Körfəz ölkələrinin Azərbaycandan “ayağı kəsilib” – səbəblər
İqtisadçı deyir ki, quru sərhədlərin bağlı qalması turizm sektorunda mənfi təsirlərini göstərir
İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, bu ilin ilk 7 ayında körfəz ölkələrindən Azərbaycana gələnlərin sayı 8,3 faiz azalıb. Onun sözlərinə görə, həmin müddətdə ərəb dövlətlərindən ölkəmizə 237 min 400 nəfər gəlib. Deputat qeyd edib ki, körfəzdən Azərbaycana ən çox turist göndərən ölkə Səudiyyə Ərəbistanıdır: bu ölkədən həmin müddətdə 62 min 71 nəfər gəlib. O əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərindən 26 min 602, Küveytdən isə 14 min 779 turist gəlib.
Vüqar Bayramov bildirib ki, həmin müddətdə Azərbaycana gələn ümumi turistlərin sayı 1,7 faiz azalaraq 1 milyon 477 min nəfər təşkil edib. Onun sözlərinə görə, Körfəz və MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi statistikaya təsirsiz ötüşməyib. O əlavə edib ki, Hindistandan gələn turistlərin sayı da ümumi turizm payında azalmaqdadır.
Deputat deyib ki, ərəb dövlətlərindən gələn ziyarətçilərin sayının azalması fonunda turizm strukturunda baş verən dəyişikliklər bir daha təsdiqləyir ki, yeni gəlmə destinasiyalarla daha sıx əməkdaşlıq qurulmasına ehtiyac var. Onun sözlərinə görə, strateji tərəfdaşımız olan dövlətlərlə, xüsusən də Çinlə turizm sahəsində güclü əməkdaşlıq aktuallaşır.
Bayramov diqqətə çatdırıb ki, Çinin böyük çıxış (getmə) turizm potensialı olsa da, hazırda həmin ölkədən gələn turistlər ümumi əcnəbilərin cəmi 2,3 faizini təşkil edir. O qeyd edib ki, halbuki potensial və imkanlar daha böyükdür.
İqtisadçı vurğulayıb ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Onun sözlərinə görə, pandemiyadan öncə ölkənin illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bayramov əlavə edib ki, bu sektor eyni zamanda məşğulluğa da xüsusi töhfə verir.
“Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər,” – deyə deputat bildirib. O vurğulayıb ki, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalır. Bayramovun fikrincə, gəlmə turistlərin sayının azalması yeni çağırışları daha da aktuallaşdırır. Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayı niyə azalıb? Onları təşviq etmək üçün hansı piar işi görülməlidir?
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bu azalmanın bir neçə obyektiv və subyektiv səbəbləri var. Birincisi, əvvəlki dönəmlərdə ərəb ölkələrindən gələn turistlərin sayında partlayış effektinin olmasıdır. Yəni müəyyən müddət yığılmış tələb vardı və bu, viza sadələşdirilməsi, reklam kampaniyasının ərəb ölkələrinə açılması, ikitərəfli münasibətlərin inkişaf etməsi, nəticədə ərəb ölkələrindən gələn turist axınında özünü göstərirdi. O böyük göstəricilər əldə edildikdən sonrakı dönəmdə artıq azalma baş verir. Bu, təbii haldır. Məsələn, mən düşünürəm ki, bir müddət sonra Çindən Azərbaycana gələn turistlərin sayında böyük artımlar olacaq. Amma sonra bu azalma baş verəcək. Çünki yığılmış tələb ödənildikdən sonra proses stabilləşir və azalma dinamikasına doğru gedir”.
Eldəniz Əmirov digər amilin quru sərhədlərin bağlı qalması ilə əlaqəli olduğunu hesab edir: “Təbii ki, ölkəmizin strateji məqsədləri üçün sərhədlərin bağlı qalması doğru addımdır. Amma bu, eyni zamanda turizm sektorunda mənfi təsirlərini göstərir. Çünki istər-istəməz gələn turistlər həm də buraya gəldikdən sonra digər nəqliyyat vasitələri ilə qonşu ölkələrə keçmək istəyir, daha geniş bir coğrafiyanı kəşf etmək istəyirlər. Əlavə faktor olaraq hava nəqliyyatında olan qiymət amili və turizm xidmətlərində keyfiyyət məsələsini qeyd edə bilərik. Hər iki faktor üzrə biz rəqib ölkələrə – Türkiyə və Gürcüstana uduzuruq. Bu isə turizm sektorundakı geriləmənin əsas səbəblərindən biridir.
