“Ödəniş edirik, həkimi seçə bilmirik” – İcbari tibbi sığorta ilə bağlı NARAZILIQ böyüyür – ARAŞDIRMA
Özəl klinikada əməliyyat olunan vətəndaşlar icbari tibbi sığortadan yararlanmaq istədikdə “divar”la üzləşirlər. Onlara bildirilir ki, əgər eyni xidmət dövlət xəstəxanasında varsa, göndəriş yalnız ora verilə bilər. Yəni maaşdan tutulmuş sığorta haqqı ilə ödədiyiniz xidmət üçün həkimi və klinikanı seçmək hüququnuz yoxdur.
Sakinlər haqlı olaraq sual edir:
“Pulum tutulur, bəs müalicəni harada alacağımı niyə seçə bilmirəm?”
Problemin mahiyyəti ondadır ki, peşəkar həkimlərin əksəriyyəti özəl klinikalarda çalışır. Xidmət keyfiyyəti orada yüksəkdir, analizlərin nəticəsi daha düzgün çıxır. Dövlət xəstəxanalarında isə vətəndaşlar tez-tez uğursuz müalicə və gecikmiş nəticələrlə üzləşirlər.
Musavat.com-un apardığı sorğu göstərir ki, göndərişlərin böyük əksəriyyəti məhz dövlət tibb müəssisələrinə yönləndirilir və bu vəziyyət vətəndaş narazılığını artırır.
Azərbaycanda bəzi əməliyyatlar icbari tibbi sığorta ilə özəl klinikalarda həyata keçirilir. Bunun üçün əsas şərt ondan ibarətdir ki, vətəndaşa dövlət tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlə bağlı rəsmi göndəriş verilsin. Həmin göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə müqaviləsi olan özəl klinikalarda müalicə icbari sığorta hesabına aparılır.

Musavat.com-a danışan vəkil Ramil Süleymanov bildirir ki, büdcə vəsaiti abstrakt rəqəm deyil, vətəndaşın zəhmətinin dövlətə etibar edilmiş formasıdır və bu vəsait maksimum səmərə ilə xərclənməlidir.
Onun sözlərinə görə, dövlət xəstəxanasında bir əməliyyat təkcə İcbari Tibbi Sığorta xətti ilə ödənilən xidmət haqqı ilə məhdudlaşmır. Kommunal xərclər, avadanlıq alınması, bina saxlanması və personal maaşları da dövlət büdcəsindən maliyyələşdirilir. Nəticədə eyni əməliyyat dövlətə real olaraq daha baha başa gəlir.
Özəl xəstəxanada isə dövlət yalnız xidmət haqqını ödəyir. Qalan bütün xərclər özəl müəssisənin üzərinə düşür və üstəlik, həmin müəssisə vergi ödəyir.
Süleymanovun fikrincə, bu baxımdan özəl sektor dövlət üçün iqtisadi cəhətdən daha sərfəli ola bilər.
Vəkil hesab edir ki, pasiyentlərin məcburi şəkildə dövlət xəstəxanalarına yönləndirilməsinin əsas səbəbi iqtisadi deyil, idarəetmə və bürokratik maraqlardır.
Dövlət xəstəxanalarının dolu görünməsi, iri satınalmaların və tenderlərin davam etməsi sistemin özünü qoruma mexanizminə çevrilib.
Digər mühüm problem isə həkim seçimi azadlığının məhdudlaşdırılmasıdır.
