Gündəm 

Ölkəmizdə monqol qoyunu ili

2025-ci il Azərbaycanda xaricdən quzu əti idxalının kəskin artımı ilə yadda qaldı

Arxada qoymaqda olduğumuz 2025-ci il Azərbaycanda həm də uzun illərdən sonra xaricdən quzu əti idxalının xüsusilə də Monqolustandan kəskin artımı ilə yadda qaldı. Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 465,6 milyon dollar dəyərində 114,71 ton quzu əti (təzə, soyudulmuş və ya dondurulmuş) idxal edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 5,1 dəfə, miqdar baxımından isə 5,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 458 min 110 ABŞ dolları dəyərində 114,53 ton (əvvəlki ilə nisbətən 5,7 dəfə çox), Yeni Zelandiyadan 3890 ABŞ dolları dəyərində 0,09 ton (həcmdə 67 faiz, dəyərdə 61 faiz azalma), Belçikadan 2,000 dollar dəyərində 0,6 ton,  Avstraliyadan – 1580 dollar dəyərində 0,03 ton (həcmdə 3 dəfə və dəyərdə 26 dəfə artım) quzu əti idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycana bütün quzu əti idxalının 54 faizi Monqolustanın payına düşüb.

Bu ilin on ayında ət idxalında böyük rezonansa səbəb olan bir fakt Somalidən ölkəmizə bu məhsulun idxalıdır. Belə ki, rəsmi statistikaya əsasən, 2025-ci ilin on ayının yekununda Azərbaycan dünyada ən kəskin aclığın hökm sürdüyü Somalidən 960 min dollar dəyərində 46,5 ton dondurulmuş qoyun əti idxal edib. Cəmiyyətdə bu faktın doğurduğu rezonansa görə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlama ilə çıxış edib. Açıqlamaya görə, Azərbaycana Somalidən kommersiya, yəni satış, ticarət, iaşə obyektlərində istehlak və ya realizə məqsədilə ət idxal edilmir: “13.10.2025-ci il tarixində isə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında Səudiyyə Ərəbistanından Somali mənşəli heyvanın qurban ətindən ibarət humanitar yük (1710 qutu, 46.500 kq) yardım kimi paylanılması məqsədilə ölkəmizə daxil olub”.

Qeyd edək ki, Azərbaycan ət və ət məhsulları ilə özünü tam təmin edə bilmir. Rəsmi məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

Ayrı-ayrı ət növləri üzrə təminat dinamikasına nəzər yetirdikdə aydın olur ki, ötən il ölkənin mal əti və ət məhsulları üzrə özünütəminat səviyyəsi 88,5 faiz təşkil edib. Bu isə əvvəlki ilin nəticəsindən (88,4 faiz) cüzi – 0,1 faiz bəndi çoxdur.

Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsində də artım var –  2023-cü ildəki  94,9 faizdən 96,5-ə qədər. Artım balıq və balıq məhsullarında da müşahidə olunub – 2023-cü ildəki 75,4 faizdən  ötən il 77,3 faizə.

Quş əti üzrə təminatda isə kəskin azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə göstərici 76,6 faiz təşkil edib ki, bu da 2023-cü ildəki 81,7 faizlə müqayisədə 5,1 faiz bəndi aşağıdır.

Ət idxalı ilə yanaşı, Azərbaycan kəsimlik istiqamətli diri heyvan idxalında da böyük artım var. Yanvar-oktyabrda Azərbaycana 78 milyon 696,23 min dollar dəyərində 98 138 baş ətlik iribuynuzlu heyvan idxal olunub. Bunun 58 676 başı Rusiyadan, 35 765 başı Gürcüstandan, 3670 başı Qazaxıstandan alınıb. Ötən ilin eyni dövründə bu idxal 31 milyon 5,01 min dollar dəyərlə 35 719 başa bərabər olmuşdu. İdxal mənbələri və mənbələr üzrə nisbət təxminən eyni idi. İllik ifadədə kəsimlik diri iribuynuzlu heyvan idxalı dəyər baxımından 2,5 dəfə, say baxımından 2,7 dəfə artıb.

