Gündəm 

Dövlət fermerlərə güzəştlərin sayını və vaxtını artırsa da …

Təəssüf ki, hələ də ölkəyə kənd təsərrüfatı məhsullarının idxalı azalmır

Bu gün ölkəmizdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə son bir neçə ildə yüz minlərlə hektar ərazidə yaradılan 50- dən çox aqropark kənd təsərrüfatı məhsullarının bolluğunu  təmin edəcək mühüm amildir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda ərzaq bolluğunun yaradılması istiqamətində fermerlərə göstərilən dövlət dəstəyi də hər il artırılır.  Belə ki, ölkəmizdə 4 il əvvəl tətbiqinə başlanılan aqrar sı­ğortanın əhatə dairəsi davamlı olaraq genişləndirilir.

Təkcə 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6 milyon 423 min manat məbləğində aqrar sığorta ödənişi edilib. Bu, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46% artıb. Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 407 min manat sığorta ödənişi edilmişdi.

2024-cü ildə fermerlərə sığorta ödənişlərindən 5 milyon 246 min manatı bitkiçilik sığortası, 1 milyon 177 min manat isə heyvandarlıq sığortası üzrə edilib. Hesabat ilində bitkiçilik sığortası üzrə ödənişlər 1,7 milyon manat və ya təqribən 50% artıb. Bitkiçilik sahəsində ən çox hadisə və sığorta ödənişləri fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə edilib. Ötən il fermer və təsərrüfatlara ən çox sığorta ödənişləri, taxıl, pambıq və qarğıdalı əkinləri ilə yanaşı, üzüm, gilas, alma, badam və ərik bağları, eləcə də çəltik və qarpız sahələri üzrə edilib. Heyvandarlıq sığortası üzrə ən çox sığorta ödənişləri isə yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmə, ilan və həşərat sancmalarına görə həyata keçirilib.

2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərlər üzrə 41 rayonda fermerlərə aqrar sığorta ödənişləri edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ödəniş edilən rayonların sayı artıb. Belə ki, 2024-cü ilin ilk yarısında 37 rayonda aqrar sığorta ödənişləri həyata keçirilmişdi. Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara 41 rayonda ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55% artıqdır. Sığorta ödənişlərindən 4 milyon 245 min manat əkin sahələri, 190 min manat isə heyvandarlıq sığortası üzrə ödənilib.
Ən çox zərər ödənişi həyata keçirilən rayonlar Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki olub.
Hesabat dövründə ən çox ödənişlər taxıl, qarğıdalı, pambıq sahələri ilə yanaşı, günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız əkinləri üzrə olub. Fermelərə ən çox zərər vuran hadisələr isə dolu, sel-subasma, fırtına və leysan olub.

Bundan başqa, fermerlərə vergi istiqamətində də dövlət dəstəyi davam etdirilir. Belə ki, Vergi Məcəlləsində son də­yişikliyə əsasən, cari ildən ölkədə yem və yem əlavələrinin satışı üzrə dövriy­yələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Başqa sözlə, ölkədə siyahısı Nazirlər Kabine­ti tərəfindən təsdiqlənən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq olunan ƏDV-dən azadetmənin müddətinin 2027-ci il yanvarın 1-nə kimi uzadılması qərara alınıb. Həmçinin heyvandarlıq və quşçuluq təsərrüfatlarında işlədilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr də tam olaraq ƏDV-dən azad edilib.

Şübhəsiz ki, bütün bu güzəştlər heyvandarlığın inkişafına öz təsirini göstərəcəkdir. Vergi güzəştləri həm də ölkədə istehsal edilən mal, qoyun və quş əti­nin bahalaşmasının qarşısını almağa hesablanıb. Sözügedən məcəlləyə edilən digər bir dəyişikliyə əsasən, cari ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Bu güzəştin müddəti də  2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Ölkəmizdə ərzaq təhlükəsizli­yindən bəhs edərkən bir məsələni də vurğulamaq lazımdır ki, hökumət artıq ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti verməyə, eləcə də faiz subsidiyası ödəməyə başlayıb. Kənd təsərrüfatı­nın inkişafında meliorasiya layihələrinin icrası da əhəmiyyətli rol oynayıb. Belə ki, son 10 ildə dövlət büdcəsi vəsaitləri hesabına 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılasdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həm­çinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı 5 faiz­dən çox yüksəlib.

Əslində, dövlətin feremerlərə göstərdiyi belə geniş güzəşt və dəstəklərə rəğmən ölkəmizdə kənd təsərrüfatı məhsullarının artımında ciddi inkişaf nəzərə çarpmır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz azdır. Azalma əsasən bitkiçilik məhsullarında özünü göstərib. Nəticədə ölkəyə ərzaq məhsullarının idxalı artmaqdadır. DGK-nin məlumatına görə, bu ilin səkkiz ayında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard 666 milyon 262 min ABŞ dollarına bərabər olub. Bu, ötən ilin analoji dövrünə nisbətən 8.6 faiz çoxdur. Yəni, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının azalması ölkəyə gətirilən yeyinti məhsullarının artımı fonunda baş verir.

Elçin Zaman, «İki sahil»

Daha çox xəbərlər