Gündəm 

İki qardaş ölkə Dünya Çempionatı keçirir-“Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək”

Azərbaycan 2027-ci ildə çox önəmli bir tədbirə ev sahibliyi edəcək. 20 yaşadək kişilər arasında Futbol üzrə Dünya Çempionatı Özbəkistanla yanaşı həm də ölkəmizdə təşkil olunacaq. Artıq hazırlıq işlərinə indidən start verilib və yarışın təşkili üçün Təşkilat Komitəsi yaradılıb.

Belə bir çempionatın Azərbaycana salınması ölkənin idman siyasətinin böyük uğurlarından biri kimi qəbul olunur. Gələcəkdə belə yarışların ev ünvanı kimi Bakının seçilməsi üçün U20-nin ən yüksək səviyyədə təşkilinin vacibliyi vurğulanır. Əslində, ölkəmizin  bu cür yarışmaları keçirmək təcrübəsi də var. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları paytaxtımızda təşkil olunmuşdu. 2019-cu ildə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçirilmişdi. Bundan bir il sonra Avropa Çempionatının A qrupunun oyunları, eləcə də, 1/4 final mərhələsinin qarşılaşmasını azarkeşlər Azərbaycanda canlı izləmişdilər. Son illərdə “Formula 1” yarışlarının də Bakıda keçirildiyini də xatırlamaq kifayətdir.

Əslində, belə nümunələrin sırasını da genişləndirmək mümkündür. Sadəcə bunlar kifayət edir.

Bakıda keçirilən bu tipli yarışların hər birindən də beynəlxalq səviyyədə razılıq olunub. Onun üçün də U20-nin ölkəmizə salınması təsadüfi qəbul edilmir.

Qeyd edək ki, bu yarışmanın daha bir önəmli tərəfi də var. Bu da onunla bağlıdır ki, əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan bu Dünya Çempionatını dost-qardaş ölkələrdən biri sayılan Özbəkistanla birlikdə keçirəcək. Əslində, burada həm də bir siyasi mesaj duyulur. Yəni beynəlxalq aləm də artıq Azərbaycana ən yaxın dost ölkələr sırasında Özbəkistanı ilk sıralara qoyub.

Hər iki türk ölkəsi arasında son dönəmlərdə əlaqələr ən yüksək səviyyəyə qalxıb. Bir ay öncə Azərbaycan Prezidentinin Daşkəndə səfəri zamanı bütün dünya bir daha Azərbaycan-Özbəkistan qardaşlığına şahidlik etdi. İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında çox yaxın dostluq əlaqələri mövcuddur. Bütün bunların fonunda iki qardaş dövlətin U20-ni keçirmələrinin tarixi önəmi bir başqadır.
Tanınmış idman jurnalisti vəzifəsindən AYRILDI

İdman mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında Azərbaycanın idman ölkəsi kimi artıq beynəlxalq arenada qəbul olunduğunu söylədi: “Cənab Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində bu sahədə böyük uğurlar qazanırıq. İdmançılarımız beynəlxalq arenada hər il yüzlərlə medal qazanır, bayrağımızı yüksəldir, himnimizi səsləndirirlər. İdman meydanlarından kənarda da uğurlarımız var. Bu da bizim əla idman təşkilatçılığımızdır. Avropa və İslam Oyunları, müxtəlif növlərdə Dünya və Avropa çempionatları, digər multi-yarışlar ölkəmizdə keçirilir, yüksək təşkilatçılıqla fərqlənirik. Azərbaycan bu baxımdan yüksək standart müəyyənləşdirib və gün keçdikcə həmin standartları yüksəldir. Özbəkistanla birlikdə Futbol üzrə U-20 Dünya Çempionatının təşkili də bu qəbildəndir. Burada həm də prezidentin şəxsi təşəbbüsü də xüsusi əhəmiyyət kəsb edir. Bir idmansevər olaraq o, idmanın yüksək səviyyədə qalmasını və xalqlar arasındakı dostluğun sağlam və möhkəm olmasını istəyir. Bu təşəbbüs alqışlanmalıdır. Düşünürəm ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər