Siyasət 

Sülh müqaviləsi üçün yeni tarix: niyə beş ay sonra…

Trampın sülh açıqlamasına ilginc reaksiyalar; deputat: “ABŞ və Fransa bu regionda sülhdə maraqlıdırsa…”

ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasındakı münaqişənin tezliklə “uğurla həll ediləcəyini” bildirib. “Biz daha bir məsələni həll etdik: Ermənistan və Azərbaycan. Görünür, bu, həll olunmağa yaxındır. Uğurlu bir həllə”, – Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə belə deyib.

Ermənistanın “Qraparak” nəşri isə iddia edib ki, Azərbaycanla müqavilə dekabrda imzalanacaq. Bildirilib ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq təşkilatlara verilməsinin əleyhinə deyil. Nəşr iddia edib ki, müqavilə dekabrda imzalanacağı üçün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib, xüsusən də “Daşnaksütyun” üzvlərini həbs edirlər və etiraz edə biləcək qüvvələri sıradan çıxarırlar.

Ekspertlər qeyd edir ki, əslində sülh müqaviləsinin həmin vaxt imzalanması mümkün variantdır. Martda sülh sazişinin mətninin artıq razılaşdırıldığı bildirilsə də, bu görüşdə sazişin imzalanma tarixi barədə hər hansı məlumat verilməyib. Azərbaycan və Ermənistan liderlərinin görüşündə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin paraflanması müzakirə olunub. İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir.

Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi isə mövcud geosiyasi reallıqlar sülh prosesinin tezliklə başa çatdırılmasının hər iki tərəfin xeyrinə olduğunu göstərir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk Qrupunun buraxılması sülh müqaviləsinin imzalanmasına əsas əngəldir. İndi Paşinyan açıq şəkildə bildirib ki, bütün güzəştlərə getməyə hazırdır və sülh müqaviləsi ilə yanaşı, ATƏT-in Minsk Qrupu və avropalı müşahidəçilərdən eyni vaxtda imtina etməyi təklif edir. Erməni ekspert Jirayr Liparityan qeyd edir ki, konstitusiya məsələsi hansısa aralıq razılaşma ilə həll oluna bilər. Ekspertlərin bu situasiya və perspektivlərlə bağlı maraqlı fikirləri var.

