Elektron siqaretlər qadağan edilir, amma…
Azərbaycanda tütün və tütün məmulatlarından istifadənin tənzimlənməsi məqsədilə qanuan qəbul edilən dəyişikliklər, xüsusilə elektron siqaretlərin satışı ilə bağlı ciddi yeniliklərə gətirib çıxarıb. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, elektron siqaretlərin istehsalı və satışı qadağan edilib. Bu qərarın məqsədi tütün məhsullarının istifadəsinin qarşısını almaq, xüsusilə gənclər arasında tütün istifadəsini minimuma endirməkdir.
Müxtəlif araşdırmalar göstərir ki, elektron siqaretlər bir çox halda ənənəvi siqaretin daha az zərərli alternativi kimi təqdim olunur, ancaq onların da sağlamlığa ciddi təsir edə biləcəyinə dair sübutlar var. Hətta bəzi mütəxəssislər elektron siqaretlərin tütün istifadəsinə səbəb ola biləcəyini və bunun da gənclərin siqaret çəkməyə başlanmasına gətirib çıxaracağını vurğulayırlar.
Lakin elektron siqaretlərin satışının qadağan olunmasının ardınca istehsal və idxal sahəsində qeyri-rəsmi fəaliyyətlərin də artacağı gözlənilir. Qadağaların tətbiqinin, həmçinin yerli istehsalçıların və tütün məhsulları ilə bağlı digər sahələrdə fəaliyyət göstərən sahibkarların fəaliyyətinə də təsir edəcəyi ehtimalı var. Siqaretlərin satışının qadağan olunması sağlamlıq məsələlərinə dair atılmış müsbət bir addım olaraq qiymətləndirilsə də, bazarda qeyri-qanuni fəaliyyətlərin artmaması və yeni qanunların düzgün şəkildə tətbiq olunması üçün ciddi nəzarət və müvafiq tədbirlər tələb olunur.
Bəzi ekspertlər hesab edirlər ki, satışına qadağa qoyulan məhsulların istehsalı və idxalı ilə bağlı açıq qalan suallar var.
İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, elektron siqaret istehsalı ilə məşğul olan sahibkarlara öncədən məlumat verilib və onlara möhlət qoyulub: “Qanun qüvvəyə minən gündən etibarən satışı qadağan edilən məhsulların gömrükdən keçirilməsi mümkün olmayacaq. Kimsə gizli şəkildə elektron siqaretlərin istehsalı və satışı ilə məşğul olmağa cəhd etsə, hüquq-mühafizə orqanları müvafiq tədbirlər görəcək”.
Nigar Həsənli,
Musavat.com

