Azərbaycan-BMT əlaqələri inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlər sistemində qlobal çağırışların artdığı və yeni geosiyasi konfiqurasiyaların formalaşdığı bir dövrə təsadüf edir. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdə ehtimal edilən çıxışı yalnız ölkəmizin milli maraqlarını deyil, həm də beynəlxalq ədalətin, hüququn və çoxtərəflilik prinsipinin müdafiəsini əhatə edən strateji bir siyasi mövqeyi ifadə edir. Dövlətimizin başçısının BMT tribunasından çıxışı Azərbaycanın postmünaqişə dövründə regionda yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə təqdim olunması nöqteyi-nəzərindən də xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin öz çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpası ilə bölgədə yaranmış yeni geosiyasi reallıqlara diqqət çəkərək xüsusi mesajlar verib. Cənab prezident bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu isə öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.
Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü.
Sessiya çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı ikitərəfli görüşlər, xüsusilə də nüfuzlu beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə aparılan danışıqlar Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemdə etibarlı tərəfdaş kimi tanındığını açıq şəkildə nümayiş etdirdi. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu görüşlərin hər biri qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilib. Bu isə Azərbaycanın artan geosiyasi əhəmiyyətinin və Prezident İlham Əliyevin qlobal miqyasda liderlik xüsusiyyətlərinin təqdir olunduğunun bariz nümunəsidir.
“Heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, “Böyük Qayıdış” Proqramı, yaşıl enerji zonalarının yaradılması və Zəngəzur dəhlizi layihəsi yalnız daxili iqtisadiyyat üçün deyil, regionun geoiqtisadi mənzərəsi üçün də strateji əhəmiyyət daşıyır. Bu təşəbbüslər Azərbaycanın Cənubi Qafqazda aparıcı aktor rolunu möhkəmləndirməklə yanaşı, onu Avrasiya məkanında mühüm nəqliyyat, enerji və logistik mərkəzə çevirir. Digər tərəfdən isə Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin qlobal ekoloji və enerji gündəliyinə verdiyi strateji töhfənin bariz nümunəsidir. Belə ki, bu tədbirə hazırlıq çərçivəsində həyata keçirilən təşəbbüslər, yaşıl enerji və bərpaolunan enerji sahəsində uğurlu şəkildə icra olunan layihələr Azərbaycanın ekoloji dayanıqlılığa verdiyi önəmi nümayiş etdirir. Beləliklə, dövlətimizin iqlim dəyişikliyi ilə mübarizədə tutduğu mövqe bir daha sübut edir ki, Azərbaycan bütün istiqamətlərdə olduğu kimi bu sahədə də məsuliyyətli beynəlxalq tərəfdaş kimi çıxış edir. Həmçinin Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı addımlar bir daha təsdiqlədi ki, ölkəmiz qlobal ədalətin, suverenliyə hörmətin və bərabərlik prinsipinin müdafiəsində ardıcıl və prinsipial mövqeyə malikdir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, milli maraqlara əsaslanan və müstəqil xarici siyasət strategiyasının uğurlu nəticələrini bir daha nümayiş etdirən mühüm hadisədir. Eyni zamanda, dövlətimizin başçısının belə mötəbər tədbirdə iştirakı Azərbaycanın qlobal təhlükəsizlik, dayanıqlı inkişaf, beynəlxalq hüquq və ədalət məsələlərində təşəbbüskar, məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış etdiyini təsdiqləyir. Azərbaycan bu gün yalnız regional deyil, həm də beynəlxalq miqyasda siyasi dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və təşəbbüskarıdır. Bu strateji mövqe isə Prezident İlham Əliyevin qətiyyətli liderliyi, milli maraqlara söykənən diplomatik xətti və beynəlxalq legitimliyə əsaslanan siyasəti nəticəsində formalaşıb.