Gündəm 

Vardanyanın azadlığı üçün Trampa “xod” axtarışı

İddiaya görə, ABŞ prezidentinin yeznəsi ilə danışıqlar aparıblar, amma…

Azərbaycanda həbsdə olan Ruben Vardanyanı azad etməyə yardım üçün ABŞ Prezidenti Donald Trampa müraciət edilə bilər.

Ermənistanın “Hraparak” qəzeti belə bir məlumatla çıxış edib.

Qəzet yazır ki, Vardanyanın yaxınları hətta artıq Trampın qızının əri ilə əlaqə yaradıblar və bu məsələyə dair müsbət cavab alıblar. Lakin bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı Trampa rəsmi müraciət etməsi lazımdır. Paşinyan isə bunu etmək istəmir: “Ruben Vardanyanın ailəsi və dostları onun azadlığa çıxması üçün əlindən gələni edir. Onun vəkili Jared Genser bu yaxınlarda verdiyi müsahibədə ABŞ prezidentinin də bunda rol oynaya biləcəyini bildirib. Mənbələrimiz bildirir ki, nüfuzlu erməni fiqurlar Trampın qızının əri ilə əlaqə saxlayıb, onunla danışıqlar aparıblar. Bu məsələni həll edə bilən azsaylı şəxslərdən biri olan ABŞ prezidenti Ermənistanın bu cür təklifi olarsa, ona müdaxilə etməyə razılaşıb. Təklif Paşinyana Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts vasitəsilə ötürülüb. Ona ABŞ prezidenti üçün rəsmi əsas olacaq bir kağız parçasının lazım olduğu deyilsə də, Paşinyan bundan imtina edib və belə bir məktubun Ermənistan-Azərbaycan sülh sazişinin bağlanmasına mane olacağını bildirib”.

Bununla yanaşı, nəşr qeyd edir ki, Azərbaycanla Ermənistan arasında rəsmi sülh bağlansa, Vardanyanı və digər separatçı rejim başçılarını azad etmək qeyri-mümkün olacaq. Çünki həmin razılaşmada bütün qarşılıqlı beynəlxalq iddialar geri götürüləcək.

Qeyd edək ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistanın vətəndaşı olan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.

Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.

İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə, dil və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın başa çatması barədə məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.

Cinayət işi üzrə ittiham aktı Azərbaycanın baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Prosesə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev rəhbərlik edir. Hakimlər heyətinə Anar Rzayev və Camal Ramazanov da daxildir.

ELŞƏN  MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Daha çox xəbərlər