Vəkil bildirir ki, icbari ödəniş edilirsə, vətəndaşın ən azı kimə etibar edəcəyini seçmək hüququ olmalıdır. Onun fikrincə, diplom və sertifikat minimum standartı göstərir, lakin real peşəkarlıq, təcrübə və pasiyentlə etimad münasibəti müalicənin nəticəsinə birbaşa təsir edir:
“Seçim hüququ olmayan yerdə vətəndaş xidmət alan tərəf deyil, faktiki olaraq məcbur edilən tərəfə çevrilir. Maaşdan tutulan vəsait sədəqə deyil, xidmət haqqıdır və vətəndaş keyfiyyət tələb etmək hüququna malikdir. İcbari tibbi sığorta sistemində biz vətəndaşların həkim seçimi azadlığı faktiki olaraq əlimizdən alınıb. İllərdir tanıdığımız, güvəndiyimiz həkim özəl klinikadadırsa, təəssüf ki, ona müraciət edə bilmirik. Agentlik rəsmi şəkildə bildirir ki, 200 özəl klinika ilə müqavilə var və əgər lazım olan xidmət dövlət xəstəxanasında yoxdursa, vətəndaş özələ yönləndirilə bilər. Amma gəlin görək, reallıq necədir?
Biz bir çox hallarda heç dövlət xəstəxanalarında göstərilməyən tibbi xidmət üçün belə bəzən göndəriş ala bilmirik. Hətta bütün xidmətlərin dövlət xəstəxanalarında mövcud olduğunu qəbul etsək belə, vətəndaşı həkim seçmək azadlığından məhrum etmək doğru deyil. Əgər hər həkimin diplomu var deyə, hər həkim sertifikatlaşdırmadan keçmişdirsə belə, hamısını eyni tərəziyə qoymaq yanlışdır. Diplom bərabərlik göstəricisi deyil. Lisenziya imtahanları sadəcə “minimum standartı” yoxlayır. Lakin tibb təkcə elm deyil, həm də sənətdir. Bir cərrahın anatomiyanı bilməsi ilə onun toxumalarla işləmə incəliyi və anlıq qərarvermə bacarığı tamamilə fərqli şeylərdir. Bu, notları bilən hər kəsin virtuoz bəstəkar ola bilməməsinə bənzəyir. Diaqnoz qoymaq təkcə analiz nəticələrinə baxmaq deyil, xəstəni “duymaq”dır. Bəzi həkimlər xəstəni dinləyir, bəziləri isə sözün hər mənasında “yola verir”.
Müalicədə ən vacib amil inanmaqdır, etimad etməkdir. İnamın olması sağalmağın yarısıdır. Əgər pasiyent həkiminə inanmırsa, şüuraltı müalicəyə müqavimət göstərir. Pasiyentin tam güvəndiyi həkimin təyin etdiyi adi bir vitamin belə, məcburi yönləndirilən həkimin güclü dərmanından daha yaxşı təsir edə bilər. Çünki psixosomatik rahatlıq immuniteti gücləndirir. Seçim haqqı olmayan yerdə xidmət alan tərəf yox, “girov” vardır. Əgər ödəniş qanuna müvafiq şəkildə məcburi tutulursa, deməli, ən azından canımı və sağlamlığımı kimə əmanət edəcəyimi seçmək mənim müstəsna hüququmdur.
Maaşdan tutulan vəsait sədəqə deyil, vətəndaşın büdcəsindən qanunla müəyyən edilən məcburi ödəniş – xidmət haqqıdır”.
Əhalinin özəl klinikalarla bağlı suallarını İcbari Tibbi Sığorta Agentliyinə sorğu olaraq göndərdik.
Qurumdan Musavat.com-a cavab olaraq bildirildi ki, xidmətlərin əsasən dövlət tibb müəssisələri vasitəsilə göstərilməsi sosial ədalət, resurslardan rasional istifadə və sistemin davamlı inkişafı baxımından zəruri hesab olunur:
“Beynəlxalq təcrübədə icbari tibbi sığorta vəsaitləri hesabına tibbi xidmətlərin maliyyələşdirilməsi əsasən dövlət və sistemlə müqavilə bağlamış tibb müəssisələri vasitəsilə həyata keçirilir. Bu baxımdan özəl tibb müəssisələrinə sərbəst və məhdudiyyətsiz müraciətin avtomatik olaraq icbari tibbi sığorta hesabına maliyyələşdirilməsi geniş yayılmış praktika hesab edilmir”.
Afaq MİRAYİQ,
Musavat.com

