Qızıl bazarı yeni rekordlara hazırlaşır
Son aylarda qızılın qiymətində ciddi dəyişikliklər müşahidə olunur. Əvvəlcə qiymət beynəlxalq bazarlarda tarixi rekord səviyyələrə yüksəlib, son dövrdə isə bazarda müəyyən eniş müşahidə edilib. Bu proseslər qlobal iqtisadi şəraitin və investor davranışlarının qızıl bazarına təsirini açıq şəkildə göstərir.
2025-ci ilin oktyabr və dekabr aylarında qızılın bir troy unsiyasının qiyməti dünya birjalarında əvvəlki bütün rekordları aşaraq 4 380–4 400 ABŞ dolları səviyyəsinə çatıb. Bu artım investorların artan risklər fonunda qızıla təhlükəsiz sərmayə aləti kimi üstünlük verməsi ilə izah olunur.
Rekord yüksəlişdən sonra bazarda geri çəkilmə də qeydə alınıb. Qazanc götürən investorların aktivliyi qiymətlərdə müvəqqəti enişə səbəb olub. Bununla belə, son göstəricilər qızıl bazarında yenidən artım ehtimalını gündəmə gətirir. COMEX əmtəə birjasında qızılın 2026-cı ilin fevral fyuçersləri 0,99 faiz artaraq 4 430,8 ABŞ dollarına yüksəlib. Bu vəziyyət qızılın qiymətinin gələcək istiqaməti və dalğalanmaların səbəbləri ilə bağlı sualları aktuallaşdırır.
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb.

Onun sözlərinə görə, gündəlik dəyişikliklər bazarın ümumi mənzərəsini tam izah etmir:
“Gündəlik dəyişikliklər çox şeyi izah etmir. Əsas trend bir neçə aylıq dəyişikliklərdə özünü göstərir. Bu gün danışdığımız məsələ sabah da düşə bilər, yaxud iki saat sonra da. Birjada saniyə-saniyə qiymətlər formalaşır və bu baxımdan qısamüddətli dalğalanmalar normaldır. Ona görə də adətən göstəricilər təqdim olunanda illik statistikaya əsaslanırlar. Treyderlər üçün maraqlı olan məqam da məhz budur”.
İqtisadçının fikrincə, qızılın qiymətinin artmasının əsas səbəbi qlobal qeyri-müəyyənlik və gərginlikdir:
“Xüsusən də Tramp hakimiyyətə gəldikdən sonra bu qeyri-müəyyənlik daha da artdı. Trampın xarakterində impulsivlik var, sərt addımlar atır və bu da bazarlarda əlavə risk yaradır. Onun hakimiyyətə gəlişindən sonra ABŞ-nin Çinlə münasibətləri kəskin şəkildə pisləşdi, ticarət müharibələri başladı. Bir faktı qeyd edim: son bir il ərzində qızılın qiyməti təxminən 69 faiz artıb. İlin əvvəlindən indiyə qədər isə artım 70–71 faizə yaxınlaşıb. Bu da onu göstərir ki, bir il ərzində qızılın qiyməti təxminən 70 faiz bahalaşıb”.
Xalid Kərimli qeyd edib ki, qarşıdakı dövrdə də artım gözləntiləri qalmaqdadır:
“Düzdür, arada 5–10 faizlik dalğalanmalar ola bilər, amma ümumi tendensiya yenə də artım yönümlüdür. Artımın əsas səbəbi gərginliyin artmasıdır – həm ticarət, həm hərbi, həm iqtisadi, həm də siyasi gərginliklər. Dövlətlərin bir-birinə sanksiyalar tətbiq etməsi bu prosesi daha da gücləndirir. Məhz buna görə qızıl ‘təhlükəsiz yastıq’ hesab olunur”.
İqtisadçının sözlərinə görə, ABŞ ilə Çin arasında rəqabət, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və bəzi ölkələrin valyuta ehtiyatlarının dondurulması qızıl alışlarını sürətləndirib. Bu səbəbdən Azərbaycan, Türkiyə, Rusiya, Çin, Hindistan və Braziliya kimi ölkələr aktiv şəkildə qızıl alaraq ehtiyatlarını şaxələndirirlər. Məqsəd sabitlik yarandıqdan sonra bu ehtiyatları yenidən valyutaya çevirməkdir.
Kərimli bildirib ki, qızılın bahalaşmasında ikinci əsas faktor faiz dərəcələrinin aşağı salınmasıdır:
“ABŞ-də Tramp hakimiyyətə gəldikdən sonra ucuz faiz siyasətini açıq şəkildə dəstəkləyir və bu mövqe zaman-zaman mətbuatda da əksini tapır. May ayında Jerome Powellin vəzifədən gedəcəyi gözlənilir. Son dövrdə FED faiz dərəcələrini mərhələli şəkildə endirir. Gözlənti ondan ibarətdir ki, Powell getdikdən sonra Trampın təyin edəcəyi yeni rəhbərlik faizlərin daha da aşağı salınmasını dəstəkləyəcək”.
İqtisadçı əlavə edib ki, Trampın baxışına görə, faiz dərəcələri 2–2,5 faiz aralığında olmalıdır və proses bu həddə doğru gedir. İnflyasiyanın azalması və siyasi təşviqlər fonunda faizlərin endirilməsi dolların ucuzlaşmasına, bu isə qızılın qiymətinin artmasına səbəb olur:
“Yəni qızılın bahalaşmasının əsas səbəbləri məhz bunlardır”.
Afaq Mirayiq,
Musavat.com

