Yay quş bazarını “yandırdı” – “65 cücəm murdar oldu” –Satıcılar çarəsiz vəziyyətdə qalıb – Fotolar
Sabunçu bazarına yaxınlaşanda isti hava sanki insanın üstünə ağır yorğan kimi çökmüşdü. Qəfəs aralarından keçən tozlu hava nəfəs almağı çətinləşdirirdi. Quşların boğuq səsi, uzaqdan eşidilən xoruz banı, qəfəs çubuqlarına dəyən dimdik səsləri qulaqda qarışıq bir ritm yaradırdı. Hərdən yüngül külək qalxır, amma istiliyi dağıtmaq əvəzinə, sanki qaynar hava dalğasını insanın üzünə vururdu.
Qəfəs arxasında dayanmış, əlləri günəşdən qaralmış Xanhüseyin kişi alnından süzülən tər damcılarını qolu ilə silə-silə bizə baxıb gülümsədi. Qısa salamlaşmadan sonra dərdini açdı:
– Yay gələn kimi bizim qara günlər başlayır. Bax, bu hinduşkalar… Qışda 13 manata satırdıq, indi 11 manata belə almırlar. Xoruzlar qışda 22 manat idi, indi 12-13 manata versək də, üzünə baxan yoxdur. Yay quş satanların evini yıxıb.
Vay o gündən ki, gecələr də isti keçsin, – deyə Xanhüseyin başını buladı. – Səhər tezdən bazara gəlirsən, görürsən ki, neçə quş tələf olub. Ona görə də ucuz satırıq ki, əlimizdə qalmasın. Toyuqları indi 7 manata verirəm. Qışda isə 11-12 manat idi. Ördək balasını 3 manat 50 qəpiyə, böyüyünü 5 manata satıram. Qaz balası isə 7-8 manatadır.
Quşların içində səs edən balaca ördəklər sanki danışığımıza qulaq asırdı. Qəfəsin yanında su qabı vardı – içindəki su günəşin altında qızıb ilıq olmuşdu. Quşlar tez-tez dimdiklərini suya salır, amma sərinlik tapa bilmirdilər.
Xanhüseyin bir az susub nəfəsini dərib, sonra ağır-ağır dedi:
– Bu yaxınlarda 65 cücəm murdar oldu. Elə bil canımdan can getdi. Qaz-ördək saxlamaq çətin deyil, amma hinduşka yayda tez xəstələnir. Mən bu işlə 5 uşağımı böyütmüşəm. Biz xoruzdan da tez yuxudan dururuq. Bu dünyaya bir də gəlsəm, yenə quş satardım. Amma yay çox çətindir, vallah.
Bazarın o biri küncündən başqa bir satıcının səsi gəldi:
– Ay Xanhüseyn, bu ördəkləri gətirdin? – deyə soruşdu.
– Gətirdim, gətirdim… Amma sən deyən qiymətə satmaq mümkün deyil axı, – deyə cavab verdi.
Quş bazarında alıcı az idi. Olanlar da daha çox baxmaq üçün gəlib-gedirdi. Qadınlardan biri qəfəsə baxıb soruşdu:
– Çolpalar neçədir?
– 7 manat, xanım, – deyə Xanhüseyin dərhal cavabladı.
Qadın :
– Yaxşı, payızda alarıq…
Payız… Xanhüseyin də, digər satıcılar da ümidlərini ora bağlayıb. Deyirlər, payız gələndə quş bazarı yenidən canlanacaq. İnsanlar kənd çolpasının dadını bilirlər. Onlar üçün bişməsi 2-3 saat çəksə də, o dad, o rayihə bütün zəhmətə dəyir.
Xanhüseyin də ümidlidir:
– Mən özüm də çolpa xəstəsiyəm. Amma yay bizi yandırır. Allah heç kimə göstərməsin.
Quş bazarından ayrılarkən qəfəsdən qalxan tüklər havada yenə pərvanə kimi dolandı. Arxadan gələn toyuq-cücə səsi isti havanı yarıb uzaqlara yayıldı. Bazarda həyat hələ davam edirdi – amma yay burada heç kimin dostu deyildi.
Şahanə Rəhimli
Fotolar: Sultan Məmmədli
Musavat.com