Siyasət 

AŞ PA-dan sonra AvroNest böhranı

Avropa təşkilatlarının qeyri-konstruktiv bəyanatları Azərbaycan nümayəndə heyətinin bu qurumla əməkdaşlığına ciddi zərbə vurub

AvroNest Parlament Assambleyasının oktyabrın 28-dən 30-dək İrəvanda keçiriləcək iclasında Azərbaycan parlamentinin nümayəndə heyətinin iştirak etməmək qərarı rəsmi Bakının Avropa qurumları ilə münasibətlərini yenidən gündəmə gətirib.

Nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili deyib ki, AvroNest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilatla əməkdaşlığına ciddi zərbə vurub. Bu səbəblərdən İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır”.

AvroNest Avropa İttifaqı ilə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusun  parlamentarilərinin birgə əməkdaşlığına əsaslanan qurumdur. Bu təsisat beynəlxalq dialoq üçün yeni platformalar yaratmaq cəhdi idi. Lakin qərarsızlıq, qərəzli diskurs və ikili standartlar bu təsisatı yararsız bir quruma çevirdi. Azərbaycan dəfələrlə bu qurumdakı haqsız qərarlara görə fəaliyyətini dayandırmaq istəyib. 

Yada salaq ki. Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülmüş ittihamların motivi aşağı-yuxarı eynidir. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Avropa Şurası Gürcüstandan isə ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

Azərbaycanla danışıqlarda heç bir irəliləyiş yoxdur, rəsmi Bakı quruma bağlı İnsan Haqları Məhkəməsinin qərarlarının icrası öhdəliyindən imtina edib, AŞ üzvlüyündən çıxmaq barədə qərarı da istisna etməyib. Gürcüstanla bağlı son gəlişmə isə budur ki, Strasburq ölkəni AŞ-dən çıxarmaqla hədələyir. Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb.

Yeri gəlmişkən, rəsmi Tiflis də Ermənistandakı tədbirdə iştirakdan imtina edib. Azərbaycanın Avropa təsisatları ilə münasibətlərindəki böhranın sonu nə olacaq?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan nümayəndə heyəti AvroNestin İrəvanda keçirilən tədbirində iştirak etməməsinin səbəbi tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil: “Əvvəllər bizim nümayəndə heyəti elə Tahir Mirkişilinin rəhbərliyi altında Ermənistanda keçirilən AvroNest tədbirində iştirak edib. Amma hazırda Azərbaycanla Avropa institutları arasında bir gərginlik yaşanır. Bu vəziyyətin səbəbi də həmin institutlar tərəfindən Azərbaycana qarşı qərəzli münasibətin formalaşmasıdır. Yəni obyektivlikdən kənar, həqiqətə uyğun olmayan,  birtərəfli mövqe nümayiş etdirməklə Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi başa düşülən deyil. Biz Avropa Şurası Parlament Assambleyasındakı vəziyyəti artıq bir ildən çoxdur müşahidə edirik. Biz Avropa Şurası Parlament Assambleyasında səsvermədə iştirak etmiriksə və Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçkisində bizim səsvermə hüququmuz yoxdursa, təbii ki, Avropa İnsan Hüquqları Məhkəməsinin, həmçinin AŞ PA-nın qərarlarını da tanımamaq hüququmuz var. AvroNest də onun kimi – Avropa İttifaqı, Avropa Parlamenti Azərbaycana qarşı hətta çox az sayda iştirak eləyənlərin səviyyəsində qərarlar qəbul edir. 750 deputatı olan Avropa Parlamentinin iclasında hətta 60-70 nəfər deputat iştirak edəndə belə, həmin iclasda Azərbaycana qarşı sənədlər qəbul edirlər və yayırlar. Bu, artıq açıq-aşkar qərəzdir. 750-yə nisbətdə hətta 70 deputat iştirak etsə də, qəbul etdikləri qərarı rəsmi sənəd kimi yayırlar. Düzdür, bizə qarşı qəbul etdikləri həmin sənədlərin hüquqi təsiri, nəticəsi olmasa, imperativ olmasa da, hər halda, dövlətimizin adına xələl gətirən sənədlərdir. Ona görə də Azərbaycan haqlı olaraq Avropa Parlamenti, AvroNest kimi təşkilatlara etirazını ortaya qoyur. Etiraz formalarından biri də onların keçirdiyi tədbirə qatılmamaqdır”.

Komitə sədrinin fikrincə, nə qədər ki, Avropa Parlamenti, Avropa Parlamentinə bağlı AvroNest, eləcə də Avropa Şurası Azərbaycana qarşı qərəzini davam etdirəcək, Azərbaycan bu təşkilatların işində iştirak etməyəcək: “Onlar Azərbaycana münasibətlərini dəyişməyincə münasibət düzəlməyəcək və onların tədbirlərində iştirak etməyin mənası yoxdur. Azərbaycan özünə hörmət qoyan dövlətdir. Bunu Azərbaycana qarşı qərəzli mövqedə olan təşkilatlar anlamalıdır. Həmin təşkilatlar erməni diasporuna bağlı lobbi qruplarının diktəsi ilə Azərbaycana qarşı qərəzli münasibətə son qoymalıdırlar. Problemin həlli yolu budur. Hazırkı şəraitdə isə Azərbaycan parlamentinin nümayəndə heyətinin AvroNestin İrəvanda keçirilən tədbirində iştirakdan imtina etməsi çox düzgün və məntiqli addımdır. Eləcə də Gürcüstanın da imtina etməsi düzgün mövqedir. Bu da Gürcüstanın etirazıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Daha çox xəbərlər