Mən düşünürəm ki, Azərbaycan təşviq üçün kifayət qədər addımlar atır. Ən böyük təşviq aləti isə 2011-ci ildə Azərbaycanda “Turizm ili” elan olunmasından sonra beynəlxalq və regional, xüsusilə də beynəlxalq səviyyəli, dünya miqyasında tədbirlərin keçirilməsi oldu. “Avroviziya” müsabiqəsi, “Avropa Oyunları”, “Formula 1″, COP-29 və sair kimi tədbirlər həm də turizm üçün təşviq alətləri rolunu oynadı. Bu tədbirlərin təsiri oldu. Hətta mən deyərdim ki, əgər bunlar olmasaydı, bizim turizm üzrə göstəricilərimiz bir qədər zəif olardı. Yəni ölçü baxımından biz təşviq istiqamətində çox ciddi işlər görürük. Bəzən təsadüfən BBC, CNN, “Euronews” kimi kanallarda Azərbaycanın turizm potensialı ilə bağlı reklamlar qarşıma çıxır. Bu, ciddi bir göstəricidir. Yəni ölçü baxımından bu istiqamətdə PR işləri, təşviq işləri görülür. Amma bunun qarşılığında sektorda geriləmə varsa, bu artıq təşviqat və ya PR məsələsi deyil. Bu, başqa məsələlərlə bağlıdır. Bu, turizm xidmətlərinin aşağı səviyyədə olmasının göstəricisidir. İnfrastrukturun qənaətbəxş olmamasının göstəricisidir. Qiymətlərdə rəqiblərimizlə rəqabət apara bilməməyimizin göstəricisidir. Təbii ki, burada qeyd etdiyim kimi, quru sərhədlərin bağlı qalması faktoru da mühüm rol oynayır”.
Mütəxəssislər onu da qeyd edir ki, Azərbaycanın turizm sektorunda rəqabət üstünlüyünün artırılması üçün bir sıra beynəlxalq təcrübələrdən yararlanmaq mümkündür. Bu təcrübələr ölkəmizdə turizmin daha sürətli inkişafına təkan verə bilər. Qiymət siyasəti və şəffaflıq turizm xidmətlərində əsas amillərdəndir. Türkiyə və Gürcüstan kimi rəqib ölkələr turizm xidmətlərində rəqabətədavamlı və əlçatan qiymətlər təklif etməklə turistlərin diqqətini cəlb edirlər. Azərbaycanda da qiymətlərin optimallaşdırılması, şəffaf endirim kampaniyalarının təşkili turist axınının artmasına səbəb ola bilər.
Xidmət keyfiyyətinin yüksəldilməsi də vacibdir. İspaniya, Fransa və İtaliya kimi inkişaf etmiş turizm ölkələri beynəlxalq standartlara uyğun xidmətlər təklif edir. Azərbaycanda hotellərdən tutmuş nəqliyyat və restoran sektoruna qədər xidmət keyfiyyətinin artırılması üçün təlimlər, sertifikatlaşma proqramları və müştəri məmnuniyyəti monitorinqi genişləndirilməlidir. Texnologiyanın tətbiqi turizm sektorunda rəqabət üstünlüyü yaradır. Türkiyə kimi ölkələr rezervasiya və müştəri dəstəyi xidmətlərini rəqəmsal platformalara inteqrasiya etməklə turistlərə rahatlıq təmin edirlər. Azərbaycanda da smart turizm layihələri və rəqəmsal infrastrukturun inkişaf etdirilməsi önəmlidir.
Yunanıstan və Portuqaliya kimi ölkələr sağlamlıq, ekoturizm və mədəni turizm sahələrində fərqli təkliflər hazırlayırlar. Azərbaycan isə zəngin mədəni irsi, təbiət gözəllikləri və tarixi yerlərini nəzərə alaraq, bu istiqamətlərdə xüsusi proqramlar təqdim etməlidir. Marketinq və brendinq strategiyalarının gücləndirilməsi turizmin inkişafında vacib rol oynayır. Türkiyə milli turizm brendini beynəlxalq səviyyədə tanıtdığı kimi, Azərbaycan da öz brendini yeniləməli və peşəkar PR kampaniyaları ilə dünyaya çatdırmalıdır. Bu sahədə ən effektiv nəticələrə nail olmaq üçün dövlət və özəl sektor arasında sıx əməkdaşlıq zəruridir. Turizm işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, rəqəmsal texnologiyaların tətbiqi və unikal turizm resurslarının daha geniş tanıdılması Azərbaycanın turizm sektorunun rəqabət qabiliyyətini yüksəldə bilər. Bu isə ölkəyə gələn turistlərin sayının və turizmdən əldə olunan gəlirlərin artmasına şərait yaradacaq.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”