O yol bizim yolumuzdur…
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Zəngəzur dəhlizi ilə bağlı paylaşımı günün təsir hadisələrindən oldu. “Bir neçə həftə əvvəl Zəngəzur dəhlizinin dəmir yolu xəttinə aid videogörüntüləri paylaşmışdım. Bu gün isə dəhliz çərçivəsində inşa olunan yüksək sürətli avtomobil yolunun videosunu təqdim edirəm — bu layihə regionun gələcəyini formalaşdırır”, – Prezidentin köməkçisi qeyd edib. Videogörüntülər Zəngəzur dəhlizinin yüksək səviyyədə çəkilən avtomobil yolunu əks etdirir – qürurvericidir!
Qısa müddət ərzində Azərbaycan dövləti Zəngəzur dəhlizinin dəmir yolu xəttini çəkməklə yanaşı, avtomobil yolunun tikintisini də başa çatdırmaq üzrədir. Prezident İlham Əliyev son günlərdə elə Mərkəzi Asiya ölkələrində olduğu zaman Zəngəzur dəhlizi ilə bağlı xoş xəbəri çatdırmışdı. Artıq dəhlizin Azərbaycan hissəsinin tikintisinin başa çatdırılması ilə bağlı ayların gerisayımı başlayıb! Dövlət başçımız demişdi ki, uzağı 2026-cı ilin ortalarınadək dəhlizin Azərbaycan hissəsində tikinti başa çatdırılacaq!
![]()
Dəmir yolu xəttinin tikintisinə ölkəmizdəki diplomatik korpusun təmsilçləri də elə bu yaxınlarda şahidlik etmişdilər. Avtomobil yolunun çəkilişi də eyni sürətlə və keyfiyyətlə davam etdirilir. Artıq Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizinin qarşısını kəsmək mümkün deyil, əks halda, Ermənistan birdəfəlik batar! Baş nazir Nikol Paşinyan bu günlərdə bəyan edib ki, İrəvan ABŞ-la məşhur “Tramp marşrutu”nun – Zəngəzur dəhlizinin uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantı – 49 illik və 99 illik müddətləri – müzakirə edir. Onun sözlərinə görə, icarə müddətləri birbaşa olaraq ABŞ investorlarının yatırımlarına və onların geri dönüş ehtiyacına bağlıdır. “Müddətlər investisiyaların həcmi və onların geri qaytarılması ilə əlaqəlidir. İnvestor əmin olmalıdır ki, qoyduğu vəsait ona geri qayıdacaq və müəyyən mənfəət əldə edəcək”, Paşinyan deyib. Azərbaycan üçün fərqi yoxdur, dəhlizi kim tikir, kim kimə icarəyə verir, bizə ölkəmizin əsas hissəsindən Naxçıvan bölgəmizə sərbəst gediş-gəlişin, yükdaşımaların təmin olunması lazımdır! Təkcə qatarla deyil, həm də avtomobil yolu ilə! O yol ki, ötən əsrin 80-ci illərində mərhum Heydər Əliyevin təşəbbüsü ilə çəkilişinə başlanılmışdı. Lakin sonradan qeyri-müəyyən səbəblərdən – şübhə yoxdur ki, ermənilərin barmağının olmasına görə – magistral yolun tikintisi yarımçıq saxlanmışdı.
![]()
Şübhə yoxdur ki, vaxtilə Heydər Əliyev ermənilərin məkrli niyyətlərindən xəbərdar olduğu üçün Moskvada işlədiyi dönəmdə bu yolun çəkilişinə nail olmaq istəyirmiş. Bunu isbat etməkdən ötrü bir neçə faktı xatırlatmaq kifayət edər. 1929-cu ildə Azərbaycanın Nüvədi və digər bir neçə kəndinin Ermənistana verilməsinin Ali Sovetdə ratifikasiya edilməsi yalnız 40 il sonra baş vermişdi – Heydər Əliyev hakimiyyətə gəlməzdən iki ay əvvəl, 1969-cu ilin mayında. Sonrakı dönəmdə ermənilərin Azərbaycandan müxtəlif adlar altında torpaq qopartması mümkün olmamışdı. Yalnız mərhum Prezident SSRİ rəhbərliyinə yüksək vəzifəyə təyin olunandan sonra ermənilər yenidən aktivləşməyə, “yaylaq”, “qışlaq” adı altında ərazilərimizə soxulmağa başlamışdılar. Və Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra Qarabağda məlum hadisələrə start verildi…Eyni zamanda Qərbi Zəngəzurdan keçən, Azərbaycan SSR-in balansında olan dəmir yoluna paralel avtomobil yolunun çəkilməsi ilə bağlı işlər də yarımçıq saxlanıldı 80-ci illərdə…
![]()
Vaxtilə əslən Nüvədi kəndindən olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, sabiq deputat Alqış Həsənoğlu “Yeni Müsavat”a bu barədə dedtallı danışmışdı.
