Gündəm 

36 il öncəki qırğın və “Atan kazaklardır” həqiqəti

Bu sətirləri yazarkən gözlərimin qarşısına 36 il öncəki o dəhşətli hadisələr gəlir: sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar…

Yeniyetmə yaşımda yaddaşıma ömürlük qanlı damğasını vurdu “qırmızı imperiya”nın “sovet ailəsi”nin üzvü olan respublikanın paytaxtında tökdüyü qanlar. O vaxtlar həmyaşıdlarım İlqar İbrahimov, Larisa Məmmədovanın, Veranın, Nərimanın qətlə yetirməsindən o qədər təsirlənmişdim ki…İlqarın gülərüz siması bu günədək gözlərimin qarşısındadır. Amma Xəlil Rza Ulutürk demişkən, “nallı çəkməli” sovet əsgərləri üçün fərqi yox idi, günahkar, ya günahsız, onlar öldürməyə gəlmişdilər. Özü də bu, ilk dəfə deyildi ki…Çar Pyotrun zamanından üzü bəri dəfələrlə eyni məram-məqsədlə yağmalamışdılar məmləkətimizi: 1813-28-ci illərdə Böyük Azərbaycanı tikə-parça edəndə də, 1920-ci ildə Cümhuriyyətimizi qan gölündə boğanda da, Qarabağda separatçılara meydan verəndə də…90-cı illərdə Dövlət Televiziyasının enerji bloku partladılandan sonra xəbər almaqdan ötrü radio tezliklərini arayırdıq, “Davam edir 37…” nidası ilə yaxşı xəbər intizarındaydıq. Amma başımıza nələr gətirdilər ölkə boyunca, Lənkəranda, Neftçalada…

20 Yanvar”la bağlı uzun illər gizlin qalmış TARİXİ HƏQİQƏT - ARAŞDIRMA |  Modern.az

Sovet imperiyasının can üstə olduğu bir zaman idi, gözlərini qan örtmüş imperiya caniləri qətliamlarla xalqları susdurmağa, “xalqlar həbsxanası”nın mövcudluğunu qoruyub-saxlamağa çalışırdılar. 1989-cu ilin 9 aprelində Tiflisdə də qırğın törədilmişdi. 1991-ci ilin yanvarında isə Litvanın paytaxtı Vilnüsdə qırğınlar törədilmişdi. Xalqların gözünün odunu alırdılar ki, başqa fikrə düşməsinlər. Amma xalqlar həbsxanası darmadağın oldu və Azərbaycan da 71 illik əsarətdən sonra yenidən dövlət müstəqilliyini bərpa etdi. Amma Rusiya əl çəkdimi? Ermənistana dəstək verməklə torpaqlarımızın işğalına nail oldu. Təkcə bir fakt kifayətdir: Sədərək rayonunun hələ də işğal altında olan Kərki kəndi məhz 90-cı illərin yanvarında erməni silahlıları tərəfindən zəbt edildi. O zaman Kremldəkilər “sovet ailəsi nağılı” danışıb bizi yuxuya verməyə çalışırdılar. Eyni zamanda Ter-Petrosyanın Qərbi Azərbaycan sakinlərini, bu yerlərin sahiblərinin kütləvi deportasiyasına şərait yaratdılar. Eynilə 19-cu əsrdəki kimi, 1918-20-ci illərdəki, 1948-53-cü illərdəki kimi… Deportasiyalar, soyqırımlar rus işğalçılarının gözləri qarşısında törədilirdi. Daha sonra nələr oldu, hər birimizə məlumdur. Qarabağın, Şərqi Zəngəzurun işğalı, minlərlə günahsız insanımızın həyatına son qoyulması, yüz minlərlə azərbaycanlının qaçqın-köçkünə çevrilməsi də Rusiya daxil, bir sıra güclərin Ermənistana “atalıq qayğısı”nın məntiqi nəticəsi oldu.

Azərbaycan 44 günlük Vətən müharibəsi, bir günlük antiterror əməliyyatı nəticəsində ərazilərini işğalçılardan və separatçılardan təmizlədi. Kremlin xüsusi tapşırıqla Xankəndiyə göndərdiyi Ruben Vardanyan da qolubağlı Bakıya gətirildi. Heç şübhəsiz bu, Rusiya üçün soyuq duş effekti verdi. Gözləmirdilər belə sonluğu. Amma Azərbaycan dövləti ilə artıq ənənəvi ritorika ilə danışmaq mümkün deyil(di). 44 günlük müharibədən sonra Ermənistana qaçan erməniləri avtobuslara doldurub geri qaytaran rus hərbçilər sonrakı illərdə özləri vaxtından tez ölkəmizi tərk etməli oldular.

İlham Əliyevin iştirakı ilə - XANKƏNDİDƏKİ HƏRBİ PARAD - VİDEO - FED.az

Amma əl çəkdilərmi? Yox. 2024-cü ilin dekabrında Rusiya səmasında günahsız insanlarımızı raketlə vuran imperiya varisi, ən yüksək səviyyədə ədalətli araşdırma vədi versə də, cinayət işinə xitam verdi… Qoşa “qara qutu”lar ortada olduğu halda yenə də cinayəti dandılar. Ermənistana 1 milyard dollarlıq silah-sursat verib, özünü “vasitəçi” kimi göstərməyə çalışanda da, Xocalıdakı soyqırımda iştirakını dananda da, Qarakənd səmasında dövlət xadimlərimizin ölümünə fərman verəndə də…eyni cür davranmışdılar. Amma biz dövlət və millət olaraq düşmənçilik xəttini seçmədik, “oldu, keçdi” prizmasından məsələlərə yanaşıb, normal münasibətlərin, qonşuluq əlaqələrinin bərqərar olması üçün çalışdıq. Amma…

