Bakıdakı ingilis səfirin sətiraltı mesajları
Britaniyalı diplomat dövlətinin mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirdiyini açıqladı; bu xəbərdarlıq hansı qüvvələrə eyhamdır?
Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin Avropa, Şimali Amerika və Dənizaşırı Ərazilər üzrə dövlət naziri Stiven Douqti Azərbaycana səfər edəcək. Bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auldun APA-ya müsahibəsində deyib.
Səfir müsahibəsində bildirib ki, 84 milyard funt sterlinqdən artıq sərmayə ilə Böyük Britaniya Azərbaycanın ən böyük xarici investoru olaraq qalır. Azərbaycanın Böyük Britaniyaya yatırımları artıq 2 milyard dolları ötüb. Hazırda 500-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların fəaliyyəti infrastrukturdan tutmuş səhiyyə və kənd təsərrüfatına qədər müxtəlif sahələri əhatə edir. Səfir onu da deyib ki, Azərbaycan regional və indi də qlobal oyunçu kimi önə çıxıb.
“Ukrayna-Rusiya müharibəsi, İran ətrafında gərginliyi nəzərə alaraq, Böyük Britaniya Azərbaycanla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq imkanlarını necə görür” sualına səfirin cavabı maraqlıdır: “Böyük Britaniya mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirir. Mart ayında Bakıya daimi Hərbi Attaşe təyin etməyimiz ikitərəfli müdafiə əməkdaşlığını, eləcə də Azərbaycanın NATO ilə tərəfdaşlığını daha da gücləndirməyə sadiqliyimizi nümayiş etdirdi. Biz Azərbaycanın regional sabitlikdəki əhəmiyyətli rolunu tanıyır və Ukraynanın ərazi bütövlüyünə verdiyi prinsipial dəstəyi, humanitar və enerji sahəsində göstərdiyi yardımı yüksək qiymətləndiririk”.
Qeyd edək ki, otuz ildən sonra Böyük Britaniyanın Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etməsi Rusiyanın ciddi narahatlığına səbəb olub. Təyyarə olayından sonra ən müxtəlif səviyyələrdə bu təyinata diqqət çəkilib. Hərbi attaşe də olduğu ölkə ilə öz ölkəsi arasında hərbi və təhlükəsizlik məsələlərini nizamlayır. Hərbi attaşenin olması həm İngiltərəyə lazımdır, həm də Azərbaycana. Dünyada yeni düzən qurulduğu üçün London ölkəmizin regionda açar rolunu oynadığını yaxşı bilir. Qarşıda regionda ciddi geosiyasi hadisələr gözlənilir. O baxımdan hərbi attaşenin yaradılmasına qərar verilib.
Səfir “Böyük Britaniya mürəkkəb və təlatümlü bir regionda Azərbaycanı mühüm təhlükəsizlik tərəfdaşı kimi dəyərləndirir” sözləri ilə nəyə eyham vurub? London bölgənin təhlükəsizliyində nə kimi rola malikdir?
Ramil Məmmədli
“Yeni Müsavat”a ingilis səfirin çıxışını şərh edən hərbi analitik Ramil Məmmədlinin sözlərinə görə, Britaniya-Azərbaycan münasibətləri həmişə yüksək səviyyədə olub. 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasının toplantısında Azərbaycanın başladığı hərbi əməliyyatlarla bağlı Britaniyanın tutduğu mövqeni xatırladan hərbi ekspert bildirdi ki, məhz həmin veto Fransa kimi ölkələri zərərsizləşdirdi: “Azərbaycan Cənubi Qafqazın mirvarisidir. Britaniya bizim əhəmiyyətimizi yaxşı bilir. O baxımdan, təhlükəsizlik sahəsində görünən və görünməyən əlaqələr var. Hərbi attaşe təyinatı da bunun bir hissəsidir. Azərbaycana artan təhdidlər fonunda təbii ki, Britaniyanın Azərbaycanı daha çox qiymətləndirməsi lazımdır. Burada Qafqazdakı maraqlar, enerji sahəsində nəhəng əməkdaşlıq da şübhəsiz ki, xüsusi əhəmiyyətə malikdir. Amma ümumiyyətlə, regionda Azərbaycan Britaniyanın ən yaxın tərəfdaşıdır. Yəni Gürcüstan və Ermənistan Londonla o dərəcədə yaxınlaşmayıblar. Bunun da səbəbləri daha çox enerji sahəsi ilə əlaqədardır. Amma Britaniya pərdə arxasında siyasət yürüdən dövlətdir və onun regionda strateji maraqları var. Bu gün Azərbaycanın müttəfiqləri Türkiyə, Pakistan da Londonla ciddi əlaqələrə malikdir. Bax, bunu nəzərdən qətiyyən qaçırmaq olmaz”.
