“Dondurma ağızda hamar əriməli, buzlu və dənəli olmamalıdır” – Qida Eksperti
“Dondurma yay aylarında çox sevilən və geniş istifadə olunan məhsullardandır. Amma təhlükəsiz və keyfiyyətli dondurma almaq üçün diqqət yetirilməli bir neçə vacib məqam var”.
Bu sözləri qida eksperti Fərid Səfərov BiG.AZ-a bildirib.
O qeyd edib ki, dondurma ağızda hamar əriməli, buzlu və dənəli olmamalıdır:
“Dondurma alarkən diqqət yetirilməli əsas məqamlar:
1. Soyuq zəncirin qorunması. Dondurma daim -18°C-də saxlanmalıdır. Əgər dondurma bərk deyil, yumşalıbsa və sonra yenidən donubsa, bu onun əridiyini göstərir. Bu, mikrobioloji risk yarada bilər.
2. Etiket və istehsalçı məlumatı. Etiket mütləq oxunmalıdır. İstehsalçı adı, istehsal və son istifadə tarixi, tərkibi qeyd olunmalıdır. “Qarışıq” tərkibli, çox əlavəli (rəngləyici, dadlandırıcı, bitki yağları) məhsullardan uzaq durmaq məsləhətdir.
3. Tərkibində nələr var? Təbii süd, qaymaq, yumurta sarısı, şəkər kimi inqrediyentlərə üstünlük verin. “Dondurma” ilə “dondurulmuş desert” eyni deyil! – Etiketi diqqətlə oxuyun.
4. Dondurmanın forması və görünüşü. Dondurma əyri, formalı deyil və ya qabdan daşmış haldadırsa bu onun əridiyini göstərir. Rəngi çox parlaq və qeyri-təbii görünürsə, çoxlu süni rəngləyici ola bilər.
5. Dad və tekstura. Dondurma ağızda hamar əriməli, buzlu və dənəli olmamalıdır. Dadı sintetik və çox şirin gəlirsə, bu tərkibindəki əlavələrin çox olduğunu göstərə bilər.
6. Satış şəraiti. Dondurma buzluqda deyil, açıq havada satılırsa almaq təhlükəlidir. Küçə satıcılarından alınan açıq dondurmalar mikrob riski daşıyır.
Diqqətli olmaq, ağıllı seçim etmək həyat qurtarar.
Sağlam qidalanaraq sağlam yaşayın!”