Təhsil 

1-ci sinfə gedən şagirdlərin sayı 32 min nəfər azalıb – “bəzi məktəblər boş qalacaq”

“Son illərdə Azərbaycanda təhsil sisteminə daxil olan uşaqların sayında ciddi azalma müşahidə olunur. Xüsusilə də 1-ci sinfə gedən şagirdlərin sayındakı geriləmə artıq təkcə təhsil sektoru üçün yox, ümumilikdə ölkənin demoqrafik, sosial və iqtisadi gələcəyi üçün narahatedici siqnal hesab edilməlidir”.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, təkcə 7 ildə 32 min uşaq azalıb:

“Əgər rəqəmlərə diqqət yetirsək, mənzərə aydın görünür: 2017-2018-ci tədris ilində 164,523 uşaq məktəbə qədəm qoymuşdu. Aradan keçən 6-7 il ərzində bu göstərici ildən-ilə aşağı düşərək 2023-2024-cü ildə 132,261 nəfərə endi. Bu il isə birinci sinfə cəmi 130 minə yaxın uşaq gedəcək. Yəni cəmi 7 ildə təxminən 32 min uşaq azalıb, bu da ümumi sayın 20 faizdən çoxuna bərabərdir. Əgər bu dinamika davam edərsə, 10 ildən sonra 1-ci sinfə gedənlərin sayı 100 minin altına düşəcək.

Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura  çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar” Pravda.az

Kamran Əsədov

Bu rəqəmlər sırf statistika deyil, ölkənin gələcəyinə birbaşa təsir edən mühüm göstəricilərdir. Çünki təhsilə daxil olanların azalması yalnız məktəb siniflərinin boşalması ilə məhdudlaşmır, o, bütün sosial-iqtisadi struktura təsir göstərir”.

Ekspert azalmanın səbəblərini bu cür izah edib: “Son illərdə doğum səviyyəsi gözəçarpacaq dərəcədə enib. Xüsusilə böyük şəhərlərdə ailələr az uşağa üstünlük verir. Bundan başqa, gənc ailələrin mənzil, iş və sosial təminat problemləri uşaq sayına birbaşa təsir edir. Müasir dövrdə valideynlərin “az, amma keyfiyyətli” prinsipi üstünlük qazanır.

Nəticədə gələcəkdə gənc işçi qüvvəsinin çatışmazlığı yaranacaq. Bu isə istehsal, xidmət və innovasiya sahələrinə mənfi təsir göstərəcək.

Bu templə davam etsə, bəzi məktəblər boş qalacaq, siniflərdə uşaq sayı azalacaq, nəticədə təhsil şəbəkəsinin səmərəliliyi aşağı düşəcək.

İnnovasiya və texnologiya sahələri üçün ən böyük resurs gənc beyinlərdir. Uşaq və gənclərin azalması gələcəkdə Azərbaycanın iqtisadi dinamizmini zəiflədə bilər”.

Kamran Əsədov bildirib ki, mövcud tendensiyanı dəyişmək üçün dövlət və cəmiyyət birgə hərəkət etməlidir: “Uşaqlı ailələr üçün real güzəştlər, uşaqpulu proqramlarının genişləndirilməsi və dəstəkləyici mexanizmlərin tətbiqi lazımdır.

Gənc ailələrin yaşayış şəraiti onların uşaq sayına birbaşa təsir edir. Dövlət ipotekası, güzəştli kreditlər və məşğulluq proqramları genişləndirilməlidir.

Hər yeni doğulan uşağa görə maddi və sosial təminatların artırılması da öz təsirini göstərə bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Daha çox xəbərlər