Erkən nikahlar artıq cəriməsiz qalmayacaq
“Azərbaycanda erkən nikahlarla bağlı qanunvericilik həm inzibati, həm də cinayət məsuliyyətini nəzərdə tutur”.
Bunu BiG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, on altı yaşına çatmayan şəxslə evliliyə dair sövdələşməyə daxil olmaq 1 000–2 000 manat cərimə və ya 1–2 ay inzibati həbs ilə cəzalandırılır. Erkən evliliklə bağlı mərasimlər — nişan, toy və digər tədbirlər — fiziki şəxslər üçün 1 000–1 500 manat, vəzifəli şəxslər üçün 3 000–4 000 manat, hüquqi şəxslər üçün isə 6 000–9 000 manat cərimə ilə nəticələnir, təkrar törədildikdə isə cərimələr artır. Dini kəbinkəsmə yolu ilə erkən evlilikdə fiziki şəxslər 1 000 manat cərimə və ya 15 gündən 1 aya qədər inzibati həbs ilə cəzalandırılır:
“Nikaha və ya erkən evliliyə məcbur etmə cinayət məsuliyyəti yaradır və 2 000–4 000 manat cərimə və 2–4 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır. On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili isə 2 000–3 000 manat cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə nəticələnir.
Beləliklə, qanun erkən nikahın törədicilərini və təşkilatçılarını ciddi məsuliyyətə cəlb edir və zərərçəkmiş şəxsləri qorumağı təmin edir”.

 
                                    
 
                                 
                                