31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixi yaddaş və həqiqətlərin dünyaya çatdırılması
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixi yaddaşında silinməz iz buraxmış faciələrin anım günüdür. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı həyata keçirilmiş kütləvi qırğınlar yalnız bir dövrün faciəsi deyil, xalqımıza qarşı uzun illər davam etdirilən məqsədli etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Bu hadisələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi isə məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi ilə mümkün olmuşdur. 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart günü dövlət səviyyəsində anım günü elan edilmişdir.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması yalnız müstəqillik dövründə sistemli xarakter almışdır. 1998-ci ildən başlayaraq hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, qurbanların xatirəsi ehtiramla yad edilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı törədilmiş cinayətlərə yönəldilir. Bu siyasət tarixi həqiqətlərin unudulmaması, gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağ və Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarında XIX əsrin əvvəllərindən etibarən erməni əhalisinin məqsədli şəkildə yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınların törədilməsi, daha sonra Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə yüz minlərlə soydaşımızın deportasiyası bu təcavüzkar siyasətin ardıcıl mərhələlərini təşkil edir. Bu faktlar bir daha sübut edir ki, xalqımıza qarşı zorakılıq ayrı-ayrı epizodlardan ibarət olmayıb, uzunmüddətli strateji xətt kimi həyata keçirilib.
1998-ci ildə imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tariximizdə xüsusi yer tutur. Həmin sənəd təkcə 1918-ci il mart hadisələrinə deyil, XIX–XX əsrlər boyu xalqımıza qarşı törədilmiş deportasiya, etnik təmizləmə və qətliam siyasətinə ümumi siyasi-hüquqi qiymət verdi. Bu Fərmanla dövlət səviyyəsində tarixi yaddaşın bərpası prosesi başlandı, arxiv materiallarının öyrənilməsi, beynəlxalq platformalarda həqiqətlərin yayılması üçün mühüm zəmin yarandı.
Son illərdə tarixçilər, arxivşünaslar və beynəlxalq ekspertlər tərəfindən aparılan araşdırmalar yeni faktların üzə çıxmasına səbəb olmuşdur. Müxtəlif ölkələrin arxivlərindən əldə edilən sənədlər, şahid ifadələri, xəritələr və statistik materiallar 1918-ci ildə azərbaycanlıların sistemli şəkildə məhv edilməsini təsdiqləyən mühüm sübutlardır. Bu tədqiqatlar soyqırımı coğrafiyasının daha geniş olduğunu və qurbanların sayının daha çox olduğunu göstərir. Elmi araşdırmaların dərinləşməsi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
Soyqırımı həqiqətlərini təsdiq edən ən mühüm faktlardan biri 2007-ci ilin aprelində Quba şəhər stadionunun təmiri zamanı aşkar edilmiş kütləvi məzarlıqdır. Aparılan qazıntılar zamanı aşkarlanan insan qalıqları 1918-ci ildə dinc əhaliyə qarşı törədilmiş qətliamın real sübutu kimi tarixə düşdü. Sonrakı ekspertiza işləri burada azərbaycanlılarla yanaşı, bölgədə yaşayan digər etnik qrupların nümayəndələrinin də qətlə yetirildiyini göstərdi. Bu tapıntı soyqırımı faktlarının yalnız yazılı mənbələrdə deyil, maddi sübutlarla da təsdiqləndiyini ortaya qoydu. Sonradan burada Quba Soyqırımı Memorial Kompleksi yaradıldı.
Bu gün Azərbaycan dövləti 31 Mart həqiqətlərinin dünyaya çatdırılması istiqamətində prinsipial və ardıcıl siyasət yürüdür. Xarici ölkələrdə yaşayan azərbaycanlı icmaları, diaspor təşkilatları, beynəlxalq ekspertlər və media nümayəndələri bu prosesdə mühüm rol oynayırlar. Saxta təbliğat nəticəsində formalaşdırılmış yanlış təsəvvürlərin dəyişdirilməsi, hadisələrə hüquqi-siyasi qiymət verilməsi mürəkkəb olsa da, olduqca şərəfli və müqəddəs missiyadır.
Bu baxımdan Abşeron–Xızı iqtisadi rayonu üzrə Sumqayıt, Abşeron, Xızı, Quba–Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Mərkəzi Aran iqtisadi rayonu üzrə Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab, eləcə də Mil–Muğan iqtisadi rayonu üzrə Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarında keçirilən anım tədbirləri, konfranslar, sərgilər və maarifləndirici görüşlər tarixi yaddaşın qorunmasına böyük töhfə verir.
Nəticə etibarilə, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız faciənin xatırlanması deyil, həm də milli yaddaşın, tarixi ədalətin və beynəlxalq həqiqət mübarizəsinin simvoludur. Soyqırımı qurbanlarının xatirəsini yaşatmaq, bu həqiqətləri gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Emin Əliyev,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

