Dərsə gedən min uşaq – məktəb yollarında deyil
Bu günlərin söhbətidir. Saat 7.45. Yaşayış binasının önü. Dəhliz qapısı tez-tez açılıb-bağlanır. Gənc valideynlər kiçik övladlarını uşaq bağçasına, ibtidai sinif şagirdlərini isə məktəbə aparırlar. Birdən 4 yeniyetmə oğlan (8-9-cu sinif şagirdləri) binaya yaxınlaşır, biri cibindən çipli birka çıxarıb seyf qapını açır, dördü də içəri daxil olur. Onlardan 1-2 dəqiqə sonra həmin yaş civarında olan bir qız gəlir, o da çantasından çipli birka çıxarıb qapını açır, içəri keçir. Onun ardınca daha bir yeniyetmə qız gəlir, o da eyni şeyi edir.
Mənzərəyə baxan nabələd adam düşünər ki, xalqın uşağının sıralanıb məktəbə getdiyi bir vaxtda bu yeniyetmələr səhərin bu çağında nədən yaşayış binasına gəlirlər.
Ancaq bir az təcrübəli adam situasiyanın nə demək olduğunu dərhal anlayar. Bunlar repetitor yanına gələn şagirdlərdir. Müəllimləri onların hərəsinə bir çipli açar alıb verib ki, qapıda qalmasınlar, özü isə uşaqlar bir-bir, iki-bir gəldiklərində hər dəfə qapı açmağa qaçmasın.
Böyük ehtimalla bu uşaqlar rəsmən oxuduqları məktəbin rəhbərliyi ilə anlaşıblar, məktəbə getməməyin müqabilində onlara pul verir, repetitor yanına gedirlər.
Beləliklə, təhsilin pulsuz olduğu məmləkətdə övladını oxutmaq istəyən fədakar valideyn ikiqat xərcə düşür: həm övladına dərs verən repetitora, həm də uşağa dərs yox, dərsdən yayınmaq icazəsi verən məktəbə pul ödəyir.
Repetitorların haqqını vermək lazımdır. Onlar valideynlərdən qazandıqları pulun müqabilində öhdələrinə götürdükləri şagirdlərə əməlli-başlı bilik verirlər. Ona görə də bu gün ali məktəbə qəbul olunan abituriyentlərin 99 faizi məhz o zəhmətkeş repetitorların sayəsində tələbə olur.
Bu şəxslərin əməyinin və qazancının nə dərəcədə qanuni olması ikinci dərəcəli məsələdir. Əsas məsələ millətin övladlarının bilik əldə etməsi, ali məktəblərə qəbul olması, ölkədən xaricdə ən prestijli universitetlərdə təhsil ala bilməsidir.
Orası da var, hazırda repetitorların tərifi böyük, tarifi bahadır. Ancaq onların işi ağırdır, səhər saat 8-dən axşam saat 8-ə qədər işləyir, daha bir neçə qrupu qəbul edib yola salırlar. Ağır olsa da, effektiv əməkdir. Təcrübə göstərir ki, 8-10 şagirddən ibarət qruplara predmeti yaxşı mənimsətmək olur. Üstəlik, ümumi məktəbdə olduğu kimi, repetitor yanına gələn uşaqlar arasında cüvəllağı, avara uşaqlar olmur. 100-də 99-u oxuyan, zəkalı, zehinli uşaqlardır (tək-tək valideynlərini repetitor yanına getməsi ilə aldadan və hər ay nə qədər pulu havaya sovuranlar da ola bilər).
Göründüyü kimi, yazıda nə şagirdlərə “özəl dərs” deyən repetitorların, nə də onların yanına uşaq göndərənlərin ünvanına heç bir qınaq yoxdur.
Əgər ölkədə dövlət məktəbləri bərbad gündədirsə, şagird məktəbdə təhsil, bilik, tərbiyə ala bilmirsə, öz gücünə cabalayanları necə qınamaq olar?
Burada qınanılası ünvan ölkənin təhsil sistemini idarə edənlərdir. Uzun illərdir ki, belədir. Bu mərəz artıq təhsil sferasında sağalmaz xəstəliyə çevrilib, metastaz verib. Ona görə də, hər gün dərsə gedən min uşağın yolu məktəbə yox, özəl evlərə doğru düşür.
Lap sabah inzibati əmrlə, hüquq-mühafizə və vergi orqanlarının köməyi ilə repetitorluq fəaliyyəti tam nəzarət altına alınaraq yasaqlansa, inanın ki, gələcəyimiz kor olar. Növbəti qəbul ilində universitetlərin qəbul planı heç 20 faiz civarında da dolmaz. Ölkəmizin təhsilinin üzünü ağ edən repetitorlardır.
Dövlətin, Təhsil Nazirliyinin məktəblərdəki vəziyyəti düzəltməyə, məktəbi təhsil, bilik verən müəssisəyə çevirməyə gücü çatmır.
İndi elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında paylaşdığı açıqlamada medianı qınayır, jurnalistləri faktları kontekstdən çıxarmaqda və bəzi detalları ön plana çəkərək neqativ rəy yaratmaqda suçlayır.
Ancaq təhsil sferasındakı problemlərin təqsiri medianın fəaliyyətində deyil. Jurnalistlərin hansısa təhrifə yol verib-verməmələri heç nəyi həll etmir. Əsas məsələ odur ki, məktəblərdə ibtidai və orta siniflərdə pis yaxşı dərs keçilir, yuxarı siniflərin şagirdləri isə ya saat 7.45-də başqa ünvanlara gedirlər, ya da ümumiyyətlə, məktəbə getmirlər. Acı gerçəklik bundan ibarətdir.
Bu durumun səbəblərini təhsil ekspertləri yüz dəfə açıqlayıblar, yol göstəriblər, xarici ölkələrin təcrübəsindən misal gətiriblər, amma onların dediklərini ciddiyə alan olmayıb.
Bəzən fikirlər səslənir ki, təhsil pullu olsa, belə olmaz. Bu ölkədə onsuz da təhsil pulludur, sadəcə, o pullar məktəbə və dövlətə ödənilmir, dövlətin yaxşı maaaş verməli olduğu müəllimlərin cibinə gedir. Valideynlərdən çıxan pul onsuz da çıxır – özü də artıqlaması ilə.
Təhsilin pullu olacağı halda keyfiyyətinin yüksələcəyi haqda deyilənlər də gəlişigözəl sözlərdir.
Ona qalsa, Finlandiyada təhsil tam pulsuzdur, amma o ölkədə şagirdlərin bilik səviyyəsi, predmeti mənimsəmələri yüksək səviyyədədir. Finlər repetitor yanına uşaq göndərmirlər, məktəbə göndərirlər və məktəbdə onlara lazımınca dərs verilir.
Uzun sözün kəsəsi, təhsil xüsusunda optimist olmaq üçün heç bir əsas yoxdur. Nəsə güclü bir islahat lazımdır.

