Ərdoğandan sərt çıxış: “Soyqırımı törədənlər beynəlxalq hüquq qarşısında cavab verəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərinə müraciət edərək Fələstinlə bağlı mövqeyini bir daha ortaya qoyub.
Musavat.com-un xəbərinə görə, Ərdoğan bildirib ki, “bu gün insanlıq naminə məzlum fələstinlilərlə möhkəm dayanmaq günüdür”.
O, Fələstində yaşananların vicdanlı yəhudiləri belə narahat etdiyini, antisemitizmi bütün dünyada alovlandıran çılğınlığa son qoyulmalı olduğunu vurğulayıb.
Türkiyə lideri həmçinin qeyd edib ki, soyqırımı törədənlər beynəlxalq hüquq çərçivəsində mütləq cavab verəcəklər: “Allah qoysa, şübhəsiz ki, bu baş verəcək”.
Prezident Suriya məsələsinə də toxunaraq deyib:
“Qaniçən bir rejimə qarşı mübarizədə qalib gələn Suriya xalqı böyük qiymətə əldə etdiyi qələbəni bütün potensialı ilə daşıyacaq. Suriyada sabitlik kök saldıqca, bundan həm suriyalılar, həm də qonşu ölkələr və bütün bölgə faydalanacaq”.