Gündəm 

AZƏRBAYCAN DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ – VƏTƏN MÜHARİBƏSİ

Azərbaycanın dövlətçilik tarixində 27 sentyabr 2020-ci il mühüm dönüş nöqtəsi oldu. Bu gün yalnız müharibənin başlanması deyil, həm də xalqın milli iradəsinin, dövlətin qətiyyətli mövqeyinin və beynəlxalq hüquqa əsaslanan ədalətli mübarizəsinin simvoludur. Dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adlandırılan Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olmaqla, dövlətçiliyimizin inkişafında yeni mərhələnin əsasını qoydu.

Müasir dövlətçilik anlayışında ərazi bütövlüyü, suveren hüquqların təmin edilməsi, milli birliyin qorunması əsas amillər kimi çıxış edir. Azərbaycan 5 il bundan əvvəl məhz bu fundamental prinsipləri qorumaq üçün qətiyyətli addımlar atdı. Bu səbəbdən 2020-ci ilin hadisələri yalnız hərbi əməliyyatların başlanması ilə deyil, həm də dövlətçilik tarixində mühüm ideoloji və siyasi dönüşlə xarakterizə olunur.

Çar Rusiyası və daha sonra Sovet hakimiyyəti dövründə regionda məqsədli şəkildə yaradılan geosiyasi dəyişikliklər nəticəsində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi bölgədə etnik balansı dəyişmiş, gələcək münaqişələrə zəmin yaratmışdı. Ermənilər torpaqlarımızda məskunlaşdıqdan sonra xalqımıza məxsus qədim türk mənşəli toponimləri dəyişməyə, münbit ərazilərə ələ keçirməyə, azərbaycanlıları sıxışdırmağa başladılar. Onların müxtəlif illərdə dəfələrlə törətdikləri soyqırımlar nəticəsində azərbaycanlılar amansızlıqla qətlə yetirildi, öz yurd-yuvasından didərgin salındı, yüzlərlə yaşayış məntəqəsi dağıdıldı. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə Ermənistan Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış etməyə başladı. 1988-ci ildən etibarən başlayan separatçı hərəkat nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal edildi.

Bu illərdə ölkəmiz həm iqtisadi, həm də siyasi baxımdan ciddi sınaqlardan keçirdi. İnsanlar doğma torpaqlarından didərgin düşmüş, ölkənin ərazi bütövlüyü pozulmuşdu. Bütün bu amillər Azərbaycan dövlətçiliyinin əsas prinsiplərinə zidd olmaqla yanaşı, həm də milli kimlik və dövlət müstəqilliyi üçün ciddi təhdidlər yaratmışdı.

2020-ci ilin yayından etibarən Ermənistan silahlı qüvvələrinin təxribatları intensiv xarakter almağa başladı. Xüsusən Tovuz hadisələri göstərdi ki, Ermənistan regionda yeni müharibə ocağı yaratmaq niyyətindədir. Azərbaycanın sərhədyanı bölgələrinə edilən hücumlar həm mülki əhalini hədəfə alır, həm də regional kommunikasiyaları təhlükə altında qoyurdu. Bu təxribatların ardınca 27 sentyabrda atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu genişmiqyaslı hücuma keçdi. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq əks-hücum əməliyyatlarına başladı. Beləliklə, bu, yalnız təsadüfi başlanğıc deyildi. Uzun illər davam edən işğal siyasətinə cavab, xalqın ədalət tələbinin həyata keçirilməsi və dövlətin suveren hüquqlarının bərpası istiqamətində atılmış tarixi addım idi. Özünü beynəlxalq aləmdə təsdiq edən, nələrə qadir olduğunu göstərən bu xalq bir daha nümayiş etdirdi ki, onun sarsılmaz birliyi, dəmir yumruğu istənilən azğın düşmənin öhdəsindən qısa müddətdə gəlməyə qadirdir. Bu birlik otuz ilə yaxındır nəinki Azərbaycanın, hətta bütün qonşu xalqların əziyyət çəkdiyi erməni vandalizminə 44 gün ərzində son qoydu. Qısa bir müddətdə öz işğal olunmuş torpaqlarını azad edən müzəffər Azərbaycan Ordusu həm də regionun mənzərəsini dəyişdi, ölkələr arasındakı vəhşi düşmən tərəfindən süni şəkildə yaradılmış maneələri dəf etdi.

