Aşımıza “soyuq su tökənlər” – mətbəximiz geridə
Tahir Əmiraslanov: “Azərbaycan mətbəxinin təqdimatı və təbliğatı doğru, peşəkar və sistemli şəkildə qurularsa…”
“World Population Review” ənənəsinə sadiq qalaraq, bu il də dünyanın ən ləzzətli yeməklərinin siyahısını dərc edib. Siyahıya görə, birinci yeri Yunanıstan mətbəxi tutub. Ümumilikdə, 99 ölkənin daxil edildiyi siyahıda ilk sıralarda İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin yer alıb.
Rusiya bu siyahıda 34-cü yerdə qərarlaşıb. Həmçinin Gürcüstan 30, Ukrayna 43, Belarus 75, Litva və Latviya müvafiq olaraq 39-cu və 78-ci, Azərbaycan isə 56-cı yerdədir. Siyahının 92-ci və 93-cü yerlərində Ermənistan və Qazaxıstan qərarlaşıb. Nikaraqua, Laos və Boliviya isə siyahıda son üç yeri tutub.
Qeyd edək ki, “World Population Review”, sadəcə, ölkələrin əhali sayı ilə bağlı məlumat verən sayt deyil, bu, dünya haqqında müxtəlif statistik göstəricilər, analizlər və reytinqlər təqdim edən böyük onlayn məlumat bazasıdır. Əsas məqsədi məlumatları asan oxuna bilən və vizuallaşdırılmış formada təqdim etməkdir – təkcə demoqrafik məlumatı deyil, həm də sosial, mədəni, iqtisadi və maraqlı faktları göstərə bilir.
“World Population Review” çox vaxt yalnız rəsmi statistika yox, həm də maraqlı və geniş auditoriyanı cəlb edən “fun data” (əyləncəli məlumatlar) hazırlayır. Bu tip reytinqlər aşağıdakı səbəblərdən hazırlanır:
Mədəniyyət və həyat tərzi ilə bağlı göstəricilər – saytda ölkələrin müxtəlif mədəni göstəricilərinə baxılır və qiymətləndirilir, məsələn, “dünyanın ən dadlı və ən dadsız mətbəxi” kimi reytinqlər məhz bu kateqoriyaya daxil ola bilər.
“World Population Review” bu tip reytinqlərdə əhali statistikası kimi rəsmi mənbələrdən çox çaşqınlığa səbəb olmayan, lakin mədəni və sosial müqayisələr aparan məlumatları toplamaq üçün müxtəlif onlayn mənbələr, sorğular və statistik göstəricilərdən istifadə edir. Bu məlumatlar bəzən böyük sorğulardan, bəzən isə online restoran reytinqləri, mədəni auditoriya fikirləri və digər qeyri-ənənəvi mənbələrdən əldə oluna bilər – buna görə də reytinqlər rəsmi hökumət statistik reytinqləri kimi ciddi metodologiyaya malik olmaya da bilər. Yəni bu reytinq nə dərəcədə etibarlıdır?
Mövzu ilə bağlı Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) keçmiş baş direktoru, “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov “Yeni Müsavat”a danışıb.
![]()
Mütəxəssisin fikrincə, bu məsələdə hər şey təqdimatdan asılıdır: “Xatırlatmaq istəyirəm ki, 2022-ci ildə mən işdən çıxarıldım. Həmin vaxta qədər erməni irsi ilə bağlı portalda bir dənə də olsun Azərbaycan xörəyi var idimi? Yox idi. Lakin sonra 200 Azərbaycan xörəyini öz adlarına sahiblənib, həmin platformada yerləşdirdilər. O vaxta qədər isə vəziyyət belə idi ki, bizim hər hansı yeməyimiz ora yerləşdirilən kimi etiraz edirdik və maksimum 8 gün sonra həmin material silinirdi. Bu fakt özü göstərir ki, məsələ təkcə yeməklərin mövcudluğu deyil, onların necə təqdim olunması, necə qorunması və necə təbliğ edilməsidir.
Bu baxımdan, hesab edirəm ki, əsas iş təbliğat və təqdimat üzərində qurulmalıdır, formal layihələrə və nəticəsiz xərclərə yox… Azərbaycan mətbəxi həqiqətən də çox zəngindir. Hətta deyərdim ki, dünya mətbəxləri arasında reytinqdə birinci yerə layiqdir. Lakin bu mətbəxi “geyindirib-keçindirib” dünya qarşısına çıxaran, onu peşəkar şəkildə təqdim edən olmalıdır.
Milli kulinariyadan mən ayrıldıqdan sonra son 3-4 il ərzində bir neçə direktor dəyişib. Onların heç biri bu sahənin peşəkarı olmayıb. Bu sahəni bilən adamlara yox, tamam başqa sahələrdən gələn şəxslərə həvalə edilib. Halbuki kulinariya və qastronomiya çox spesifik, bilik, təcrübə və beynəlxalq əlaqələr tələb edən bir sahədir.
Digər tərəfdən, Turizm Agentliyinin nəzdində qastroturizm istiqaməti var. Onlar da bu sahədə daha fəal işləməlidirlər. Gürcüstan və digər qonşu ölkələr qastroturizmlə bağlı çox sistemli və məqsədyönlü iş aparırlar və bunun real nəticəsini də görürlər”.
Tahir Əmiraslanov qeyd edib ki, hər bir reytinq qurumunun özünəməxsus maraqları, turizm və iqtisadi əlaqələr baxımından üstünlük verdikləri ölkələr olur: “Reytinq sorğularına gəlincə, bu sahədə fəaliyyət göstərən bir neçə nüfuzlu beynəlxalq reytinq strukturu var. Mən çalışdığım dövrdə dünyanın 50 nüfuzlu restoranının yer aldığı reytinq platformaları ilə müəyyən işlər aparmışdım və bu, ölkəmiz üçün xeyli fayda vermişdi. Müxtəlif təşkilatlar reytinqlər keçirirlər və hər kəsə məlumdur ki, onların da müəyyən maraqları, turizm və iqtisadi əlaqələr baxımından üstünlük verdikləri ölkələr olur. Həmin təşkilatlarla sistemli və peşəkar şəkildə işləmək lazımdır. Hər təşkilatın öz qaydaları, strukturu və qərarverici qrupu var. Həmin qruplar da təbii olaraq çalışırlar ki, öz ölkələrinə və tərəfdaş olduqları ölkələrə daha çox üstünlük qazandırsınlar. Bu baxımdan belə reytinqlərdə yüzfaizlik obyektivlikdən danışmaq mümkün deyil”.
Mütəxəssis Yunanıstan mətbəxinin birinci sırada yer almasına isə bu cür mövqe bildirib: “Əlbəttə, Yunanıstan mətbəxinin böyük bir hissəsinin kökündə türk mətbəxi dayanır. Digər tərəfdən, bu mətbəx çox qədim tarixə malikdir və ən əsası, onun təqdimatı və təbliğatı illərlə sistemli şəkildə aparılıb. Nəticədə də bu gün birinci yerləri tuturlar. Amma Azərbaycan mətbəxi də son dərəcə zəngin, dadlı və köklü mətbəxdir. Hesab edirəm ki, onun təqdimatı və təbliğatı doğru, peşəkar və sistemli şəkildə qurularsa, Azərbaycan mətbəxi öz gücünə, kökünə və potensialına görə dünya reytinqlərində birinci yerlərə layiq görülə bilər”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”

