Önəmli siyasi indikator
Mühüm nailiyyətlərin, sadəcə, qorunması üçün yox, növbəti inkişaf mərhələsinə yumşaq keçidin təmin olunmasında əldə olunmuş uğurlardan səmərəli platforma kimi istifadə etmək məsələsi rasional və peşəkar yanaşmanın təzahürüdür. Qeyd olunan yanaşma istisnasız olaraq ictimai-siyasi münasibətlərin bütün istiqamətlərinə şamil oluna bilər. Heç şübhəsiz ki, ictimai-siyasi münasibətlər müstəvisində əldə olunmuş ən önəmli və strateji əhəmiyyətli nailiyyət isə cəmiyyətdə milli həmrəylik mühitinin bərqərar olunmasıdır. Mövcud kontekstdə prinsipial amil ondan ibarətdir ki, milli həmrəylik mühitinin bərqərar olunması prosesində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar mühüm rol oynayıb.
Bu fikirlər politoloq Asif Adilin “Önəmli siyasi indikator” sərlövhəli məqaləsində yer alıb.
“İki sahil” məqaləni təqdim edir.
Bir çox ölkələrin siyasi təcrübəsinə müraciət etsək açıq şəkildə görə bilərik ki, siyasi partiyalar əksər hallarda cəmiyyətin parçalanması və müxtəlif stresli situasiyaların yaradılması üçün istifadə olunub. Etiraf etməliyik ki, zamanında analoji mənzərələri Azərbaycanda da müşahidə etmək mümkün idi. Həmin dövrlərdə xarici qüvvələr sanki ölkədə fəaliyyət göstərən siyasi partiyalar ilə hökumət arasında əsas kommutator kimi çıxış edirdilər. Əlbəttə ki, onların bu vasitəçiliyi yumşaq desək təmənnasız deyildi. Dolayısı ilə ölkəmizdəki siyasi və ictimai həmrəylik mühiti bilavasitə xarici aradüzəldənlərdən asılı idi. Məhz qeyd olunan amil ölkəmizin siyasi həyatında zamanında yaşanan bəzi neqativ tendensiyaların əsas səbəbi olmuşdur.
Təsadüfi deyil ki, “müasir dünyada siyasi seysmik zonalar mövcuddur” kimi ifadələr artıq siyasi leksikonumuzun ayrılmaz hissəsinə çevrilib. Bu gün beynəlxalq münasibətlər sistemi bütövlüklə qlobal siyasi “vulkana” bənzəyir. Bu “vulkan” o qədər “boğaza yığılıb” ki, istənilən hadisə istənilən an və istənilən yerdə baş verə bilər. Konkret bir ölkədə daxili siyasi sabitliyin pozulması sözügedən “vulkanı” püskürməyə təhrik edə bilər. Odur ki, milli həmrəylik mühitinin qorunması, ilk növbədə, milli təhlükəsizliyin və dövlətçiliyin qorunması deməkdir. Ümumiyyətlə, nəinki siyasətdə, ictimai münasibətlərdə belə dialoqsuz mühit şübhələrə, etimadsızlığa, qərəzli təxribat və manipulyasiyalara yol açır. Dialoq məfhumu mahiyyət etibarilə demokratik münasibətlərin əsas meyarlarından biridir. Demək ki, dialoqu inkar edənlər siyasətdə barış və inkişafın əvəzinə ixtilaf və tənəzzülü seçmiş olurlar.
Hər kəs etiraf edə bilər ki, son illərdə ölkəmizin informasiya məkanı kifayət qədər siyasiləşib. Sosial şəbəkələr, sözün əsl mənasında, hər kəs üçün əlçatan siyasi tribunaya çevrilib. Obyektivlik naminə qeyd etməliyik ki, bu məsələdə də siyasi partiyaların payı heç də az deyil. Siyasi partiyaların nümayəndələri sosial şəbəkə, internet kanallarının efirləri, müxtəlif informasiya portallarının səhifələri və digər internet platformaları vasitəsilə aktual hesab olunan müxtəlif məsələlər ilə bağlı intensiv şəkildə həm fərdi, həm təmsil etdikləri partiyaların mövqeyini nümayiş etdirirlər. Əlbəttə ki, sözügedən amil bilavasitə demokratik münasibətlərin təzahürüdür. Partiyaların bu cür fəallığına isə şərait yaradan siyasi-ideoloji amil bilavasitə iqtidarın təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitidir.
