Region Xəbərləri 

27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, müavinlər, şöbə və bölmə müdirləri, tibb və qeyri-tibb personalı, Bərdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, SHXÇDX-nin nümayəndəliyi, tibb müəssisəsində çalışan şəhid anaları, qazi və veteranlar iştirak edib.
Tədbirin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Vüsal Məmmədov çıxış edərək Respublika Prezidentinin Sərəncamı ilə hər il sentyabrın 27-də şəhidlərin ruhuna hörmət əlaməti olaraq ölkəmizin hər yerində qeyd edildiyini xatırladıb. Anım Günü Azərbaycan xalqının milli birliyinin, vətən sevgisinin və azadlıq iradəsinin rəmzidir. Hər il ölkənin bütün bölgələrində şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, onların ruhuna dualar oxunur, qələbəyə aparan yolun əsasını qoyan qəhrəmanların igidlikləri gənc nəslə örnək kimi təqdim olunur. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyərək, onların canı bahasına qazanılmış qələbənin məsuliyyətini daşıyırıq. Xalqımız şəhidlərin ruhunu daim yaşadacaq, onların qoyduğu yolla gələcək nəsilləri vətənə sədaqət və qəhrəmanlıq ruhunda böyüdəcək. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı torpaq, vətən və azadlıq anlayışlarını ən ali dəyərlər kimi qoruyur. Şəhidlərimizin ruhu bu gün azad Qarabağın səmasında dalğalanan üçrəngli bayraqda, azad torpaqlarımızda qurulan yeni həyatda yaşayır. Daha sonra Səbuhi Qasımov öz çıxışında bildirib ki, 44 günlük haqq savaşımızdan ətraflı söz açaraq vurğuladı ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımlar zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi. 44 gün ərzində Bərdə Rayon Mərkəzi Xəstəxanasının göstərdiyi xidmətlərdən bəhs edib. 44 günlük Vətən müharibəsinin şəhidi Elməddin Hüseynzadənin anası Arzu Hüseynzadə çıxış edərək övladının şücaətindən fəxarətlə bəhs edib, onlarla bağlı xatirələrini paylaşıb. Qeyd edib ki, belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. 1-ci Vətən müharibəsinin iştirakçısı həkim-cərrah Yamən Cəfərov çıxış edərək müasir Azərbaycan Ordusunun qüdrətindən, Vətən müharibəsində qəhrəmanlıq göstərən igid oğulların keçdiyi döyüş yolundan, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Daha sonra şəhid ailələri, qazi və veteranlara hədiyyələr təqdim olunub.
Tədbirin sonunda isə Anım Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Daha çox xəbərlər