Rusiya səmasında təyyarəmiz vurulduqdan sonra Rusiyadan gözlədiyimiz nəticəni ala bilmədik. Rusiya hüquq-mühafizə orqanları, Rusiya hakimiyyəti haqlı, legitim, hüquqa əsaslanan gözləntilərimizi doğrultmadı. Bu da iki ölkə arasında münasibətlərə mənfi təsir göstərdi.
Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş zorakılığın ədalətli araşdırılması ilə bağlı gözləntilərimiz özünü doğrultmasa, münasibətlərin daha da soyuması gözləniləndir. Rusiya hakimiyyəti bunu nəzərə almalıdır. Son aylarda baş verən hadisələr fraqmental xarakter daşımır”.
Təyyarə qəzası ilə bağlı Azərbaycanın haqlı tələblərinin yerinə yetirilmədiyinə diqqət çəkən Mətin Məmmədli vurğulayıb ki, Rusiya hələ də gözləntilərə adekvat reaksiya verməyib:
“Rusiyada Kremlə yaxın media orqanları dəfələrlə Azərbaycan dövlətinə qarşı ideoloji hücumlar təşkil etdi. Bütün bu hadisələr iki ölkə arasındakı problemlərin sistematik hal aldığını göstərir. İndiki vəziyyətdən çıxış yolu ancaq Rusiyadan asılıdır, rasional qərarlar verməyin zamanıdır”.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.
Bəyanatda iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub.
“Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”, – bəyanatda vurğulanıb.
Bəyanatın yayımlandığı gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Azərbaycan XİN-ə çağırılıb, Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.
Nigar HƏSƏNLİ,
Musavat.com