O, bildirmişdi ki, Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti olub. “Həmin yolun tikintisi birbaşa Moskvanın nəzarəti altında idi. Ölkənin tikinti-quraşdırma, körpü salmağa, yol ötürücüləri qurmağa dair ən müasir avadanlıqları bu proyektin reallaşmasına səfərbər edilmişdi. Yolun bütün xərclərini SSRİ Müdafiə Nazirliyi maliyyələşdirirdi. Burada bir incəlik var. Yolun adı hərbi strateji xarakterli olsa da, mahiyyətcə siyasi idi, Bakı-Naxçıvan yolu idi. Bu yolun çəkilişi ilə bağlı müzakirələr 79-cu ilin sonlarından başlayaraq start götürmüşdü. Axı, Moskvanın ciddi nəzarəti altında Heydər Əliyev “mən Naxçıvana Mehridən yeni yol çəkirəm” düşüncəsini açıq-aşkar həyata keçirə bilməzdi. Ona görə bu yol Müdafiə Nazirliyinin layihəsi kimi Siyasi Büroda təsdiq edilmişdi”. Alqış Həsənoğlu bildirmişdi ki, o vaxt Naxçıvanda yolun ancaq Mehrinin Aldərə kəndinə qədər hissəsini çəkmək mümkün olub. “Haradasa 20 km məsafə qalmışdı ki, ermənilər müxtəlif bəhanələrlə bu yolu tamamlamağa imkan vermədilər. Çünki ermənilər bu yolun nə demək olduğunu hamıdan əvvəl dərk etmişdilər. Atam danışırdı ki, Ermənistan Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Dallakyan təbliğat aparırmış ki, buna imkan vermək olmaz, bu yolun çəkilişi nəticəsində Mehridə yüzlərlə hektar meyvə bağı tələf olacaq. Əlbəttə ki, meyvə bağları bəhanə idi. Digər tərəfdən, deyirdilər ki, Bakı-Naxçıvan yolu artıq Mincivan, Qafan, Maralzəmi, Lehvaz və Mehridən keçir. Qalan 20-25- km-lik Nüvədi-Aldərə yolunu çəkməyə ehtiyac yoxdur. Əsas məqsəd isə Bakı-Naxçıvan yolunu əngəlləmək idi. Təəssüf ki, o zaman ermənilər buna nail ola bildilər”, sabiq deputat bildirmişdi…
![]()
Budur, Zəngəzur dəhlizi reallaşır, Prezident İlham Əliyevin liderliyi və ideya müəllifliyi ilə! 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşma təkcə Azərbaycan üçü, Türk dünyası, region ölkələri üçün deyil, həm də qlobal əhəmiyyətli anlaşmadır. Faktiki olaraq Prezident İlham Əliyev daha bir ATA VƏSİYYƏTİNİ həyata keçirməkdədir – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına rahat gediş-gəlişi təmin edəcək avtomobil yolunun, ümumilikdə dəhlizin tikintisinə nail olmaqla!
![]()
Daha bir zəruru xatırlatma: 1920-ci il dekabr ayının 2-də Naxçıvan İnqilab Komitəsinin qərarı ilə dəmir yolunun Naxçıvan şöbəsi yaradılıb. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 20 oktyabr 1926-cı il tarixli qərarı ilə Naxçıvan Dəmir Yolu Stansiyasının rəsmi açılışı olub. Şərur-Culfa sahəsindəki yol təsərrüfatı qurğularına xidmət göstərmək məqsədilə 1928-ci ildə Naxçıvan Yol Distansiyası fəaliyyətə başlayıb. 1936-cı ildə Ələt-Mincivan xəttinin tikintisi başa çatıb və istismara buraxılıb. Ümumi uzunluğu 126 kilometr olan Mincivan-Culfa dəmiryol xətti isə Naxçıvanı Azərbaycanın paytaxtı ilə birləşdirib. Bu sahədə yol təsərrüfatına xidmət məqsədilə həmin ilin sentyabr ayında Ordubad Yol Distansiyası yaradılıb. Bütün bunlar onu deyir və təsdiqləyir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəmizi birləşdirən dəmiryolu xətti Azərbaycan SSR-iyə məxsus olub, respublikamızın dəmiryollarının balansına daxildir! Nikol Paşinyan bu tarixçəni bildiyi üçün “zilə çıxmağa” cəsarət eləmir. Əks halda, onu çox pis tale gözləyə bilər! Azərbaycan işğal dövründə təkcə dəmiryollarına dəymiş zərərin ödənilməsini tələb etsə, o halda…
Necə deyərlər:
“Orda bir yol var, uzaqda,
O yol bizim yolumuzdur…
Dönməsək də, varmasaq da,
O yol bizim yolumuzdur”.
İnşallah gedəcəyik də, gələcəyik də! Yolumuz açıq olsun!

