Region Xəbərləri 

Diplomatik uğurlarımıza töhfə

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin reallıqları dövlət başçısı İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanır. İyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev  çıxışında və tədbir iştirakçılarının  suallarını cavablandırarkən tarixi Zəfərimizin reallıqlarından, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən, yeni dövrün çağırışlarından  bəhs etdi. Cənab İlham Əliyev tədbir iştirakçılarına bu müraciəti etdi: “Qısa müddət ərzində bu qədər böyük işin görülməsi bu gün bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, – yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, – burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük”.

30 illik işğal dövründə ermənilərin bu ərazilərdə törətdikləri dağıntıları, Azərbaycanın bu ərazilərdə gördüyü bərpa-quruculuq işlərini bura gələn xarici qonaqlar yaxından görür. Baxmayaraq ki, ermənilər və onlara havadarlıq edən qüvvələr 30 il bu vəhşilikləri ört-basdır etməyə səy göstərdilər. 20 faiz torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan olduğu halda ölkəmizi işğalçı dövlət kimi təqdim etdilər. Ermənilər özlərini “yazıq, məzlum, döyülən və əzilən” xalq kimi beynəlxalq ictimaiyyətə təqdim edirdilər. Tarixi Zəfərimiz ermənilərin illərdir yaratdıqları bu mifləri dağıtdı.

Qürurvericidir ki, bu gün həmin dağıntıları bərpa-quruculuq işləri əvəzləyir. Beş ildir ki, bu torpaqlarda görülən işlərin miqyası o qədər genişdir ki, onları sadalamaqla bitməz. İnfrastruktur yenilənir. Yeni avtomobil, dəmir yolu çəkilir, Beynəlxalq Hava limanları tikilir. Bütün bunlar Azərbaycan dövlətinin nəyə qadir olduğunu nümayiş etdirir. Eyni zamanda, dünyaya sübut edirik ki, bu torpaqların sahibi bizik.

Cənab İlham Əliyev Forumda Azərbaycanın iqtisadi, siyasi, xarici siyasət uğurlarından bəhs etdi. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın hazırda qaz, elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin artan rolundan, ən əsası  ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirindən geniş bəhs etdi. Bildirdi ki, COP29 həmrəylik tədbiri oldu. COP29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, biz konstruktiv mühit yaratdıq və şəxsi töhfə verdik. Bununla da karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzərində razılıq əldə olundu. Bu məsələ ən azı son 10 il ərzində müzakirədə qalmışdır. Beləliklə, o, COP29-un ən mühüm və tutarlı nəticəsinə çevrildi: “Düşünürük ki, digər mühüm nəticə iqlim dəyişmələri məsələlərinin həlli ilə bağlı vəsaitlərin əvvəlcədən COP29-da nəzərdə tutulmuş 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər artırılması oldu. Bilirik ki, bəzi ölkələr bundan razı qalmadı. Lakin ədalət naminə söyləməliyik ki, biz vəsaitlərin üç dəfə artırılmasına nail olduq. Əlbəttə ki, bizdən sonra öhdəliyi öz üzərinə götürən tərəflər həmin vəsaitlərin artırılması üçün öz işlərini görməli olacaqlar. Çünki həmin və bir çox digər məsələlər irsimiz kimi qalacaq”.

Azərbaycan COP29-da  ondan artıq təşəbbüs irəli sürdü. Ölkələrin tam əksəriyyəti həmin təşəbbüslərə qoşuldu. Təşəbbüslərimizin heç birinə qoşulmayan cəmi iki ölkə oldu. Lakin bu, təşəbbüslərin münasibliyinə deyil, sırf siyasi səbəblərə bağlı idi. “İndi isə sual belədir – gələcəkdə nə baş verəcək? Xüsusən də iqlim dəyişmələri ilə bağlı ABŞ Administrasiyasının mövqeyini nəzərə alaraq, nə olacaq? Əlbəttə ki, ABŞ-ın qlobal lider, iqlim dəyişmələrinə ən böyük töhfə verən tərəf və ən böyük investor kimi məsələləri nəzərdə tutulur. Onun rolu, əlbəttə ki, diqqətdən kənarda qala bilməz” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, çox məsələ onlardan asılı olacaq. Buna görə, hamımız böyük ümidlə və müəyyən narahatlıqla bu ilin sonunda keçiriləcək COP30-u gözləyirik.

Göründüyü kimi, III Şuşa Qlobal Media Forumu həqiqətlərimizin təbliği üçün mühüm platforma oldu. Belə tədbirlərin müntəzəm keçirilməsi diplomatik uğurlarımızın davamlılığına öz töhfəsini verəcək.

Daha çox xəbərlər