Gündəm 

“Dostluq”u hörmətdən salanlar – Lənət əvəzinə mükafat?

İranın İrəvandakı səfiri Mehdi Sobhaninin diplomatik missiyası bitib. Əgər buna “diplomatik missiya” demək mümkünsə. Çünki adamın işi-gücü müstəsna olaraq, regionda fitnə-fəsad yaymaq, illah da Azərbaycana şər atmaq olub.

Şələ-küləsini yığışdırmaq ərəfəsində Ermənistan xarici işlər naziri Ararat Mirzəyan bu zatla səmimi görüşüb. “Fəaliyyətiniz qəliz dövrə təsadüf etsə də iki ölkə bu çətinliklərin öhdəsindən gələ bildi”, “əlaqələrimizdə nəzərəçarpan nəticələr əldə olundu” kimi difirambalar söyləyib. Sonda da prezidentin fərmanı ilə ona “Dostluq” ordenini təqdim edərək, “gələcək fəaliyyətində uğurlar” arzulayıb…

Gerçək isə belədir ki, ermənidən çox erməni olan Sobhani əlindən gələni edib ki, erməni cəmiyyətində Türk xofu zərrəcə zəifləməsin. Azərbaycan haqda neqativ rəy yaratmaqla, Zəngəzur dəhlizi əleyhinə ard-arda sərsəm açıqlamalar səsləndirməklə iki qonşu arasında etimad mühitinin yaranmasına hər vəchlə əngəl olmağa çalışıb. Daha betəri, sülh prosesini pozmağa səy göstərib – hətta rəsmi Tehranın ənənəvi mövqeyinə və quru ritorikasına zidd şəkildə.

Yeri gəlmişkən, adam hətta bu ilin iyulunda prezident Məsud Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində Qarabağa (Xankəndi, Şuşa) səfərini qınamağa cəsarət eləmişdi. Halbuki rəsmi İrəvanın özü belə ziyarətə hər hansı formada irad bildirməkdən çəkinmişdi…

HURMET.jpeg (37 KB)

İndi əgər bütün bu bəd əməllərə görə ona mükafat düşürsə, Ermənistanın ali ordeni verilirsə, deməli, o ordeni verənlər də onunla eyni ağılda, eyni təfəkkürdədir, onun tayıdır. Yoxsa iki xalqın barışığına mane olan qəlbi qara xislətli birisi niyə mükafatlandırılsın, “Dostluq” ordeni alsın ki? Hər gün Azərbaycanla sülhdən dəm vuran Ermənistan hakimiyyətinin bu növbəti riyakarlığını hansı kitab-dəftərə yazaq?

Bu da faktdır ki, İran keçmiş Dağlıq Qarabağ konflikti başlayandan Rusiya kimi heç vaxt onun bitməsini istəməyib. Moskva qədər Tehran da daim ocağa yağ töküb. Müsəlman Azərbaycanı qoyub işğalçı Ermənistana, məscidlərimizdə donuz saxlayanlara arxa-dayaq, dəstək, “nəfəslik” olub. Çünki Quzeydə Azərbaycan adlı dövlətin varlığını və güclənməsini istəməyib. İndi də istəmir. Səbəb bəlli (Təbii ki, Mehdi Sobhani daxil, İran hakimiyyətindəki qırğıları nəzərdə tuturuq)…

Səfirin dövründə guya İrəvan-Tehran ikitərəfli əlaqələrin yaxışlaşmasına gəlincə, bu da blefdir. Məsələ ondadır ki, məhz Sobhani kapitulyant ölkədə səfir olduğu müddətdə İranın “şeytan” adlandırdığı ABŞ-la Ermənistan arasında hərbi-siyasi əməkdaşlıq dərinləşib, o sırada qonşu ölkə ərazində bir neçə ortaq hərbi təlim keçirilib. Avqustun 8-də Ağ Evdə imzalanan və İran rejiminə şillə anlamına gələn üçlü Birgə Bəyannamə, “Tramp yolu” ilə bağlı anlaşma da öz yerində. Nəhayət, Avropa İttifaqının sərhəddə casus missiyasına başlaması Sobhaninin diplomatik fəaliyyəti dövrünə təsadüf edir.

Ümid edək ki, onun xələfi eyni qələtləri təkrarlamayacaq, əksinə, adekvat biri olmaqla bölgədə böyük sülhə, barışığa, əməkdaşlığa həqiqətən töhfə verəcək. Yəni “Dostluq”a da, hörmətə də layiq bir diplomat olacaq, nəinki “Dostluq”u və dostluğu hörmətdən salacaq…

Daha çox xəbərlər