Xankəndidə mənzillər satışa çıxarılacaq
Xankəndidə mənzillər satışa çıxarılacaq.
Bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
Onun sözlərinə görə, şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Elçin Yusubov bildirib ki, artıq Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub.
Xüsusi nümayəndənin sözlərinə görə, mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq: “Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək”.
Qeyd olunub ki, Xankəndidə aparılan tikinti və bərpa işləri şəhərin müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.//APA

