“Temu”nu Azərbaycan bazarından çıxarmaq ÇAĞIRIŞI
Son illər vətəndaşların müxtəlif məhsulları əldə etmək üçün bir sıra xarici şirkətlərə onlayn müraciətlərinin sayı getdikcə artıb. Həmin xarici şirkətlər arasında xüsusilə də “Trendyol” və “Temu” üstünlük təşkil edir.
Hazırda ölkədə “Trendyol”un nümayəndəliyi fəaliyyət göstərsə də, “Temu” platformasının Azərbaycanda rəsmi ofisi və ya xüsusi fiziki nümayəndəliyi mövcud deyil. “Temu” sifarişləri birbaşa beynəlxalq anbarlardan göndərilir və müştəri dəstəyi yalnız onlayn formada (sayt və ya mobil tətbiq üzərindən) həyata keçirilir. Məhsullar karqo şirkətləri vasitəsilə çatdırılır.
Qeyd edək ki, son günlər ölkədə “Temu” sifarişlərinin idxalı ilə bağlı problemlər müşahidə edilir. Dövlət Gömrük Komitəsi bu istiqamətdə mövcud vəziyyətlə bağlı açqılamasında bildirib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir.
İqtisadçı Razi Abbasbəyli Cebheinfo.az-a bildirib ki, ya “Temu” Azərbaycanda nümayəndəlik açmalıdır, ya da sıxışdırılıb bazardan çıxarılmalıdır: “Əslində mən bunu təqdir edirəm. Yerli investorların marağını qorumaq üçün yaxşı haldır. Burada vətəndaşların mənafeyi müəyyən qədər pozula bilər. Ancaq dövlətin mənafeyi vətəndaşın mənafeyindən daha vacibdir”.

İqtisadçı Eyyub Kərimli isə hesab edir ki, “Temu”nun Azərbaycanda ofisinin açılması rəqabət mühitinin formalaşmasına müsbət təsir göstərə bilər.
Musavat.com-a açıqlamasında vurğulayıb ki, “Trendyol”la müqayisədə “Temu”da qiymətlər nisbətən daha ucuzdur:
“Bu isə istehlakçıların büdcəsinə müsbət təsir göstərə bilər. Təkcə “Temu” deyil, digər onlayn platformaların da ölkəmizdə ofis açması rəqabət mühitini formalaşdırar. Bu da xidmət keyfiyyətinin yüksəlməsinə və qiymətlərin təkmilləşməsinə gətirib çıxara bilər. Eyni zamanda, bu proses istehlakçı hüquqlarının qorunmasına da müsbət təsir göstərə bilər. Bəzi hallarda bu kimi platformalardan əldə olunan məhsulların keyfiyyəti yüksək olmur. Bu zaman vətəndaşlar hüquqlarının qorunması üçün aidiyyəti şirkətlərin yerli ofislərinə müraciət edə bilərlər”.
İqtisadçı Rəşad Həsənov isə qeyd edib ki, Azərbaycanda nümayəndəliyin açılıb-açılmamasından asılı olmayaraq, hazırda onlayn platformalar üzərindən alış-verişin həyata keçirilməsi qanunvericiliyin tələblərinə uyğun icra olunur. Musavat.com-a şərhində ekspert bildirib ki, buna görə də hər hansı hüquqi problemlər və ziddiyyətlər yaranmır: “Müxtəlif onlayn ticarət platformalarının xidmətindən irəli gələn nöqsanların həllində müəyyən çətinliklər ola bilər. Əgər istehlakçı hüquqları pozularsa və şirkət xarici rezidentdirsə, Azərbaycanda heç bir öhdəliyi yoxdursa, müştərilərə münasibətdə hüquq pozuntularına yol verirsə, məsələn, geri qaytarma və ya ödənişin geri ödənilməsi şərtlərinə əməl etmirsə, gecikmələr baş verirsə, bu hallarda müvafiq tədbirlərin görülməsi çətinləşir. Bununla belə, rəqabətli bazar şəraitini nəzərə alsaq, öz nüfuzuna önəm verən şirkətlər adətən bu cür nöqsanlara yol vermirlər.
“Temu”ya gəlincə, bu platforma xidmətin təşkili üsulu və qiymətlərin rəqabətliliyi baxımından önə çıxır. Son illərdə müşahidə olunan yüksək inflyasiya prosesi xüsusilə alıcılıq qabiliyyəti aşağı olan sosial qruplara ciddi təsir göstərib. Bu sosial qrupun əhəmiyyətli hissəsinin “Temu” üzərindən təklif olunan məhsullara üstünlük verməsi başadüşüləndir. Azərbaycan bazarında şirkətin fəaliyyəti məhz bu seqment hesabına ciddi artım nümayiş etdirir. Eyni zamanda, xidmətin sürətli təşkili qısa müddətdə müştəri rəğbətinin qazanılmasına səbəb olub. “Temu”nun Azərbaycanda payını artırmasının digər səbəbi isə rəqib platforma olan “Trendyol”un təklif etdiyi məhsulların cəlbediciliyinin azalmasıdır. Türkiyə bazarında qiymətlərin kəskin artması bu istiqamətdə marağın azalmasına gətirib çıxarıb. Azərbaycanda nümayəndəlik yaradılması şirkətin fəaliyyətini daha da genişləndirə bilər. Bu, həm müştəri hüquqlarının təmin olunması baxımından daha əlverişli mühit formalaşdırar, həm də daha çevik siyasətin aparılmasına imkan yaradar”.
Onun sözlərinə görə, eyni zamanda, yerli şirkətlərlə əməkdaşlıq və kommunikasiya imkanları da asanlaşar: “Bununla belə, əgər şirkətin hələlik orta müddətli dövrdə Azərbaycanda nümayəndəlik açmaq, xərcləri kompensasiya etmək və resurs ayırmaq planı yoxdursa, “Temu”nun Azərbaycan bazarındakı fəaliyyətinin məhdudlaşdırılması bazarın liberallaşdırılması baxımından arzuolunan deyil. Bu, dolayısı ilə ölkə daxilində qiymətlərin, xüsusilə qeyri-qida məhsullarının bahalaşmasına əlavə təzyiq yarada bilər ki, mövcud şəraitdə bu, hökumət üçün əlverişli hesab olunmur”.
Nigar HƏSƏNLİ,
Musavat.com

