Təhsil 

DİQQƏT: Məktəblərdə yeni fənn BAŞLAYIR – Onu kim tədris edəcək?

Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova AzEdu.az-a deyib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:

“Bu konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir”.

IMG

Bəs yeni fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər onu tədris edə bilər?

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Cənab Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkənin gələcək mənəvi simasını müəyyən edən inqilabi bir paradiqma dəyişikliyidir. 2026-cı ildən etibarən mədəniyyətin təhsilin ayrılmaz tərkib hissəsinə çevrilməsi hədəfi, təhsili sadəcə bilik ötürücüsü olmaqdan çıxarıb, onu milli kimliyi inşa edən canlı bir mexanizmə çevirməyi nəzərdə tutur. Müasir dövrdə təhsilin ali missiyası və əsas vəzifəsi milli və bəşəri dəyərlərə sahiblənmiş bilikli, savadlı vətəndaş hazırlamaq missiyasıdır. Bu vəzifə təhsilin sadəcə “nəticəyönümlü” deyil, həm də “dəyəryönümlü” olmasını tələb edir. Hələ Bakı Dövlət Universitetinin 100 illik yubileyində möhtərəm Prezidentimiz İlham Əliyev təhsilin bu missiya üzərində formalaşması baxımından geniş və proqram xarakterli nitqi ilə təhsil ictimaiyyətinə müraciət etmişdi. Qlobal təhdidlər və milli kimliyimiz üçün yad elementlərdən cəmiyyətimizin qorunmasının yeganə və ən doğru yolunun tərbiyə və təhsil olmasına diqqət çəkən dövlət başçımız məhz təhsilin üzərinə düşən vəzifələrdən geniş bəhs etmişdi. Hazırda reallaşdırılması nəzərdə tutulan islahatlar, gəncləri öz köklərinə bağlayan mənəvi körpüləri möhkəmləndirməklə yanaşı, onları bəşəriyyətin ortaq dəyərləri ilə harmoniya təşkil edən fərdlər kimi yetişdirməyə xidmət edir”.

İlqar Orucov: Prezident təhsil işçilərinə həssas münasibət göstərir -  AZƏRTAC

Fəlsəfə doktoru qeyd edib ki, mədəniyyətin təhsil sisteminə inteqrasiyası konseptual yanaşma tələb edir:

“Biz bu dəyərləri yeni fənn olaraq, yoxsa fənlərarası – inter, trans və multidissiplinar yanaşma kimi digər fənlərin daxilində tədris etməliyik dilemması ortaya fərqli baxışları qoyur. Yanaşmanın əsas ruhu bəllidir. Ona görə də tətbiq olunacaq yeni fənn (və ya fənlər toplusu) həm elmi dəqiqliyi, həm də bədii-fəlsəfi dərinliyi əks etdirməlidir. Bu istiqamətdə bir neçə konseptual ad təklif oluna bilər. Akademik yanaşma göstərir ki, mədəniyyət biliklərinin tədrisi iki formada reallaşdırıla bilər: Müstəqil Fənn kimi, mədəniyyət tarixinin, memarlıq, musiqi, xalçaçılıq və etika qaydalarının sistemli şəkildə öyrənilməsi; və ya fənlərarası inteqrasiya modelində. Bu modeldə mədəniyyət ayrıca fənn kimi deyil, mövcud fənlərin (Tarix, Ədəbiyyat, Coğrafiya, İncəsənət) “ruhuna” süzülərək tədris olunur. Qeyd olunan istiqamətdə mənim də həmmüəllifi olduğum “Fənn münasibətləri: Yeni biliklər istehsalı” adlı akademik tədqiqat kitabım BP-nin maliyyə dəstəyi ilə çap olunmuş və ayrı-ayrı fənlərin tədrisində məhz yeni yanaşmaların (inter, trans və multidissiplinar) vacibliyi elmi əsaslandırılmışdır. Məsələn, riyaziyyat dərsində orta əsr memarlıq incilərimizin həndəsi sirləri, coğrafiyada isə bölgələrin lokal mədəni landşaftları öyrənilir. Bu model şagirdin tədris yükünü artırmadan onda vahid və mədəni dünya mənzərəsi formalaşdırır”.

İlqar Orucov hesab edir ki, bu bilikləri tədris edən müəllimlər həmçinin, yüksək erudisiyaya, geniş biliklərə sahiblənmiş mütəxəssislər olmalı və onlar təhsilalanlara milli-mənəvi dəyərlər və gələcəyə baxışı formalaşdırmaq bacarığına malik olmalıdırlar:

“Mədəniyyətin təhsilin tərkib hissəsi olması, şagirdlərin sadəcə “nə vaxt, harada?” suallarına deyil, “biz kimik?” sualına cavab tapmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərimizin mədəni irsinin tədris proqramında mərkəzi yer tutması gənc nəsildə “Qalib Xalq” psixologiyasını əbədiləşdirir. Verilən suallar ətrafında fikrimizi yekunlaşdırsaq, xülasə olaraq deyə bilərik ki, yaxın perspektivdə Azərbaycan məktəblərində tətbiq olunacaq bu canlı mexanizm, bilikli olmaqla yanaşı, həm də milli və bəşəri dəyərlərə sahiblənmiş müasir dünya vətəndaşını yetişdirəcək. Bu, təhsilin ruhunu milli mədəniyyətlə qidalandıraraq Azərbaycan gəncliyini XXI əsrin qlobal rəqabət meydanına hazırlayan tarixi bir intibah layihəsidir”.

Afaq Mirayiq
Musavat.com

Daha çox xəbərlər