Bəli, hər bir təcrübənin inkişafı üçün zaman tələb olunur. Vətəndaş cəmiyyətinin və demokratik münasibətlərin bərqərar olunması üçün isə zamanla yanaşı, mütləq olaraq strateji hesab olunan mərhələlərin yaşanması da labüddür. Burada cəmiyyətdə müvafiq siyasi mədəniyyətin formalaşması, siyasi plüralizm üçün münbit şəraitin yaradılması, tərəflər arasında etibarlı münasibətlərin yaşanması, informasiya platformalarının inkişafı, fərqli yanaşmalar arasında sağlam rəqabətin aparılması üçün münbit mühitin mövcudluğu və digər bu kimi siyasi amillər qeyd oluna bilər. Diqqət yetirsək aydın şəkildə görə bilərik ki, bütün sadalanan amillərin həyatda mövcudluğuna səbəb ola biləcək ən vacib məfhum siyasi dialoq mühitinin mövcudluğudur. Strateji əhəmiyyət daşıyan siyasi dialoqun əsas subyektləri isə yenə də bizim siyasi partiyalarımızdır.
Onu da etiraf etməliyik ki, dövlət dəstəyi və bilavasitə Prezident İlham Əliyevin məsələ ilə bağlı prinsipial mövqeyi olmasa idi, siyasi partiyaların bir çoxunun mövcudluğundan belə çoxlarının xəbəri olmazdı. Bu gün isə tam əksinə, biz demək olar ki, hər gün müxtəlif partiyaların nümayəndələrini televiziya kanallarında görür, internet resurslar vasitəsilə partiyaların fəaliyyəti haqqında məlumatlar əldə edə bilirik. Burada xatırlanması yerinə düşər ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i parlament seçkilərində iştirak etmişdir. Seçkilərin nəticəsində isə bu gün 11 siyasi partiya Milli Məclisdə təmsil olunur. 11 siyasi partiyanın parlamentdə təmsil olunması həm də o deməkdir ki, hər hansı bir konkret qanun layihəsinin hazırlanmasında 11 müxtəlif yanaşma və düşüncə paradiqmasından istifadə olunacaq. Əlbəttə ki, bu cür yanaşma tətbiq olunduğu təqdirdə qazanan tərəf Azərbaycan cəmiyyəti və dövləti olacaq. Qeyd olunan statistika öz növbəsində bilavasitə demokratik münasibətlərin göstəricisidir. Odur ki, ölkədə təşviq olunan siyasi dialoq mühiti, eyni zamanda, siyasi partiyaların ictimai münasibətlər sistemində rolunun artırılmasına da xidmət etmiş olur.
Hər hansı bir ümumtəhsil məktəbinin direktorunun peşəkar təhsil işçisi kimi zəif olması və ya ümumiyyətlə, konkret məktəbin zəif göstəricilərə malik olması təhsilin insan və cəmiyyətin həyatında rolunu azalda bilmədiyi kimi, zəif partiyanın olması da partiyaların siyasi institut kimi əhəmiyyətini azalda bilməz. Elə buna görə də biz təqribən son 5-6 il ərzində ölkənin siyasi partiyalar sistemində aktiv şəkildə aparılan islahatlara şahidlik edirik. Dolayısı ilə siyasi partiyaların cəmiyyətdəki rolunun aktuallaşdırılması vəzifəsini dövlət öz üzərinə götürüb. Məhz təşviq olunan siyasi dialoq mühiti sayəsində vaxtilə bir-biri ilə düşmənçilik edən siyasi partiyalar bu gün bir masa ətrafında yığışır, onları düşündürən məsələləri müzakirə edirlər. Odur ki, siyasi dialoq uzun illər ərzində etibarlı münasibətlərin mövcudluğuna mane olan daşlaşmış köhnə siyasi stereotiplərin də aradan qalxmasına xidmət edir.
Mövcud məsələyə hətta bu cür kiçik ekskurs kifayət edir ki, biz siyasi partiyaların inkişafına dövlət tərəfindən verilən dəstəyi Azərbaycanda demokratik münasibətlərin bərqərar olunmasına yönəlmiş siyasətin təzahürü kimi dəyərləndirə bilək. Siyasi partiyaların aktuallaşması, bəzilərinin isə hətta reanimasiyasına xidmət edən addımlar bilavasitə demokratik münasibətlərin inkişafının önəmli indikatorudur. Bəli, siyasi partiyalar var və olmalıdır, onların inkişafı isə bilavasitə vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqəlidir. Ancaq burada bir prinsipial amil mütləq olaraq nəzərə alınmalıdır: “Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz”, – Prezident İlham Əliyev.