Mediada müharibə “azarkeşliyi”
İnsanlar bir tərəfdən yenidən eyni ağrını yaşamaqdan qorxur, digər tərəfdən isə…
Müharibə xəbərləri, hərbi qarşıdurmalar və geosiyasi böhranlar uzun illərdir medianın əsas gündəm mövzularındandır. Maraqlıdır ki, real təhlükə uzaqda olanda belə, cəmiyyət gərgin, qorxu və həyəcan yaradan xəbərləri daha çox oxuyur, izləyir və paylaşır.
Bu meyl təkcə informasiya aclığı ilə deyil, insan psixologiyası və müasir media mexanizmləri ilə birbaşa bağlıdır. Müharibə təcrübəsi yaşamış cəmiyyətlərdə bu mövzuya həssaslıq daha yüksək olur. Keçmiş travmalar, itkilər və kollektiv yaddaş gərgin xəbərlərə marağı artırır. İnsanlar bir tərəfdən yenidən eyni ağrını yaşamaqdan qorxur, digər tərəfdən isə “hazır olmaq” ehtiyacı hiss edir. Bu psixoloji vəziyyət medianın təsirini daha da gücləndirir. Nəticə olaraq, cəmiyyətin gərgin xəbərlərə aludə olması təbii psixoloji mexanizmlərdən qaynaqlansa da, bu meyl media tərəfindən gücləndirilir. Balanslı informasiya mühiti isə həm medianın peşəkarlığından, həm də oxucunun şüurlu seçimindən asılıdır.
Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, media cəmiyyətdə daha çox sülh ovqatı yaratmalıdır:

“Beynəlxalq statuslu jurnalist təşkilatlarının koordinasiya platformalarından olan “Free Press Unlimited” öz hesabatında qeyd edir ki, cəmiyyətlərin sülh ovqatına köklənməsində medianın rolu önəmlidir. Məlumat gücdür, ictimai rəyə təsir edir. Media məlumat yaymaq gücündən istifadə edərək cəmiyyətlərdə sülh ovqatının möhkəmləndirilməsinə çalışmalıdır. Yəni sülh uğrunda çalışmaq beynəlxalq sənədlərdə medianın əsas missiyalarından biri kimi müəyyən edilir. Təbii ki, bütün bu deyilənlər medianın müharibə mövzusuna toxunmasını, mövzu üzrə materiallar yaymasını istisna etmir. Əksinə, mövcud olan və ya ehtimal olanan müharibələr barədə məlumat yaymaq medianın işidir. İnsanlar media üzərindən mövcud və ehtimal edilən müharibələr barədə məlumat almalı, özlərini bu problemdən qorumaq üçün bilgili olmalıdırlar”.
Ekspert deyir ki, problem bu mövzuda yazmaqda yox, necə yazmaq məsələsindədir: “Təəssüf ki, digər məsələlər kimi, müharibə mövzusu da bəzi informasiya istehsalçıları tərəfindən sui-istifadə olunur. Sensasiya yaratmaq, auditoriya toplamaq üçün manipulyasiya edilir. Bu yanaşma, gərginlik, təşviş yaradır, cəmiyyətlərdə neqativ ovqat formalaşdırır. Yanlış olan budur ki, hansısa media qurumu müharibə barədə cəmiyyətə zəruri bilgiləri deyil, manipulyativ xəbərləri çatdırır. Yaxud xüsusi qəsdi olmasa belə, qeyri-peşəkar formada hazırladığı xəbərlərlə cəmiyyəti çaşdırır.
“Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və münaqişə hesabatı”nda vurğulanır ki, medianın sülhyaratma prosesində normal iştirakını təmin etmək üçün media subyektlərinin və jurnalistlərin bu mövzuda vərdişləri formalaşmalıdır. Onlar ilk növbədə sülhyaratma prosesində iştirakları barədə nəzəri biliklərə sahib olmalı, təlimatlandırılmalıdırlar. Məncə, problem bu nöqtədən başlayır. Təəssüf ki, hər yerdə müharibələrin, münaqişələrin mövcud olmasına baxmayaraq, “münaqişələrdən yazmaq barədə məlumatlandırma” işi görünmür. Yetərli qədər təlimlər keçirilmir. Bu, medianın sülh mövzusuna yanaşmasına zərər verir.
Digər tərəfdən, sosial şəbəkələr işi daha da çətinləşdirir. Məsələn, 44 günlük müharibə dövründə və ya ondan sonrakı proseslər fonunda sosial şəbəkə platformaları çoxsaylı problemlər yaratdılar. Hətta məcburiyyət qarşısında bu platformalardan bir neçəsinin, o cümlədən TikTok-un fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edildi. Fikrim budur ki, Azərbaycanda peşəkar medianın sülh və müharibə mövzusuna yanaşması normaldır. Amma sosial şəbəkə platformaları barəsində bu sözü demək olmar. Onlar nəinki müharibə dövründə, hətta sülh şəraitində də problemlər yaradır, müharibə mövzusunu sui-istifadə edirlər. Məncə, bu istiqamətdə müəyyən ölçülərin götürülməsi zərurətə çevrilir”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

