Gümrüdən 3 ölkənin müstəqilliyinə “atəş”
Cənubi Qafqaz rus asılılığından necə qurtulacaq? – rəy
Bu günlərdə Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasında “Xalq Birliyi Günü” adı ilə geniş bayram tədbiri keçirilib. Tədbirdə Rusiyanın Ermənistandakı baş konsulu İqor Titov, hərbi baza rəhbərliyi, yerli məmurlar və Rusiyadan gəlmiş qonaqlar iştirak ediblər.
Məlumata görə, tədbirdə xidmət fərqlərinə görə bir sıra hərbçilər mükafat, fəxri fərman və təşəkkür məktubları ilə təltif olunublar. Bəzi zabitlərə növbəti hərbi rütbələr təqdim edilib. Rusiya tərəfi bu mərasimi “iki xalqın dostluğunun simvolu” adlandırıb.
İqor Titov çıxışında bu xüsusda deyib: “Bu gün birlik təkcə hiss olunmur, o, Ermənistan torpağında daha da möhkəmlənir. Biz burada, qardaş ölkədə özümüzü evimizdə kimi hiss edirik”.
Bundan öncə Gümrüdəki hərbi şəhərciklərdən birində “Açıq qapı günü” təşkil olunub. Qonaqlar “Patriot” parkında nümayiş etdirilən hərbi texnika ilə tanış olub, orkestrin çıxışını izləyib, həmçinin Rusiya və Ermənistan mətbəxlərinə aid yeməklərdən dadıblar.
Bu cür tədbirlər şübhə yox ki, Rusiyanın Ermənistandakı hərbi varlığını bundan sonra da legitimləşdirməyə, onu “dostluq və birlik” çərçivəsində təqdim etməyə yönəlib. Halbuki faktiki olaraq Gümrüdəki Rusiya hərbi bazası Ermənistanın suverenliyinə, özəlliklə də Paşinyan hökumətinə ciddi təhdiddir.
Rusiya ordusu təkcə Ermənistan ərazisində mövcud olmaqla kifayətlənmir, həm də bu ölkənin Cənubi Qafqazdakı balans siyasətini öz xeyrinə yönəltməyə çalışır. Moskva üçün bu baza əslində regionda hərbi-siyasi təzyiq alətidir – həm Türkiyə, həm Azərbaycan, həm də Qərblə əlaqə qurmaq istəyən Ermənistan üçün.
Xatırladaq ki, 102-ci hərbi baza Türkiyə sərhədinə yaxın məsafədə yerləşir və təxminən 5000 hərbçi burada xidmət edir. Rusiya bu bazanı formal olaraq KTMT çərçivəsində “sülh və təhlükəsizlik təminatı” kimi təqdim etsə də, reallıqda o, Moskvanın bölgədə qalıcı təsirini qorumaq məqsədi daşıyır. Ekspertlərə görə, Rusiya bu baza vasitəsilə İrəvanı Cənubi Qafqazda müstəqil qərarlar verməkdən çəkindirir. “Ermənistanda rus birliyi hiss olunur” ifadəsi, faktiki olaraq, Ermənistanın öz milli kimliyinin və qərarvermə azadlığının təhdid altında olması mənasına gəlir.
Məlumdur ki, Azərbaycan ərazisində rus hərbçiləri yoxdur. Gürcüstanda da legitim Rusiya bazası mövcud deyil, yalnız işğal altındakı Abxaziya və Cənubi Osetiyada var.
Bəs Ermənistan rus asılılığından nə vaxt qurtulacaq, qurtula biləcəkmi və necə? Azərbaycan bundan necə təsirlənə bilər, hansı ön tədbirləri görməliyik?

Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a yada saldı ki, Rusiya prezidenti Vladimir Putin “bizim missiyamız Rusiya torpaqlarını toparlamaq və möhkəmləndirməkdir” deyib. Onun fikrincə, Ukraynaya qarşı işğalçı müharibə bu istiqamətdə atılan ilk addımdır: “Ukraynanı nəzarətə götürdükdən sonra Putin digər keçmiş sovet respublikalarında da daha da möhkəmlənmək və onları mümkün olsa qısa müddətdə bir vahid dövlət halında birləşdirmək istəyirdi. Ukraynada müəyyən uğurlar var, ancaq digər keçmiş sovet respublikaları Rusiyanın Ukraynada düşdüyü vəziyyətdən yararlanaraq ondan uzaqlaşmağa başladılar. Rusiya Azərbaycandan, demək olar ki, çıxdı və bu gün Azərbaycan Rusiyanın ən az təsir etdiyi müstəqil dövlət sayılır. Mərkəzi Asiya dövlətləri həm Çinə daha çox yaxınlaşdılar, həm də ABŞ və Avropa ilə əlaqələri gücləndirdilər. Ukrayna müharibəsi Rusiyanın bu addımlara qarşı çıxmaq imkanlarını xeyli məhdudlaşdırdı. Ermənistanda durum bir qədər fərqlidir. Ermənistanla Rusiya arasında 1995-ci ildə imzalanmış 102-ci hərbi bazanın Ermənistanda fəaliyyəti haqqında müqavilə var. Bu müqaviləyə görə hərbi baza 49 il ərzində, yəni 2044-cü ilə qədər Ermənistanda qalmalıdır. Vaxtından əvvəl çıxması üçün mütləq Rusiyanın razılığı olmalıdır. Bu, müqavilədə öz əksini tapıb”.
Mütəxəssisin sözlərinə görə, sərhədlərin birgə qorunması haqqında 1992-ci ilin 30 sentyabrında imzalanmış müqaviləyə əsasən, müddətsiz olaraq Ermənistanın İran və Türkiyə sərhədləri Rusiyanın nəzarətinə verilib: “Burada da Rusiyanın razılığı olmadan hansısa addımı atmaq çox çətindir. Ancaq Ermənistanda bu proseslər gedir. Rusiya da bunun qarşısını almaq üçün hələlik bütün ümidlərini gələn il keçiriləcək parlament seçkilərinə bağlayıb. Parlament seçkilərində öz tərəfdarlarının blok halında iştirak etməsinə cəhd göstərir, Ermənistanda az-çox nüfuzu olan bütün qüvvələri birləşdirməyə çalışır. Rusiya bununla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Lakin Paşinyan mütləq qalib gəlməlidir və Rusiyanın planı pozulmalıdır”.
Abutalıb Səmədov qeyd etdi ki, əgər Paşinyan seçkini udarsa Rusiyanı bölgədən çıxarmaq, 102-ci Rusiya hərbi bazasını və sərhədçilərini çıxarmaq üçün Ermənistan real addımlar ata bilər: “Baxmayaraq ki, iqtisadi cəhətdən Ermənistanın Rusiyadan asılılığı çox böyükdür. Bu da Ermənistan hakimiyyəti qarşısında çox ciddi problemlər yaradır. Ermənistandakı əsas müəssisələr Rusiyanın tabeliyində və rus sahibkarlarının mülkiyyətindədir. Bunları tədricən geri qaytarmaq lazımdır. İstiqamət götürülüb, Paşinyan Qərbə yaxınlaşmaq istəyini açıq şəkildə elan edib və bu yöndə fəaliyyətini davam etdirir. Rusiya isə başı Ukraynada qarışdığından hələlik bu addımlara adekvat reaksiya verə bilmir. Bu məqamda Azərbaycan neyləməlidir? Azərbaycan Rusiyanın təsirini minimuma endirib. Bundan sonra da həm Çinlə, həm ABŞ ilə əlaqələr daha da inkişaf etdirilməlidir. Türkiyə ilə birgə fəaliyyətimizi genişləndirməliyik. Türk Dövlətləri Təşkilatının güclənməsi üçün əlimizdən gələni edirik və bundan sonra da etməliyik. Bütün bu addımlar, eyni zamanda ordumuzun daha da güclənməsi, iqtisadi islahatların aparılması gələcəkdə imkan verəcək ki, Rusiyanın yenidən bölgədə möhkəmlənməsinin qarşısını almaq mümkün olsun. Təbiidir ki, burada Gürcüstan hakimiyyətinin tutduğu mövqe kifayət qədər problemlər yaradır və Rusiya Ermənistanda Gürcüstan variantını tətbiq etməyə çalışır. Ümid edək ki, bu plan pozulacaq və ”İvanişvili-2 layihəsi” boşa çıxacaq və Rusiyanın Cənubi Qafqazda qalmaq cəhdləri nəticə verməyəcək”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