Sahib Alıyev | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Birincisi, onu deyim ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan Ermənistan qarşısında irəli sürdüyü tələblərin yerinə yetiriləcəyinə tam təminat almadan çərçivə sənədini, tələblər yerinə yetirilmədən isə hərtərəfli sülh anlaşmasını imzalamayacaq. Prezident Trampın açıqlamasına gəldikdə, bir var piar, bir də var konkret addımlar. Hər kəsə aydındır ki, Azərbaycanı sülhə təşviqə ehtiyac yoxdur, bununla bağlı ilk təşəbbüsü biz irəli sürmüşük, sülh anlaşmasının prinsiplərini də biz tərtib etmişik. Ermənistan hakimiyyəti də, deyəsən, artıq konstruktiv mövqe ortaya qoyur”. S.Alıyevin sözlərinə görə, ABŞ-ın burada sülhə töhfəsi o ola bilərdi ki, Ermənistanı qarışdırmağa, Azərbaycana təzyiq göstərməyə çalışanların yolunu kəssin: “Əgər ABŞ və Paşinyanla Parisdə görüşən Fransa bu regionda sülhdə maraqlıdırsa, Minsk Qrupunun  buraxılmasını dəstəkləməlidirlər. Bunu edəcəklərmi, baxacağıq”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov bildirdi ki, əsas məqam indi regionda uzunmüddətli sülhün hüquqi, diplomatik və geosiyasi təminatları üzərində gedir: “Trampın “məsələ həll olunmağa yaxındır” bəyanatı əslində ABŞ-ın prosesə gecikmiş də olsa, qoşulmaq və Avropa İttifaqı ilə bərabər Cənubi Qafqazda balans yaratmaq niyyətindən xəbər verir. Bu, həm də Vaşinqtonun Ermənistana dolayı şəkildə “oyunçunu dəyiş, oyun dəyişəcək” mesajıdır. Ermənistan daxilində baş verənlər – “Daşnaksütyun” və digər radikal qüvvələrin sıradan çıxarılması – Paşinyanın ciddi daxili təmizləmə apardığını və müqaviməti minimallaşdırmaq istədiyini göstərir. Bu, təkcə sülh üçün deyil, həm də onun öz siyasi gələcəyi üçün həyati əhəmiyyət daşıyır. “Qraparak”ın yazdığı kimi, əgər dekabrda sülh sazişi imzalanacaqsa, bu o deməkdir ki, artıq bir çox siyasi-texniki detallarda razılıq əldə olunub və indi Ermənistan ictimaiyyətində müqavimətin ləğvi mərhələsi başlayıb”. T.İsmayılov vurğuladı ki, ATƏT-in Minsk Qrupundan imtina və konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistan üçün milli suverenliklə geosiyasi balans arasında seçim deməkdir: “Liparityanın qeyd etdiyi kimi, konstitusiya dəyişiklikləri asan məsələ deyil, amma realpolitik baxımdan aralıq razılaşmalar vasitəsilə bu əngəl müvəqqəti aşılır. Paşinyanın bu güzəştlərə hazır olması əslində sülh üçün yox, Ermənistanın regionda təcrid olunmaması üçün etdiyi məcburi riyaziyyatdır. Azərbaycan isə prosesi ağıllı və strateji şəkildə idarə edir. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və paralel olaraq sülh müqaviləsinin paraflanması Azərbaycanın həm hüquqi, həm də faktiki üstünlüyünün göstəricisidir. İndi artıq masa üzərində konkret sənədlər, hüquqi mətnlər və qarşılıqlı öhdəliklər var. Bu mərhələ illər öncə sadəcə ideya idi, indi isə real dövlət strategiyasına çevrilib”. Ekspert qeyd etdi ki, sülh müqaviləsinin imzalanması daha çox Ermənistanın daxili siyasi manevrlərinə və beynəlxalq aktorların təsir dairəsinə bağlıdır: “Rusiya bu prosesdən kənarda qalmaq istəmir, amma artıq yeni geosiyasi reallıq onu çətin vəziyyətə salıb. Avropa İttifaqı və ABŞ isə Paşinyanın yanında görünməklə Rusiyanın bölgədəki yeganə “arbitraj güc” statusunu qırmağa çalışır. Dekabr razılaşması ətrafında gedən bu hazırlıq həm də Cənubi Qafqazın postsovet dövründəki ən həlledici diplomatik anlarından biridir. Burada artıq Qarabağ yox, sərhədlər, kommunikasiya xətləri və regionun hüquqi konturları danışılır. Sülh müqaviləsinin mətni razılaşdırılıbsa və yalnız siyasi-ictimai hazırlıq gedirsə, bu, Azərbaycanın diplomatik qələbəsidir”. Ekspert bildirdi ki, bu mərhələdə Ermənistan öz konstitusiyasını dəyişməsə belə, müvəqqəti mexanizmlərlə razılaşmaya imza ata bilər: “Azərbaycanın marağı isə razılaşmanın kağız üzərində qalmaması, real icra mexanizmləri ilə dəstəklənməsi və beynəlxalq hüquq normalarına söykənməsidir. Bu baxımdan Bakı vəziyyəti təmkinlə izləyir, amma istənilən halda təşəbbüs onun əlindədir. Nəhayət, bu prosesin uğurla başa çatması Azərbaycanın yaratdığı yeni güc balansının nəticəsidir. Əgər dekabr razılaşması baş tutarsa, bu, bölgənin gələcək onilliklər üçün arxitekturasını müəyyən edən sənəd olacaq. ABŞ-ın indiki müdaxiləsi isə son söz deyil – bu, yalnız bölgədə balansın hansı tərəfə meyllənəcəyini ölçmək cəhdidir”. T.İsmayılov əmindir ki, sülhə gedən yol görünür və artıq geridönüş yoxdur: “Amma bu yolun sonunda nəinki sənəd, həm də real dəyişikliklər və icra gözlənilir. Azərbaycanın da gözləntisi budur: hüquqi, texniki və geosiyasi zəfəri hüquqi sənədlə möhürləmək. Və bütün əlamətlər göstərir ki, bu mərhələ tarixi fürsətdir. Onu dəyərləndirə bilən tərəf isə artıq bəllidir”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Daha çox xəbərlər