Cəmiyyət 

Son 1 həftədə 166 sahibkarın ölkədən çıxışı qadağan olunub – VERGİNİ ÖDƏYƏ BİLMİRLƏR

Açıq mənbələrdəki son məlumatlar biznes mühitində ciddi narahatlıq doğuran bir tendensiyanı üzə çıxarır. E-mehkeme.gov.az portalında kommersiya məhkəmələrinin işlərinə baxarkən elə bir mənzərə yaranır ki, sanki məhkəmələr və vergi orqanları “ölkədən çıxış qadağası”nı vergi borcunun yığılmasında əsas alətə çeviriblər.

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında deyib ki, yalnız 2025-ci ilin noyabr ayının ilk 7 günündə Bakı Kommersiya Məhkəməsində vergi orqanları tərəfindən 166 iş qaldırılıb. Bu işlərin hamısı “vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlıdır. Sumqayıt Kommersiya Məhkəməsində isə noyabr ayı ərzində 20-dən çox eyni xarakterli iş qeydə alınıb. Oktyabrda da dinamika oxşar idi, lakin açıq reyestrdən bütün işləri ayrıca saymaq mümkün olmayıb, bu da işlərin çoxluğuna bir daha işarə edir”.

Cavad Cavadov deyib ki, 2025-ci ilin hələ başa çatmamasına baxmayaraq, ilin I yarısına aid rəsmi statistik məlumat artıq narahatlıq doğurur:

“Kommersiya məhkəmələrində cəmi 6 811 işə baxılıb. Onlardan 2 min 301-i “ölkədən çıxışa müvəqqəti qadağa” tələbləridir. Bu tələblərin 2 min 207-si təmin edilib, yəni təminat faizi 95,9% təşkil edir. Sadə dillə desək, vergi orqanlarının hər 100 müraciətindən 96-sı məhkəmələr tərəfindən təmin olunur”.

Bu rəqəmlər bir sualı aktuallaşdırır: məhkəmələr bu işlərə fərdi, yoxsa avtomatik yanaşır?

Cavad Cavadov deyir ki, xüsusi icraat qaydasında baxılan belə işlər sürətli prosedurla həyata keçirilir: “Amma bu sürət bəzən mütənasiblik prinsipini zəiflədir. Hakimlər yüzlərlə eyni tipli işi bir neçə günə baxarkən fərdi vəziyyətləri dərin təhlil etmək imkanından məhrum olurlar. Konstitusiyanın 28-ci maddəsi hər bir vətəndaşa hərəkət azadlığı təmin edir. Vergi borcuna görə ölkədən çıxışın məhdudlaşdırılması yalnız zəruri və son vasitə kimi tətbiq oluna bilər. Halbuki, indi bu tədbir çox hallarda ilk seçim kimi görünür. Hüquqi şəxsin rəhbərinə münasibətdə çıxış qadağası yalnız o halda əsaslandırıla bilər ki, borcun yaranmasında onun şəxsi məsuliyyəti sübuta yetirilsin və alternativ vasitələr (ödəmə cədvəli, girov, əmlak yönləndirilməsi və s.) yetərsiz qalsın. İşlərin bu qədər çoxluğu artıq inzibati avtomatizasiya təəssüratı yaradır. Yəni, vergi borcu yaranan kimi avtomatik olaraq “çıxış qadağası” mexanizmi işə düşür”.

Cavad Cavadovun sözlərinə görə bu isə iki əsas problem doğurur:

“Biznes mühiti üçün risk sahibkarın və ya rəhbərin ölkədən çıxışına məhdudiyyət qoyulması, beynəlxalq tərəfdaşlarla əlaqələri çətinləşdirir. Bundan başqa, iqtisadi soyuma effekti, qeyri-müəyyənlik, sərt inzibati tədbirlərin kütləviliyi investisiya mühitinə mənfi təsir göstərir. Vergi intizamının gücləndirilməsi dövlət üçün vacib hədəfdir. Amma bu məqsədə çatmaq üçün daha yumşaq və səmərəli yollar mövcuddur. Könüllü ödəmə təşviqi, mərhələli ödəniş planlarının genişləndirilməsi, əmlak üzərinə yönəlmə kimi vasitələrin prioritetləşdirilməsi kimi istiqamətlərə də baş vurulması işin xeyrinə ola bilər. Çıxış qadağası yalnız bu üsullar nəticə vermədikdə, yəni son çarə kimi tətbiq edilməlidir. Eyni zamanda, vergi orqanları hər rüb belə qadağaların sayını, əsaslandırmasını və nəticələrini (borcun yığılmasına real təsirini) ictimaiyyətə açıqlamalıdır”.

Cavad Cavadov vurğulayıb ki, vergi borcuna görə ölkədən çıxışa qadağa hüquqi baxımdan mümkündür, amma bu, fərdi məsuliyyətə əsaslanan, şəffaf və mütənasib qərar olmalıdır:

“Bir neçə gün ərzində yüzlərlə insanın ölkədən getmək hüququnun məhdudlaşdırılması, əslində, vergi intizamı deyil, idarəetmə mexanizminin sərtləşməsi deməkdir. Vergi yükünün qarşıdan gələn illərdə artacağı proqnozu fonunda bu praktika təcili şəkildə yenidən qiymətləndirilməlidir. Çünki hüquqi dövlətin göstəricisi yalnız vergi toplama gücü deyil, həm də vətəndaş azadlıqlarına ədalətli yanaşma səviyyəsidir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Daha çox xəbərlər