Vətən müharibəsi yalnız hərbi qələbə deyildi. Bu, Azərbaycan dövlətçiliyinin siyasi, hüquqi və ideoloji baxımdan möhkəmlənməsi prosesi idi. Döyüş meydanında qazanılan uğurlar dövlətin beynəlxalq nüfuzunu artırdı, xalqın milli birliyini gücləndirdi və dövlətçilik ənənələrinin inkişafına xidmət etdi. Bu hadisələr həm də dövlət-xalq münasibətlərinin yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Xalq öz liderinə güvənini nümayiş etdirdi, dövlət isə bütün imkanlarını və resurslarını xalqın rifahı və təhlükəsizliyi üçün səfərbər etdi. Bu proses Azərbaycan dövlətçiliyinin dayanıqlılığını sübut etdi, milli dövlətçilik ideyalarının möhkəmlənməsinə mühüm təsir göstərdi. Müharibə zamanı Azərbaycan cəmiyyətində siyasi baxışlardan, sosial təbəqə fərqlərindən asılı olmayaraq, vahid milli ideya formalaşdı. Azərbaycançılıq ideologiyası dövlətçilik tarixində özünün ən güclü ifadəsini tapdı. Bu ideologiyanın əsas prinsipi bütün vətəndaşların dövlətə, orduya sədaqəti, torpaq uğrunda mübarizədə birləşməsi idi. Vətən müharibəsi sübut etdi ki, xalq və dövlət bir məqsəd uğrunda mübarizə apardıqda,
qarşısıalınmaz bir gücə çevrilir.

Azərbaycanın Vətən müharibəsi nəticəsində əldə etdiyi qələbə çoxşaxəli nəticələr doğurdu. Əvvəla, dövlətin ərazi bütövlüyü bərpa olundu. Bu, Azərbaycanın haqlı mövqeyinin təsdiqi idi, dövlətimizin beynəlxalq hüququn tələbləri çərçivəsində öz hüquqlarını özünün bərpa etməsi idi. Digər tərəfdən, Azərbaycanın regiondakı nüfuzu əhəmiyyətli dərəcədə artdı. İqtisadi baxımdan isə işğaldan azad olunmuş ərazilərin bərpası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizi kimi strateji layihələrin gündəmə gəlməsi ölkənin gələcək inkişafı üçün yeni imkanlar yaratdı. Beynəlxalq miqyasda isə Azərbaycan etibarlı tərəfdaş, güclü dövlət imici qazandı.

Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq tarixə qızıl hərflərlə yazıldı. Ordunun yüksək peşəkarlığı, müasir texnologiyalardan səmərəli istifadəsi və strateji üstünlüyü, nümayiş etdirdiyi bənzərsiz vətənpərvərlik nümunəsi qələbəni şərtləndirən əsas amillərdən oldu. Lakin ordunun uğurları yalnız texniki imkanlarla deyil, həm də xalqın mənəvi dəstəyi ilə mümkün oldu. Müharibə dövründə xalq-ordu birliyi özünün ən yüksək zirvəsinə çatdı. 27 sentyabr Azərbaycan dövlətçilik tarixində yalnız müharibənin başlanğıcı deyil, həm də milli dövlətin gücünün nümayişi kimi əhəmiyyət kəsb edərək bu gün Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq qətiyyətinin simvoluna çevrildi. Dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan bu mübarizə xalqın milli kimliyinin qorunmasında və möhkəmlənməsində əvəzsiz rol oynadı. Beləliklə, Vətən müharibəsi Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri kimi qiymətləndirilməlidir. Bu qələbə xalqın milli birliyinin, dövlətin siyasi iradəsinin və beynəlxalq hüququn təntənəsi idi. Müharibə nəticəsində qazanılan qələbə yalnız hərbi uğur deyil, həm də dövlətçilik ideologiyasının möhkəmlənməsi, milli həmrəyliyin güclənməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artması deməkdir. Vətən müharibəsi gələcək nəsillərə vətənpərvərlik, dövlətə sədaqət, müstəqilliyə bağlılıq və milli qürur nümunəsi kimi çatdırılmalıdır. Dövlətimizin yürütdüyü uğurlu siyasət, nümayiş etdirdiyi qətiyyət və iradə, həmçinin ordumuzun şücaəti, qəhrəmanlığı və fədakarlığı sayəsində biz qalib ölkə, müzəffər xalq kimi yaşayırıq. İşğaldan azad olunmuş torpaqlarımızda sürətlə aparılan böyük quruculuq işləri Azərbaycanın bu torpaqlara qayıdışının real və davamlı olduğunu, Qarabağ və Şərqi Zəngəzurun ölkəmizin ümumi iqtisadi-siyasi həyatına inteqrasiyasını təmin edir.

Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru

Daha çox xəbərlər