Emin Əmrullayev onun Gürcüstan səfərini tənqid edən xanımın postuna şərh yazdı
Gürcüstanda yaşayan və “SOCAR Georgia”da çalışan Aygül İsayeva adlı xanım elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstana səfərinə dair post paylaşıb və məyusluğunu ifadə edib.
Musavat.com həmin postu təqdim edir:
“İki il əvvəl, 2023-cü ildə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Gürcüstana səfəri çərçivəsində Tbilisi Dövlət Universitetində (TSU) geniş tərkibdə görüş keçirib. Görüş zamanı universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına auditoriyada “Azərbaycanşünaslıq” istiqamətinin açılması məsələsi müzakirə olunub.
Aradan iki il keçdi və cənab nazir yenidən Gürcüstana gəldi, yenidən eyni məkanda eyni adamlarla görüşdü. Amma bu dəfə mövzu “Azərbaycanşünaslıq” deyil, Tbilisi Dövlət Universitetində çoxdandır mövcud olan və fəaliyyət göstərən “Qafqazşünaslıq” oldu. Görüşün sonu isə gürcü rəqs və mahnıları ilə yekunlaşdı.
Hər dəfə xatırlatmağa və müqayisə etməyə məcburam. Tbilisi Dövlət Universitetinin nəzdində illərdir “Ermənişünaslıq” ixtisası var, bu adda böyük kafedra da fəaliyyət göstərir. Bu ixtisası bitirənlər sərbəst şəkildə ermənidilli məktəblərdə “erməni dili və ədəbiyyatı” müəllimi olaraq da işləyə bilirlər. Bu ixtisası bitirən gənc kadrlar maneəsiz olaraq sertifikasiya imtahanlarında iştirak edib “baş müəllim” statusunu da ala bilirlər. Nəticədə maaşları ikiqat artır (1500 – 1700 lari).
Azərbaycan dili üzrə isə Gürcüstanda heç bir ixtisas olmadığı üçün yeni kadrlar hazırlanmır. Gənclər “Qafqazşünaslıq” ixtisasını bitirib Azərbaycan dilindən sertifikasiya imtahanından lazımi baryeri keçsələr belə, onlara “baş müəllim” statusu verilmir. Nəticədə bu müəllimlər statussuz müəllim olaraq aşağı maaşa (400 – 500 lari) işləmək məcburiyyətində qalırlar.
Məkan da var, kafedra üçün otaq da, resurs da.
“Ermənişünaslıq” fəaliyyət göstərdiyinə görə “Azərbaycanşünaslıq”ın açılmasına əsas da mövcuddur. Bəs illərdir bu danışıqlar niyə nəticə vermir?
İllər, fəsillər, səfirlər, nazirlər bir-birini əvəz edir, amma nəticə yoxdur. Azərbaycan dilinin məişət dili səviyyəsinə enməsini göstərən “göz oxşayan” nəticələri aşağıda təqdim edirəm. Vaxtınız olanda baxın – bəlkə vicdanınız bir az sızlayar.
– Orta məktəb təhsili olan 5 nəfər müəllim məktəblərdə Azərbaycan dilini tədris edir.
– 87 nəfər qeyri-ixtisas fənn müəllimləri Azərbaycan dilini tədris edir.
– Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikasiya imtahanlarının nəticələri aşağıdır. 2022-ci ildə cəmi 239 müəllimdən yalnız 9 nəfər “baş müəllim” statusunu alıb.
– Azərbaycan dili üzrə dərs saatları azaldılıb. Bir çox məktəblərdə Azərbaycan dili həftədə 1 saat tədris olunur, həftədə 2 saat isə Azərbaycan ədəbiyyatı fənninə ayrılır.
– 2025-ci ildə keçirilən “Azərbaycan dili üzrə I Regional Olimpiada”nın nəticələrinə əsasən, 91 şagird 65 baldan aşağı, 3 şagird isə 65 və daha yüksək nəticə göstərib. 94 şagirdin ədədi ortası 37,77 bal təşkil edib.
– 2024-cü ildə Azərbaycan dili üzrə keçirilən testin nəticələrinə əsasən, 591 şagird 65 baldan aşağı, 18 şagird isə 65 və daha yüksək nəticə göstərib. 609 şagirdin ədədi ortası 26 bal təşkil edib.
– PISA 2022 məlumatlarına əsasən, oxu məzmun xətti üzrə azərbaycandilli şagirdlərlə gürcüdilli şagirdlər arasında bal fərqi 80, azərbaycandilli şagirdlərlə rusdilli şagirdlər arasında isə 95 olub. Yəni azərbaycandilli şagirdlərin nəticələri gürcüdilli və rusdilli şagirdlərdən xeyli geri qalır.
– 20 ildir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır.
– 20 ildir ki, gürcü dilindən Azərbaycan dilinə tərcümə edilən dərsliklərdə Azərbaycan ədəbi dilinin normaları pozulur və ciddi tərcümə problemləri müşahidə edilir”.
Nazir Emin Əmrullayev Aygül İsayevanın paylaşımına şərh yazaraq cavab verib:
“Çox hörmətli Aygül xanım, yazdığınız post keçirilmiş görüşlərin məzmununu əsaslı şəkildə təhrif edir və oxucuda yanlış təəssürat yaradır. Bu görüşlərdə iştirak etmiş şəxs kimi bir daha təsdiq edirəm ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimlərin həm ilkin hazırlığı, həm də ixtisasartırma təlimləri əsas müzakirə mövzusu oldu və bir sıra razılaşmalara da vara bildik. Əsas məqam olaraq onu qeyd edim ki, həm ADA Universitetinin (və ya BDU-nun) Qazax şəhərində yerləşən filialı ilə əməkdaşlıqda birgə proqramların icrası, həm də Azərbaycan Respublikasının Təhsil İnstitutunun təlimçiləri tərəfindən Gürcüstanda ixtisasartırma təlimlərinin keçirilməsi qərarı verildi. 2026-cı ildə bu proqramların icrasına başlanılacaq ki, sizi də bu tədbirlərdə görməkdən məmnun olarıq.
O ki qaldı Qafqazşünaslıq ixtisası ətrafında olan müzakirələrə – bu məsələ tamamilə ayrı bir müzakirə mövzusu idi. Müzakirə olunan məqam əcnəbi tələbələrə (3-cü ölkə vətəndaşları üçün) yönəlik birgə proqram məsələsi idi.
Nəhayət ki, görüşün sonunun “gürcü rəqs və mahnıları ilə yekunlaşması” məsələsi – bu da yanlış məlumatdır.
Tədris Azərbaycan dilində aparılan məktəblərlə bağlı qeyd etdiyiniz məqamlar həqiqəti əks etdirir. Amma bu problemləri həll etmək üçün görülən işlərlə bağlı yanlış məlumatlar paylaşmağı faydalı hesab etmirəm. Mən əminəm ki, zamanla bu problemlər öz həllini tapacaq. Bu həllərin tapılmasının sürətlənməsi üçün isə daha çox bir-birimizlə əməkdaşlığı və məqsədyönlü işi vacib hesab edirəm. Uğurlar”.
Şahanə Rəhimli
Musavat.com

