NİİM yeni tədris ilinin başlanması ilə bağlı sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.
NİİM-dən Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir:
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında, yaxın küçə və prospektlərdə müşahidə kameraları vasitəsilə yollar nəzarətdə saxlanılır. Nəqliyyat sıxlığının yaranmasına səbəb olan hallar olduğu zaman yol polisinə məlumat verilməsi ilə yanaşı, müxtəlif istiqamətlər üzrə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq ediləcək.
“Bütün bunları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə övladlarını məktəbə gətirən valideynlərə, eləcə də tələbələrə tövsiyə edirik ki, avtomobillərini mümkün qədər yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Nəqliyyat vasitəsini dayanma və durmanın qadağan olunduğu yerlərdə saxlamasınlar”.