Cari ilin 10 ayında diri qoyun idxalı bütün dövrlərin rekordunu qırıb. Belə ki, on ayda ölkəyə 31 milyon 417,13 min dollar dəyərində 288 831 baş diri qoyun gətirilib. Bu sayın 128 608 başı Rusiyadan, 160 223 başı Gürcüstandan alınıb.

Ötən ilin 10 ayında ölkə 14 milyon 905,8 min ABŞ dolları dəyərində 155 min 369 baş diri qoyun idxal etmişdi. Bu isə diri qoyun idxalının illik ifadədə dəyər baxımından 2,1 dəfə, say baxımından isə 1,9 dəfə artıb.

İdxal olunan bir qoyunun dəyəri 2023-cü ildə 77 dollar, ötən il 96 dollar, bu il isə 109 dollara bərabər olub.

Beləliklə, ölkəyə diri kəsimlik heyvan, mal-qoyun-quzu əti idxalının kəskin artması, yerli mal-qara sayının azalması fonunda rəsmi statistika mal və qoyun əti təminatında, istehsalında artım göstərir.  Həmin statistikaya əsasən 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə 544,1 min ton ət istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cüzi – 0,1 faizlik artım deməkdir. Bu istehsalda xaricdən diri idxal olunan heyvanların payı açıqlanmır…

Azərbaycanın ət təminatında xaricdən asılılığının getdikcə dərinləşməsinin səbəbləri hər kəsə məlumdur: 2015-ci ildən başlayaraq otlaq-örüş, qışlaq sahələrinin əkin altına verilməsi, yem bazasının gücləndirilməsi, cins heyvan tərkibinin artırılması istiqamətində təsirli addımların atılmaması və sair.

Bu il problemin ət qiymətlərinin ciddi bahalaşması ilə böyüməsi fonunda hökumətdə hərəkətlilik müşahidə olunmaqdadır. Belə ki, bir neçə gün öncə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib. KOBİA-dan verilən məlumata görə, “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və s. dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari tədbirin məqsədinin süd və ət istehsalı sahəsində mövcud vəziyyətin müzakirəsi, bu sahədə fəaliyyət göstərən sahibkarların fikir və təkliflərinin dinlənilməsi, eləcə də qida təhlükəsizliyi ilə bağlı məsələlər üzrə qarşılıqlı fikir mübadiləsinin aparılması olduğunu bildirib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, dövlət tərəfindən heyvandarlıq sektorunun inkişafının stimullaşdırılması məqsədilə sistemli dəstək mexanizmləri tətbiq olunur. 2021-2025-ci illər ərzində 25 615 baş iribuynuzlu və 8 mindən artıq xırdabuynuzlu damazlıq heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib, eyni zamanda 10 mindən artıq təsərrüfat subyektinə 128 milyon manatdan çox aşağı faizli güzəştli kreditlər təqdim olunub. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri isə tam şəkildə dövlət büdcəsi hesabına həyata keçirilir. Nazir vurğulayıb ki, işğaldan azad olunmuş ərazilər heyvandarlığın inkişafı baxımından mühüm potensiala malikdir və bu ərazilərdə sektorun təşkili və inkişafı üzrə məqsədyönlü siyasət tədbirləri ardıcıl şəkildə icra olunmaqdadır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov süd və ət istehsalının qida təhlükəsizliyi baxımından strateji əhəmiyyətini vurğulayaraq, bu sahədə mövcud çağırışlara və məsələlərə sistemli yanaşmanın önəmini qeyd edib. O, yem bazası, baytarlıq nəzarəti, istehsal və tədarük zəncirinin təşkili, standartlara uyğunluq və maarifləndirmə kimi amillərin bir-biri ilə sıx əlaqədə olduğunu vurğulayıb. Bildirilib ki, süd və ət sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinin dayanıqlılığının təmin olunması regionların sosial-iqtisadi inkişafı və məşğulluğun artırılması baxımından vacibdir. 

Hələlik heyvandarlıq sahəsindəki problemlərin aradan qaldırılması üçün ilkin təşəbbüslər qeydə alınmaqdadır. Bu təşəbbüslərin vahid və kompleks yanaşma əsasında real siyasətə çevrilməsi yaxınmüddətli dövrdə baş verməsə, ölkənin ət və diri heyvan idxalından asılılığı getdikcə dərinləşəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

Daha çox xəbərlər