Region Xəbərləri 

Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir.

Oktyabrın 10-da Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mühüm məzmunlu çıxışla iştirak edib.
Dövlət başçısı çıxışına Tacikistan xalqını və Prezident Emoməli Rəhmonu ölkənin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi əhəmiyyətli nailiyyətlər münasibətilə səmimi təbriklərini çatdırmaqla başlayıb. Prezident İlham Əliyev Düşənbəyə hər səfərində şəhərin simasının daha da gözəlləşdiyini, müasir memarlıq üslubunda inşa olunan binaların paytaxta xüsusi abadlıq və estetik görünüş qazandırdığını qeyd edərək Tacikistanın bu sahədə əldə etdiyi uğurların dost Azərbaycan xalqı üçün də qürurverici olduğunu bildirib.
Azərbaycan Prezidenti çıxışı zamanı iki ölkə arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan–Tacikistan münasibətlərinin qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və strateji əməkdaşlıq ruhunda daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev həmçinin humanitar sahədə əməkdaşlığın inkişafının MDB məkanında birliyi və qarşılıqlı anlaşmanı möhkəmləndirən mühüm istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib. Dövlət başçısı Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin 2025-ci il üçün MDB-nin “Mədəniyyət paytaxtı” seçilməsinə verdikləri dəstəyə görə təşkilat üzvlərinə minnətdarlığını bildirib. Prezident qeyd edib ki, bu ilin iyun ayında Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin təntənəli açılış mərasimi keçirilmiş və iştirakçılar 30 il işğal altında qalmış şəhərin azad olunduqdan sonra qısa müddətdə tamamilə yenidən qurulmasının, müasir infrastrukturla təmin olunmasının və həyatın bərpa edilməsinin canlı şahidi olublar.
Dövlət başçısı həmçinin 2025-ci ilin sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan Respublikasının bir neçə şəhərində — Gəncə, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilmiş III MDB Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Prezident qeyd edib ki, 13 üzv dövlətdən 1600-dən çox idmançının qatıldığı bu mötəbər idman tədbiri MDB məkanında dostluq, qarşılıqlı hörmət və həmrəyliyin daha da möhkəmlənməsinə, xalqlar arasında mədəni və humanitar bağların güclənməsinə mühüm töhfə vermişdir.
Prezident İlham Əliyevin Düşənbədə səsləndirdiyi çıxış bir daha təsdiq etdi ki, Azərbaycan Respublikası regional əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı hörmət, bərabər hüquqlu tərəfdaşlıq və mehriban qonşuluq prinsiplərinə sadiq qalmaqla həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafına ardıcıl şəkildə töhfə verməkdədir. Dövlət başçısının mövqeyi bir daha Azərbaycanın MDB çərçivəsində fəal və prinsipial siyasət yürütməsini, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcəkdə də daha da möhkəmlənəcəyini göstərir.

Leyla Mehtiyeva – Bərdə RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Daha çox xəbərlər