Ekspert xəbərdarlıq etdi: Qeyri-qanuni cərimələr silinməlidir
Bir çox insan müxtəlif səbəblərlə — məsələn, vaxtında karantin qaydalarını pozduğuna görə və ya yol hərəkəti qaydalarını düzgün yerinə yetirmədiyinə görə cərimələnib. Bəziləri bu cərimələri vaxtında ödəyib, bəziləri isə illərdir ki, ödəməyib.
Bəs hansı hallarda cərimələr silinə bilər?
Cərimələr texniki səhvlər, qaydaların yanlış tətbiqi və ya məhkəmə qərarı əsasında ləğv edilə bilər. Qanunvericilikdə müəyyən hallarda cərimənin silinməsi üçün şərtlər göstərilir. Məsələn, pozuntu düzəldildikdə və ya cərimənin tətbiq olunduğu müddət bitdikdə, cərimə ləğv oluna bilər. Bir cərimənin silinməsi üçün əvvəlcə onun sizin üçün tətbiq olunduğunu yoxlamaq, daha sonra isə müvafiq hüquqi proseduru yerinə yetirmək lazımdır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sürücü qayda pozuntusu etmədiyini sübut etmək məcburiyyətində deyil:
“Qeyri-qanuni yazılan, əsası olmayan cərimələr silinə bilər və hətta silinməlidir. Bu, sürücülərin haqlarının qorunması baxımından vacibdir”.
Ekspert əlavə edib ki, belə cərimələrin əsassız tətbiqi həm sürücülərin etimadını azaldır, həm də qanunvericiliyin düzgün tətbiqinə zərbə vurur. Buna görə də vətəndaşlar haqlı olduqları hallarda hüquqi prosedurlardan istifadə etməli, qanunsuz qərarları müvafiq orqanlara çatdırmalıdırlar.

