Orta Dəhliz geniş coğrafiyanı birləşdirən nəhəng layihədir
İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə ilə regionda yeni reallıqlar yaradan, beynəlxalq aləmdə söz sahibinə çevrilən, bölgənin aparıcı siyasi və iqtisadi gücünə çevrilən Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bir körpü rolunu oynayır. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm yer tutan, Xəzər hövzəsi dövlətlərinin Qərbə çıxış yolu olan Azərbaycan Çinin nəhəng “Bir kəmər, bir yol” layihəsində iştirak etməklə birləşdirici funksiyanı yerinə yetirir.
Bu gün Şərq-Qərb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhliziləri layihələrinin fəal iştirakçısı olaraq Şimal-Qərb, Cənub-Qərb marşrutları üzərində fəal iş aparan Azərbaycanda son illər beynəlxalq yükdaşımalarının inkiaşaf etdirilməsi istiqamətində mühüm layihələr, Dövlət proqramları həyata keçirilib, modern infrasturktur, müasir standartlara cavab verən idarəetmə sistemi yaradılıb. Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımından 2023- cü il noyabrın 23-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” bunun əyani təsdiqidir. Sənəddə qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirildikdən sonra Orta Dəhlizin potensial imkanları uğurla reallaşacaq, ölkəmizin beynəlxalq daşınmalardan daha çox gəlir əldə erməsinə geniş imkanlar yaranacaq.
Bu gün dünyanın ikinci böyük iqtisadiyyatına sahib olan Çinin Orta Asiya ölkələri vasitəsilə Azərbaycan üzərindən Avropaya yük daşıması respublikamız üçün mühüm əhəmiyyətə malikdir. Dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini gündən-günə artıran Azərbaycan hazırda Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) daha da güclənməsinə böyük töhfələr verir. Yeri gəlmişkən, Orta Dəhliz və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçılarının suallarını cavablandırarkən bildirib ki, hazırda Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır: “Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi bildirir ki, Orta Dəhlizin inkişaf etdirilməsi sahəsində xüsusilə Azərbaycan və Qazaxıstanın birgə səyləri nəticəsində Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması müddəti 53 gündən hazırda 18 günə qədər azaldılıb. Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən konteyner qatarı vasitəsilə daşımaların həyata keçirilməsi Orta Dəhlizin bütün iştirakçı dövlətləri, eyni zamanda, Avropa bazarları üçün böyük əhəmiyyət kəsb edir. Mərkəz hesab edir ki, Siandakı Qazaxıstan terminalından başlayaraq Aktau və Abşeron stansiyasiyalarından keçən və uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edən qatar nəqliyyatı Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaqla, multimodal daşıma sahəsində ölkələr arasında ticarət, gömrük və sair sahələrdə regional inteqrasiya təşəbbüslərini sürətləndirəcək.
Nüfuzlu beynəlxalq təşkilatların məlumatlarından aydın olur ki, Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan Orta Dəhlizə hazırda dünyada daha çox ehtiyac duyulur. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü daha da artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Zəngəzur dəhlizinin reallaşması isə potensialını gündən-günə artıran Orta Dəhlizin gələcək inkişafı və genişlənməsində mühüm amil olacaq. Nüfuzlu beynəlxalq təşkilatların da bildirdiyi kimi, Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək. Vaşinqtondakı Xəzər Siyasəti İnstitutu 2030-cu ilə qədər Orta Dəhliz üzrə ticarətin həcmini 11 milyon ton artırmaq potensialına malik olduğunu bildirib.
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bildirib ki, bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik: “Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var”.
Zahid Rza, “İki sahil”