Ətin qiyməti dəyişəcək – Mühüm AÇIQLAMA
“Heyvan bazarlarının fəaliyyətə başlaması, şübhəsiz ki, ət bazarında qiymətlərə öz təsirini göstərəcək. İlk növbədə qeyd etmək lazımdır ki, bazarların bağlı olması uzun müddət kəndlilərə və fermerlərə ciddi ziyan vururdu”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli bildirib.
O deyib ki, məhsulların bazarlara çıxarılması və satışının təşkili ilə bağlı böyük çətinliklər yaranmışdı:
“Bu da qiymətlərin nisbətən aşağı səviyyədə qalmasına səbəb olurdu. Bazarların açılması isə kəndlilərin və fermerlərin öz məhsullarını daha sərbəst və rəqabətli mühitdə satmasına imkan yaradacaq. Eyni zamanda dabaq xəstəliyinin yayılması və heyvan bazarlarının bağlı olmasından istifadə edən bəzi idxalçılar Azərbaycana mənşəyi məlum olmayan və ya şübhə doğuran qoyun və mal əti gətirirdilər. Bu amil bazarda qeyri-sağlam rəqabətin formalaşmasına səbəb olmuşdu.Lakin mövcud vəziyyət yerli maldarlıq təsərrüfatlarının inkişafına da ciddi ziyan vururdu. Çünki real olaraq Azərbaycan daxilində, xüsusilə 20–40 başlıq maldarlıq təsərrüfatlarında maya dəyəri artmışdı və mövcud satış qiymətləri real bazar dəyərlərini əks etdirmirdi”.
Onun sözlərinə görə, bazarların açılması kəndli və fermerlərin ticarət imkanlarını genişləndirəcək və onların məhsullarını real qiymətlərlə satmasına şərait yaradacaq:
“Bu proses qiymət artımına da gətirib çıxara bilər. Belə ki, hazırkı qiymətlər ya xəstəlik səbəbindən, ya da idxal təsirlərinə görə müəyyən qədər süni şəkildə aşağı düşmüşdü. Bazarların açılması və sanitar vəziyyətin normallaşması fonunda mal və qoyun ətinin qiymətlərinin təxminən 10–15 faiz civarında artaraq real bazar səviyyəsinə yaxınlaşacağı gözlənilir”.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına görə, İmişli və Beyləqan rayonlarındakı heyvan bazarlarında biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb.

