Aqrar sektorda tempi qaldırmaq çağırışı – iqtisadçı deyir ki…
Qısamüddətli təşviqlər yox, sistemli islahatlar lazımdır
Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışı zamanı bir sıra vacib məsələlərə diqqət çəkib. O, qeyri-neft sektorunun problemlərindən və perspektivlərdən bəhs edərək deyib ki, 2024-cü ildə ÜDM-in həcminin 68 faizini qeyri-neft sektoru təşkil edirdisə, 2029-cu ildə bunun 80 faizi ötəcəyi gözlənilir: “Qeyri-neft sektoru üzrə qoyulan hədəfə nail olunması xeyli dərəcədə üç sahənin – aqrar sahə, emal sənayesi və turizm sahəsində mövcud potensialdan optimal əlaqələndirilmiş şəkildə istifadənin səmərəlilik dərəcəsindən asılı olacaq”.
Deputat bildirib ki, inkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin başlıca şərtidir: “Ötən ildən başlayaraq artıq ikinci ildir ki, aqrar sahədə artım tempi ÜDM-in artım tempindən aşağı enib və bu ilin 11 aynında cəmi 1,1 faiz təşkil edib. Təsadüf təkrar olunmur, əgər olunursa, o artıq təsadüf xarakteri daşımır. Ona görə də aqrar sahədə artım tempinin iki il ardıcıl olaraq minimuma enməsi çox ciddi siqnaldır”.
Ə.Məsimli daha sonra bildirib ki, mövcud potensialdan dolğun və səmərəli istifadə edilməsi ölkədə yerli istehsala əsaslanan ərzaq bolluğunun yaradılması, bu sahədə çalışan 1,8 milyon nəfərə yaxın insanın və ya məşğul əhalinin 35 faizindən çoxunun həyat səviyyəsinin yaxşılaşdırılması, emal sənayesinin xammal bazasının möhkəmləndirilməsi, ərzaq təhlükəsiziliyimizin təminatlılığının yüksəldilməsi, insanların iş dalınca regionlardan Bakıya gəlişinin sürətinin xeyli azaldılması və sair bu kimi məsələlərin həllinə çox müsbət təsir göstərə bilər.

Vüsalə Əhmədova
İqtisadçı alim Vüsalə Əhmədova hesab edir ki, aqrar sahədə artım tempinin iki il ardıcıl zəifləməsi həqiqətən də struktur problemlərinin mövcudluğuna işarədir. “Yeni Müsavat”a şərhində ekspert qeyd etdi ki, bu tendensiyanı qırmaq üçün qısamüddətli təşviqlər yox, sistemli və institusional dəyişikliklər lazımdır: “Hazırkı zəifləmənin əsas səbəblərindən birincisi məhsuldarlığın aşağı olmasıdır. Məhsuldarlığı artırmanın yollarını aqrar işçilər daha yaxşı bilərlər. Aqrar artımı ən çox boğan amillərdən biri su qıtlığı və torpaqların deqradasiyasıdır. Suvarma sistemlərinin modernləşdirilməsi, şoranlaşmış və eroziyaya uğramış torpaqların bərpası burada fokuslanılacaq əsas faktorlardır. Fermerlərimizin böyük hissəsi investisiya edə bilmirlər, çünki risk yüksəkdir. Bunun üçün uzunmüddətli və aşağı faizli kreditlər verilməli, subsidiya mexanizmləri nəticəyönümlü olmalıdır. Azərbaycanda kənd təsərrüfatı çox xırda və parçalanmış strukturda fəaliyyət göstərir. Nəticədə, maya dəyəri yüksək olur, texnologiya tətbiqi çətinləşir, fermer baza gücünü itirir. Bu səbəbdən, könüllü və iqtisadi cəhətdən cəlbedici kooperativlərin təşviqi, saxlama, çeşidləmə və logistika mərkəzlərinin regionlarda yaradılması mütləqdir. Fermer – emalçı – ixracatçı zənciri qurulmalıdır. Xam məhsul istehsalı aqrar sektorda tempi qaldırmaq üçün kifayət etmir. Yerli emal müəssisələrinin sayı və gücü artırılmalıdır. Həmçinin rəqabətqabiliyyətli məhsullar üzrə ixtisaslaşma və xarici bazarlara uyğun sertifikatlaşma vacibdir”.
Xarici təcrübəyə diqqət çəkən ekspert bildirdi ki, aqrar sahədə davamlı artım subsidiya həcmi ilə yox, düzgün qurulmuş institutlar, texnologiya və bazar mexanizmləri ilə əldə edilib: “Məsələn, İsrail təcrübəsi göstərdi ki, su qıtlığı aqrar inkişaf üçün bəhanə deyil, damcı suvarmanın icadı və total tətbiqi kimi düzgün texnologiyanın qurulması problemdən çıxış yoludur. Həmçinin Hollandiya, ərazi baxımından kiçik olsa da, ABŞ-dən sonra dünyanın 2-ci ən böyük aqrar ixracatçısıdır. Bu ölkə artımı torpaqdan yox, bilikdən və texnologiyadan əldə edib. Polşada 1990-cı illərdə Azərbaycan kimi xırda fermer təsərrüfatları mövcud idi. Könüllü kooperativlərə ciddi vergi və maliyyə dəstəyi verildi və bu gün Polşa Avropanın əsas ərzaq ixracatçılarından birinə çevrilib. Türkiyə aqrar sahədə sürətli artımı regional ixtisaslaşma hesabına əldə edib. Bu ölkədə aqrar sektor, xam məhsul istehsalçısı kimi yox, ixracyönümlü sənaye kimi fəaliyyət göstərir. Qeyd etdiyim kimi, Hollandiya və İspaniya Aİ-nin əsas kənd təsərrüfatı məhsulları ixracatçılarıdır. Hollandiya 2024-cü ildə təxminən 128.9 milyard avro dəyərində kənd təsərrüfatı məhsullarını dünya bazarına çıxarıb. İspaniya isə keçən il 36.2 milyon ton aqro-qida məhsulu ixrac edib ki, bunun da ümumi dəyəri təxminən 74.2 milyard avro təşkil edir. Aİ-nin ümumilikdə kənd təsərrüfatı ixracı 2024-cü ildə 235.4 milyard avro təşkil etmişdir ki, bu ixracın da böyük hissəsi Hollandiya və İspaniyanın payına düşür. İspaniya və Hollandiya təcrübəsi göstərir ki, aqrar sahədə artımı bərpa etmək üçün, ixrac yönümlü sektor siyasəti, müasir texnologiyalar, məhsul diferensiasiyası, əlavə dəyər yaratmaq və beynəlxalq bazarlarda rəqabət qabiliyyəti vacibdir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

