Cəmiyyət 

Ekspertdən sərnişin ölümü ilə bağlı SOS: “Niyə metroda şüşə baryerlər quraşdırılmır?!”

Dəfələrlə şahidi olmuşuq ki, Bakı metrosu faciələrin səhnəsinə çevrilir. Təəssüf ki, bu gün də oxşar bir hadisə baş verdi: 50–55 yaşlarında bir kişi sərnişin qatar platformaya daxil olan zaman relslərə düşüb. Qatar maşinisti dərhal əyləci sıxaraq müdaxilə etsə də, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Ekspert Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bakı Metropolitenində neçə illərdir eyni hadisələr təkrar olunur. İnsan relsə düşür, kimsə itələnir, kimsə huşunu itirir, bəzən faciə ilə bitir. Bunları hamımız bilirik, hamımız görmüşük. Amma qəribə olan odur ki, bu qədər hadisə baş verdiyi halda, bu günə qədər metro stansiyalarında şüşə qoruyucu baryerlər qoyulmur. Başqa ölkələrdə necədir? Türkiyədə, Avropada, Rusiyada, hətta bizdən də zəif iqtisadiyyatı olan ölkələrdə platforma ilə relsin arasında şüşə baryer var. İnsan istəsə də relsə düşə bilmir. Uşaq, yaşlı, xəstə, hamı qorunur. Bu, standart tədbirdir. Bəs bizdə niyə yoxdur?

Screenshot_1.png (743 KB)

Deyirlər ki, çətindir, bahalıdır, uyğun deyil. Amma eyni metrolarda yeni qatarlar alınıb, kart sistemi qurulub, turniketlər dəyişdirilib. Deməli, pul da var, imkan da var. Sadəcə insan təhlükəsizliyi önəmsiz sayılır. Ən acı tərəfi isə budur ki, metroda gediş haqqı artırılır, amma təhlükəsizlik artırılmır. Pul alırlar, amma qarşılığında insan həyatını qoruyan addım atmırlar. Hadisə baş verəndə nə görürük? Nə vaxtında yardım olur, nə də hazırlıqlı işçi. İnsan yıxılır, camaat özbaşına kömək etməyə çalışır. Metro kimi strateji bir yerdə bu biabırçılıqdır. Ataların bir misalı var, qapını bağlamadan əvvəl oğru girməz. Bizdə isə əvvəl faciə olur, sonra danışırlar. Bir də deyiblər, sonrakı ağıl, ağıl deyil. Hər hadisədən sonra “araşdırılacaq” deməklə məsələ həll olunmur. Bu, texniki məsələ deyil, vicdan məsələsidir. Qonşu ölkələr bacarırsa, deməli mümkündür. Biz etməmişiksə, deməli istəməmişik. Sonda sualım var. Şüşə baryer bahalıdır, yoxsa insan həyatı ucuz?”

 

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər