Gündəm 

ƏDV ilə bağlı YENİ XƏBƏR – Bundan sonra…

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir.

Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

Belə ki, 2026-cı ildən etibarən ƏDV qeydiyyat limitinin POS-terminal vasitəsilə aparılan nağdsız əməliyyatlara 0.5 əmsal tətbiq etməklə iki dəfə artırılaraq 400 min manata çatdırılacaq.

Həmçinin, eyni yanaşma vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi zamanı da tətbiq ediləcək.

Belə ki, Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı 100.000 manatdan çox olmadığı halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edə bilirdisə, 1 yanvar 2026-cı ildən etibarən ƏDV qeydiyyatının ləğvi zamanı vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Əkrəm Həsənov

Dəyişikliyi NOCOMMENT.az-a şərh edən iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, onsuz da ƏDV-nin bir hissəsi geri qaytarılır:

“Burada əsas sual ondan ibarətdir ki, yeni tətbiq edilən prinsip nədən ibarətdir və nəyi dəyişir? Əgər sahibkar, yəni satıcı ƏDV ödəyicisidirsə, bu halda mal və ya xidmət alan tərəf onsuz da ödənişi nağdsız etməyə maraqlıdır. Bunun səbəbi məlumdur: nağdsız ödəniş zamanı ƏDV-nin geri qaytarılan hissəsi nağd ödənişlə müqayisədə daha yüksəkdir. Bu mexanizm artıq formalaşıb və vətəndaş bunu bilir. Yəni yeni qaydalarda vətəndaşı əlavə təşviq etməyə ciddi ehtiyac qalmır, çünki o özü bu sistemdə maraqlıdır.

İndi isə məqsəd ondan ibarətdir ki, ƏDV ödəyicisi olmayan sahibkarlar da nağdsız ödənişlərdə maraqlı olsunlar.

Söhbət illik dövriyyəsi 200 min manatdan aşağı olan və buna görə də ƏDV ödəyicisi statusu daşımayan sahibkarlardan gedir. Yeni yanaşma ondan ibarətdir ki, bu kateqoriyaya aid olan sahibkarlar da çalışsınlar ki, müştərilər nağdsız ödəniş etsinlər və beləliklə, nağdsız hesablaşmaların payı artsın”.

Həsənovun sözlərinə görə, ancaq reallıqda bu kontingent o qədər də geniş deyil:

“Bunu da nəzərə almaq lazımdır ki, sahibkarların əksəriyyəti ya artıq ƏDV ödəyicisidir – dövriyyələri yüksəkdir və tətbiq edilən əmsallardan asılı olmayaraq bu kateqoriyaya düşürlər, ya da dövriyyələri kifayət qədər aşağıdır və onsuz da ƏDV ödəyicisi olmurlar.

Bu baxımdan yeni mexanizmin təsiri daha çox simvolik və cüzi təşviq xarakteri daşıya bilər.

Burada diqqət çəkən daha vacib məqam isə 200 min manatlıq ƏDV qeydiyyat limiti ilə bağlıdır. Bu limit təxminən 20 il əvvəl müəyyən edilib. Həmin dövrdən bu günə qədər nə iqtisadi reallıqlar, nə inflyasiya səviyyəsi, nə də devalvasiya faktorları nəzərə alınaraq ciddi dəyişiklik edilib. Son illərdə bir çox ekspertlər, o cümlədən mən dəfələrlə qeyd etmişik ki, bu limit köhnəlib və mütləq şəkildə artırılmalıdır”.

İqtisadçı vurğulayıb ki, lakin görünən odur ki, limiti artırmaq əvəzinə, dolayı yollarla müəyyən təşviq mexanizmləri tətbiq olunur:

“Yəni formal olaraq “nəsə edirik” görüntüsü yaradılır, amma bu addımların real iqtisadi effekti elə də ciddi deyil.

Açığı, bu yanaşmadan böyük nəticələr gözləmək çətindir. Bu, daha çox simvolik xarakter daşıyan, məhdud təsirə malik bir təşviq kimi qiymətləndirilə bilər”.

Daha çox xəbərlər