Qarabağda əlilliyi olan 1.8 min şəxsə reabilitasiya xidmətləri göstərilib
“Ötən il Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint”– Reabilitasiya Məntəqəsində əlilliyi olan 1,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 218 şəxsə 1365 reabilitasiya vasitəsi təqdim edilib”.
Musavat.com bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev deyib.
Sədr həmçinin vurğulayıb ki, posmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində müharibə iştirakçısı olan 3747 şəxsə reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2,4 min şəxsə 88,4 min reabilitasiya vasitəsi, 500-dən çox şəxsə 620 ədəd yüksək texnologiyalı protez təqdim olunub.
Ramin Rzayev, həmçinin, Nazirlər Kabinetinin qərarına əsasən əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayının 57-dən 130-a çatdırıldığını deyib. Onun sözlərinə görə ortopedik ayaqqabıların funksionallığını və estetik görünüşünü artırmaq məqsədilə mövcud modellərdən fərqlənən 37 yeni dizaynlı ayaqqabı hazırlanıb.
Xalidə Gəray
Musavat.com

