Şuşalı alimin kitabı Ankarada təqdim olunduFOTO
Avqustun 1-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Ankarada nəşr edilmiş “Şuşa – Qarabağın tacı, Qafqazın sənət məbədi, Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Ankarada TÜRKSOY-un Baş karibliyində baş tutan tədbirdə dövlət qurumlarının, rəhbər-siyasi çevrələrinin, parlamentarilərin, mədəniyyət, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, İkinci Qarabağ müharibəsi ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Həmçinin, Şuşanın işğaldan azad edilməsi Zəfər Günü kimi Azərbaycan tarixinə yazıldı. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda da xüsusi deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Məlum olduğu kimi, 2022-ci il martın 31-də TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi haqqında qərar qəbul edildi.
İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması, olduqca zəruridir.
Bu baxımdan, yenicə nəşr edilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor, siyasi elmlər doktoru, Şuşa şəhərində anadan olmuş Elçin Əhmədovun müəllifi olduğu kitabda Azərbaycanın maarifçilik beşiyi və mədəniyyət mərkəzi olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyyətindən bəhs edilir.
Kitabda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Həmçinin, nəşrdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə edilir. Əsərin əvvəlində, Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının və şəhərin qədim qapıları, meydan, küçə və məhəllələrinin salınması elmi mənbəələr əsasında açıqlanır. Xüsusilə, Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi tədqiq edillir.
Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan Azərbaycanın görkəmli elm, maarif, mədəniyyət, incəsənət və ictimai xadimləri haqqında geniş məlumat verilir. Onu da xüsusi qeyd etmək lazımdır ki, bunların içərisində bir sıra görkəmli xadimlər vardır ki, onlar, təkcə Azərbaycanın deyil, eləcə də Türkiyənin ictimai-siyasi və mədəni həyatında da mühüm xidmətlər göstərmişlər.
Mənbəələrə əsasən kitabda göstərilir ki, XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim olmuşdur.
Eyni zamanda, kitabda Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin fotoları da verilmişdir. Bununla yanaşı, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması da fotolarla diqqətə çatdırılır.
Ümümilikdə, kitabda ilk dəfə olaraq qədim Şuşa qalasının işğaldan əvvəl, işğal vaxtı və işğaldan azad edilməsindən sonrakı dövrünü əks etdirən çoxsaylı fotoları izahlı şəkildə öz əksini tapmışdır ki, bu da Türkiyə ictimaiyyətində Şuşa haqqında daha dolğun və müfəssəl məlulumatların çatdırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Bununla yanaşı, kitabda dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağa milli ruhun yüksəldilməsi istiqamətində çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi abidə kimi qayğısı tarixi faktlar əsasında geniş təqdiq edilir.
Bundan əlavə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil edilir. Xüsusilə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsindən sonra şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan mühüm işlər sistemliı şəkildə və geniş tədqiq edilir və fotolarla diqqətə çatdırılır. Xüsusi vurğulanır ki, Şuşadakı bərpa və yenidənqurma işləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən çox uğurla icra edlir.
Artıq işğaldan azad edilmiş Şuşa şəhərində keçirilən mühüm tədbirlər – hər il keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Dünya Azərbaycanlılarının V Qurultayı, Şuşa Qlobal Media Forumları və digər müxtəlif tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilmişdir. Bu baxımdan, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağda, o cümlədən Şuşada keçirilən beynəlxalq tədbirlər müstəsna əhəmiyyət daşıyır.
Kitabda diqqətə çatdırılır ki, İkinci Qarabağ müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı. 2024-cü il iyulun 6-da Qarabağn tacı Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) tarixində yeni bir ənənənin əsası qoyulmaqla yanaşı, Zirvə görüşü çərçivəsində həmin gün “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nin imzalanması qədim tarixiə malik Azərbaycan şəhərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
TÜRKSOY-un Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bununla əlaqədar Azərbaycanda və təşkilata üzv ölkələrdə uğurla həyata keçirilən silsilə tədbirlər Şuşanın Türk dünyasında geniş tanıdılmasında mühüm rol oynamışdır. Kitabda qeyd edilir ki, 2021-2024-cü illərdə keçirilən mühüm tədbirlər bir daha onu təsdiq edir ki, Şuşa Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həmçinin ictimai fikir və milli-ideoloji düşüncə mərkəzinə çevrilməkdədir.
Elçin Əhmədov
TÜRKSOY-un dəstəyi ilə Türkiyə türkcəsində nəşr olunan kitab qədim və bənzərsiz Şuşanın, ümumilikdə Qarabağın, tarixinin, mədəni və ictimai həyatının, o cümlədən onun qoynundan çıxmış və ümumtürk mədəniyyətinin inkişafına böyük töhfələr vermiş maarif, mədəniyyət, incəsənət və ictimai xadimlərinin TÜRKSOY-a üzv ölkələrimizdə daha yaxından tanınmasına böyük imkan yaradacaqdır. Təqdim edilən Şuşa haqqında elmi əsər Türkiyə ictimaiyyətinə və akedemik dairələrinə çatdırılması baxımından da əhəmiyyətlidir.
Türkiyədə nəfis şəkildə nəşr edilən kitab, əziz və doğma Şuşa şəhəri işğaldan azad edildikdən sonra müəllif Elçin Əhmədovun müxtəlif məzmun və formatda 14-cü kitabıdır ki, məhz bunlardan 10-u xarici ölkələrdə nəşr edilmişdir.