Gündəm 

İcra hakimiyyətlərinin bu səlahiyyəti tam alınacaq

Azərbaycan 2026-cı ilin may ayında keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək.

Azərbaycanda Şəhərsalma Forumunun keçirilməsi fonunda şəhərsalma idarəçiliyinin yenidən təşkili məsələsi gündəmə gəlib. Xüsusilə rayon icra hakimiyyətlərinin şəhərsalma ilə bağlı səlahiyyətlərinin bu sahə üzrə ixtisaslaşmış qurumlara verilməsi ehtimalı geniş müzakirə olunur. Bu addım təkcə institusional dəyişiklik deyil, eyni zamanda ölkənin şəhər inkişaf modelinin gələcəyini müəyyənləşdirəcək strateji qərar kimi dəyərləndirilir.

Artıq rayon icra hakimiyyətinin tikinti ilə bağlı bir çox səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. Beləliklə, yerlərdəki “Kiçik padşahlar”ın səlahiyyəti azaldılır.

Proses davam etməlidirmi? Onları nə gözləyir? Rayon icra hakimiyyətlərinin tikintilərlə bağlı bütün səlahiyyətlərinin şəhərsalma ilə bilavasitə məşğul olan quruma verilməsinin hansı nəticələri ola bilər?

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a bildirib ki, 2018-ci ildə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yarandıqdan sonra çoxmənzilli yaşayış binalarının, digər qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı səlahiyyətlər bu quruma verilib. 2018-ci ildən öncə isə rayon icra hakimiyyətlərinin tikintilərlə bağlı sərəncam və icazə vermək hüquqları var idi ki, bu bir çox xoşagəlməz hallara yol açırdı:

“Xüsusən paytaxt Bakı və digər böyük şəhərlərdə tikinti normativlərindən kənar tikililərin inşası, baş plan nəzərə alınmadan aparılan tikinti işləri bu gün Baş Planın qurulmasında böyük problemlər yaradır. Bu vəziyyət bir çox problemlərə yol açıb ki, burada şəhərsalma normativləri tamamən pozulub. Lakin səlahiyyətlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildikdən sonra hər hansı yaşayış binaları və ya qeyri-yaşayış binaları inşa olunarkən binalar arası məsafə, yaşıllıq, avtopark hissələri və digər məsələlərlə bağlı Bakının Baş Planına uyğun araşdırmalar aparılır. Əgər layihə Baş plana uyğundursa o zaman tikintiyə icazə verilir. Fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi səlahiyyətlərinin bir hissəsi rayon icra hakimiyyətlərində qalsa da bununla bağlı da işlər bilavasitə Dövlət Şəhərsalma Arxitektura Komitəsinin nəzarətindədir.

Gələcəkdə digər tikililərə icazə verilməsi səlahiyyətləri də icra hakimiyyətlərindən alınıb Şəhərsalma və Arxitektura Komitəsinə verilərsə artıq bu, tikintilərlə bağlı sorumlu bir qurumun tam formalaşmasına gətirib çıxaracaq”.

Ekspert hesab edir ki, bu addım atılmazsa və tikintilərlə bağlı icazələr bələdiyyələrdə, icra hakimiyyətlərində qalsa bu, yenə də həmin tikintilərin gələcəkdə çıxarışla təmin olunmasında da müəyyən problemlər yarada bilər:

“Ona görə də tikintilərlə bağlı icazələrin ancaq və ancaq bir qurum tərəfindən aparılması şəffaflığa yol aça və tikintilərin normativlərə uyğun şəkildə aparılmasını təmin edər”.

 

Etibar Seyidağa,
Musavat.com

Daha çox xəbərlər