Gündəm 

Ölkəmizdə bahalıq ilin sonunadək davam edəcək

Daha bir beynəlxalq şirkət Azərbaycanda inflyasiya proqnozu verdi

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün ortaillik inflyasiyanı 5.3% səviyyəsində proqnozlaşdırır. “Report” xəbər verir ki, əvvəlki proqnozla müqayisədə gözləntilər 0.1 faiz bəndi artıb.

Bank analitikləri III rübdə inflyasiyanın 4.6% (0.1 faiz bəndi artım), IV rübdə isə 4.8% (+ 0.1 faiz bəndi) olacağını gözləyirlər.

ING 2026-cı ilin I rübündə ortaillik inflyasiyanın 4.6%, II rübdə 4.9%, III rübdə 5.2%, IV rübdə isə 5.7% olacağını gözləyir. Ümumilikdə, “ING” 2026-cı ildə Azərbaycanda ortaillik inflyasiyanın 5.1% səviyyəsində olacağını (əvvəlki proqnozla müqayisədə dəyişiklik yoxdur) proqnozlaşdırır.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə ortaillik inflyasiya 5.1%, gələn il isə 4.3% təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5.5%, 2026-cı ildə isə 3.8% təşkil edəcək.

BMT-nin gözləntilərinə görə, bu il inflyasiya 3.6%, 2026-cı ildə isə 3.1% səviyyəsində olacaq.

Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda ortaillik inflyasiyanın 2.3% səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda ortaillik inflyasiya 5.7%, illik inflyasiya 5.2%, 2026-cı ildə ortaillik inflyasiya 4.5%, 2027-2029-cu illərdə isə 4% təşkil edəcək.

“S&P Global” və “Moody’s” beynəlxalq reytinq agentlikləri 2025-ci ildə Azərbaycanda ortaillik inflyasiyanı 4%, 2026-cı ildə isə 3% səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5.3%, 2026-cı ildə isə 4.6% səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda ortaillik inflyasiya 2.2%, 2025-ci ilin yanvar-iyun aylarında isə 5.9% təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayında 2025-2026-cı illər üzrə inflyasiya proqnozunu açıqlayıb.

AMB-nin rəsmi məlumatında qeyd edilib ki, qlobal ticarətdə baş verən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmaları gücləndirir. Bu şəraitdə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi, dollar indeksinin azalması və nominal effektiv məzənnənin aşağı templə möhkəmlənməsi xarici risk faktorlarındandır. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri ilə yanaşı, məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin məcmu tələbə və qiymətlərə mümkün təsirləri daim diqqətdə saxlanılır.

“Fitch Ratings” reytinq agentliyinin iyun ayı üçün Azərbaycanın inflyasiya və iqtisadi artım proqnozlarında bildirilib ki, 2025-ci ilin may ayında illik inflyasiya 5,9%-ə yüksəlib, bu da qismən baza effektləri və 2025-ci ilin I rübündə minimum əməkhaqqının artırılması ilə bağlıdır. “Fitch” 2025-ci il üzrə illik orta inflyasiyanın 5,3%, 2026-cı ildə isə 4,6% olacağını proqnozlaşdırır.

“Bu göstəricilər Mərkəzi Bankın hədəf diapazonuna (4% ± 2 faiz bəndi) uyğundur. Agentlik 2026-cı ilə qədər faiz dərəcələrinin azaldılacağını gözləmir”- agentlik qeyd edib.

“Fitch” 2025-ci ildə tam illik iqtisadi artımın 3,5% (2024-cü ildə: 4,1%), 2026-cı ildə isə 2,5% olacağını gözləyir. Bu artımda dövlət investisiyaları və neftdənkənar sektorlar əsas rol oynayacağı qeyd edilib.

“İqtisadi diversifikasiya istiqamətində irəliləyişlər məhduddur. Belə ki, karbohidrogenlər ÜDM-in 32%-ni və ixracın 90%-ə qədərini təşkil edir. Diversifikasiyanı əngəlləyən amillərə iqtisadiyyatda dövlətin böyük payı, məhdud maliyyə vasitəçiliyi, idarəetmə problemləri və qeyri-enerji sektoruna xarici investisiyanın zəifliyi daxildir”- agentliyin şərhində bildirilib.

Xalid Kərimli: “ƏDV-nin geri qaytarılması tikinti sektorunun  şəffaflaşdırılmasını genişləndirir”

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli hesab edir ki, 2025-ci ilin sonuna kimi inflyasiya göstəricisi 6,5 faiz ola bilər. “Yeni Müsavat”a şərhində iqtisadçı qeyd etdi ki, o, ilin əvvəlində də bu qənaətdə idi: “Həm cari il başlayanda, həm də iyun ayında bu fikirdə idim.  Statistik göstəricilərə baxanda görürük ki, bu rəqəm təxminən 6 faizdir. İlin sonuna kimi bu rəqəmin 6,5 faiz olacağını gözləyirəm. İdxal inflyasiyası yüksək olaraq qalır. Bu məsələdə manatın dollarla birgə digər valyutalara nisbətdə ucuzlaşması da rol oynayır. Avro manata nisbətən 13 faizə qədər bahalaşıb. Bütün bunlar inflyasiyaya təsir edən faktorlardır. Manatın real effektiv məzənnəsi 7 faizə qədər düşüb. Cari ilin əvvəlində Tarif Şurasının qərarları da qiymətartırıcı faktorlardır, məsələn, ödənişli xidmətlərin dəyəri artır. Bu qərarların iqtisadiyyata təsirləri tədrici olaraq hələ də davam edir”.

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

 Eyyub Kərimli

İqtisadçı Eyyub Kərimli də mövzunu qəzetimiz üçün şərh etdi. İqtisadçı bildirdi ki, ərzaq inflyasiyası nisbətən sabitləşib: “Qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. 2025-ci ilin proqnozları barədə onu deyə bilərik ki, aşağı inflyasiya yönümlü amillərin təsiri var. Daxili tələb hələ ki, sabitdir. Müəyyən sahələrdə dövlət subsidiya mexanizmi vasitəsilə tənzimləmə siyasəti həyata keçirir. Digər tərəfdən, inflyasiyaya təzyiq edən amillər də mövcuddur: xarici borc, ictimai xərclərdə artım və s. Hesab edirəm ki, 2025-ci ilin sonuna kimi orta inflyasiya göstəricisi 3,4-4 faiz arası, 2026-cı ildə 3,5 faizə qədər ola bilər. “ING Group”un qiymətləndirməsini yüksək hesab edirəm. Dünya Bankı isə daha optimallaşdırılmış proqnoz verib. Düşünürəm ki, inflyasiyanın 4-6 faiz arası olması ehtimalı daha realdır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Daha çox xəbərlər