Diqqət edin, neçə müddətdir ki, şimaldan postsovet məkanına, o cümlədən Azərbaycana yönəlik təhdidlər bir-birini əvəz edir. Təyyarəmizi vurandan sonra Rusiyadakı azərbaycanlılara qarşı divanalara başlayan, günahsız insanları işgəncələrlə qətlə yetirən, iş adamlarına zülüm edən, diaspora fəallarımızla bağlı heç bir günahları olmadığı halda, deportasiya qərarı çıxaran Rusiya dayanmaq istəmir. Elə bu gün daha 7 azərbaycanlı miqrantla bağlı deportasiya qərarının çıxarıldığı xəbəri yayılıb. Vaxtilə azərbaycanlıları və digər qeyri-rusları işləmək üçün az qala yalvararaq dəvət edən Kreml indi “val”ı dəyişib: postsovet məkanından gələnləri çinlilər, hindistanlılarla əvəzləyir, özlərini də təhdid edir.

Bu günlərdə “Kremlin dili” hesab olunanlar yenidən baş qaldırıblar, sağ-sola cırmaq atırlar. Rusiya hakimiyyətinin əsas təbliğatçılarından biri olan Vladimir Solovyov Ukrayna ilə kifayətlənməyərək bəzi digər ölkələrdə də “xüsusi hərbi əməliyyat” keçirməyə çağırış etmişdi, o cümlədən Ermənistanda. İrəvandan çox sərt reaksiya oldu. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcıya “İt hürər, karvan keçər”, söylədi. Eyni zamanda rus səfirə nota təqdim olundu. Mərkəzi Asiyadan da sərsəm aparıcıya sərt cavablar verildi. Qazaxıstan başda olmaqla, Xəzərin o tərəfindəki dost-qardaş ölkələr də imperiya varisindən az çəkməyib. 1986-cı ilin 17-18 dekabr tarixlərində sovet ordusunun Qazaxıstanda törətdiyi qırğınlar da unudulmayıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Solovyovun Ermənistan və Mərkəzi Asiya ölkələri ilə bağlı səsləndirdiyi fikirlərin “kontekstdən çıxarıldığını” və yanlış təqdim olunduğunu iddia etmişdi. Bildirmişdi ki, söhbət jurnalistin şəxsi mövqeyindən gedir və bu fikirlər dövlətin rəsmi siyasətini əks etdirmir. Solovyovun dövlət kanallarında deyil, Solovyov LIVE adlı özəl televiziya platformasında sərsəmləməsini də arqument olaraq səsləndirmişdi. Amma bütün bunlar nağıldır. Rusiya prezidentindən “Vətənə xidmət ordeni” alan Solovyov Kremlin iradəsindən kənar nəsə deyə bilərdimi? Sadəcə, “Jirinovski ölüb, amma missiyasını yaşadanlar var”. Deyək ki, Zaxarova dediyi kimidir, Solovyov dövlətin mövqeyini əks etdirmir. Bəs, Rusiya Dövlət Dumasındakı “qırğılar”, “Qafqaz dağlarını aşıb”, Azərbaycanı, Qafqazı işğal etmək istəyənlər necə?

Rus şovinistlər hesab edirlər ki, Rusiya Venesuela sarıdan narahat olmamalı, əksinə, presedent yaranmışkən postsovet məkanında istədiklərini həyata keçirməlidir, imkan olsa, lap sovetləri bərpa eləməlidir. “Ermənistanda baş verənlər bizim üçün Venesuelada baş verənlərdən daha ağrılıdır. Ermənistanın itirilməsi nəhəng bir problemdir. Mərkəzi Asiyadakı problem bizim üçün nəhəng problemdir, burada məqsəd və vəzifələrimizi çox aydın şəkildə ifadə etməliyik. İzah etməliyik ki, oyunlar bitdi. Beynəlxalq hüquqa tüpürək… Əgər milli təhlükəsizliyimiz səbəbindən Ukrayna ərazisində Xüsusi Hərbi Əməliyyat başlatdıqsa, niyə eyni səbəblərə görə təsir zonamızın digər hissələrində başlada bilmirik?”- deyən Solovyovun kanalının yayımı dayandırılmırsa, ona şifahi xəbərdarlıq belə, edilmirsə, demək bu, Kremlin səsidir.

Politoloq Aleksandr Duqin də də Solovyovun hədyanlarını davam etdirib. Bu, avantürist qoca postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə açıq şəkildə qarşı çıxaraq deyib ki, “Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müstəqilliyi ilə barışmamalıdır”.

36 il bundan əvvəl rus-sovet “KQB”-si Bakıda “erməni qırğınları” bəhanəsi ilə Bakıda qırğın törətdi. Ondan əvvəl Sumqayıtda eyni ssenaridən istifadə etmişdi. Bu gün baxırlar ki, Azərbaycan və Ermənistan heç kimin vasitəçiliyinə ehtiyac duymadan ikitərəfli formatda əməkdaşlığa başlayıblar, sülhə doğru irəliləyirlər, barışdırıcı yox, qarışdırıcı funksiyanın sahibi Kremlin “gəlin, sülh sazişini bizdə imzalayın”, çağırışına da məhəl qoyan yoxdur. Çünki Azərbaycanın hələ 1905-ci ildə bildiyi həqiqəti Ermənistanda da anlamağa başlaylblar: “Atan kazaklardır!” Kremldən sülh-barış gözləyən, bəla görər. Zəngəzur dəhlizi da imperiya köpəklərini çox yandırıb, amma karvan, qatar keçib, gedəcək…

Daha çox xəbərlər