Hərbi ekspert əlavə etdi ki, Britaniya 8 avqust Vaşinqton razılaşmasını alqışlayan ilk ölkələrdən biridir və bu da təsadüfi deyil: “London Cənubi Qafqazda sabitliyin olmasında maraqlıdır. Onun iqtisadi maraqları olduğu üçün regionda hərbi eskalasiyalar istəmir. Azərbaycan da Britaniya üçün spesifik tərəfdaşlardan biridir və yaxşı anlayırlar ki, həm Rusiya, həm də İranla qonşu olan yeganə ölkəyik. Bu faktı prezident daha əvvəl dilə gətirib. Britaniya isə hər iki ölkə ilə sərhədi olan bir tərəfdaşının – Azərbaycanın bu məngənədə sıxılmasına əsla razı ola bilməz”.
Professor Elxan Mirzəyev isə Azərbaycanla Böyük Britaniyanı gizli müttəfiqlər adlandırmağın tərəfdarıdır: “Məlumdur ki, Krallıq güc siyasəti metodlarını müxtəlif formalarda həyata keçirir və ekspansiyasının sərhədlərini dünyanın dörd bir yanına uzadır. Dünyada bir “ingilis siyasəti” anlayışı var. Bizim üçün belə bir nəhəng gücün strateji tərəfdaşımız olması ciddi faktdır. Nəzərə alaq ki, Türkiyə kimi NATO dövləti müttəfiqimiz, Britaniya kimi nüvə və NATO dövləti tərəfdaşımız, Pakistan kimi Londonla da sıx əlaqələri olan daha bir nüvə dövləti müttəfiqimizdir. Bu, Azərbaycanı regionda təhdidlərdən sığortalanmağa, strateji addımlar atarkən manevr imkanlarını artırmağa kömək edir. Onu da deməliyik ki, Böyük Britaniya Qərbin zaman-zaman Azərbaycana qarşı kampaniyasına qoşulmayıb. Əksinə, Cənubi Qafqazın lider dövlətinin yanında yer almağa çalışır”.
Elxan Mirzəyev
E.Mirzəyevin sözlərinə görə, Böyük Britaniyanın Azərbaycanı dost qismində görməsinin tarixi səbəbləri çoxdur: “Birincisi, ingilislər regionu ruslara uduzaraq çıxıb getmişdilər. Amma SSRİ dağılandan sonra Böyük Britaniya Cənubi Qafqazda təsirlərini gücləndirdi və ən əsası, Bakının enerji cazibəsi onu cəlb etdi. Hazırda isə əlaqələr ən yüksək səviyyəyə çatıb, hətta təhlükəsizlik sahəsində hərbi attaşe təyinatı ilə möhkəmləndirilib. Bu siyasət və münasibətlər ABŞ-ni də qane edir, İsraili də razı salır. Yəni Azərbaycana Rusiya və İrandan daim təzyiqlər olur və belə bir coğrafiyada ölkəmizi tək buraxmaq olmaz. Səfirin sözlərinin izahını belə oxumağın tərəfdarıyam. Azərbaycanın diplomatik addımlarında müttəfiqləri və tərəfdaşları onunla həmrəydirlər. Və səfir demək istəyir ki, bu bölgədə Rusiya və İranın destruktiv hərəkətlərinə qarşı birgə müqavimət oxu yaradılmaqdadır”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”